İstefa iyi gəlir...

Dördüncü tur gərginliyi ilə əvvəlkiləri də geridə qoyacaq. Keçiriləcək 5 matçın yalnız 2-nin nəticəsini əvvəlcədən proqnozlaşdırmaq olar. Ötən turu qələbəylə başa vuran "Xəzər-Lənkəran" Rasim Karanın rəhbərliyi altında ilk ev matçına çıxacaq ki, NBS-nin 15 min azarkeş önündə özünü itirməməsi qeyri-mümkündür. Rəqib təcrübəsizdir və elitaya ilk dəfə çıxıb. Bu da meydan sahiblərinin qələbə şanslarını artırır. Son həftələr heyətə 3 legioner qatan "Xəzər-Lənkəran"ın bir üstünlüyü də psixoloji gərginliyi arxada qoymasıdır. "Bakılı"nı 3:1 udandan sonra Karanın rəngi açılıb, şübhələr və bədbin düşüncələr içərisində baş sındırmır. "Olimpik"in də ardıcıl qələbə qazanmaq ehtimalı böyükdür. Turdan-tura oyununu yaxşılaşdıran "təyyarəçilər"in qol vurmaq problemi "əriyib". Leandro Qomeş gələndən sonra univan Suaresdən asılılığını azaldan Əsgər Abdullayevə vaxt lazım idi ki, yavaş-yavaş oyun sistemini formalaşdırsın. Bu da alınır. "Bakılı"da isə işlər əks istiqamətdə gedir. Maliyə imkanlarının zəifliyi futbolçu və məşqçi korpusunun əlini işdən soyudub. Birinci dəstə səviyyəli futbolçuların üstünlük təşkil etdiyi komandada Mobil oyundan söhbət getmir. Normal şəraitin olmaması üzündən Nadir Qasımovun işi görünmür.
İlk 3 turdan 0 xalla çıxan MOİK "Turan"la görüşə dönüş nöqtəsi kimi baxır. Qəhrəman Əliyevin komandası uduzduğu matçlarda heç də pis təsir bağışlamasa da, şanssızlığın qurbanı olub. "Turan"da baş verənlər "hərbçilər"in işini asanlaşdırmalıdır. Baş məşqçi Mustafa Yılmazla rəhbərlik və futbolçular arasında yaşananlar kollektiv daxili ab-havanı korlayıb ki, nəyin necə olacağı hələ bilinmir. MOİK-də sakitlikdir. Növbəti xal itkisi onları da yerindən tərpədə bilər.
Anatoli Demyanenkonun gedişi "Neftçi"yə necə təsir göstərəcək? Bunu "Simurq"la oyun deyəcək. Adətən baş məşqçi dəyişikliyi olanda komanda daxilində ab-hava da dəyişir. Ya pisliyə, ya yaxşılığa. Zaqatala komandası səfərdə oynasa da, psixoloji üstünlüyə yiyələnib. "Neftçi"nin dərdi tək yeni sükançı deyil. Rəşad Sadıqov və Rail Məlikov millidən yorğun dönüb, Aleksandr Çertoqanov, Svetoslav Stepanov, Zaur Tağızadə zədəsini indi-indi sağaldır, Samir Əliyevin isə nə vaxt sıraya dönəcəyi məlum deyil. Üç tura maksimum xal toplayıblar və ən əsası, "Neftçi"yə qarşı necə oynamaq lazım gəldiyini bilirlər. Roman Pokoranın məqsədi "İnter"i ən azından 1 xalla sevindirməkdir ki, belədə müdafiəyönlü taktika qurmaları şəksizdir. Açıq futbol qonaqları məhvə apara bilər və yəqin ki, Pokora ənənəvi futbol fəlsəfəsindən əl çəkməyəcək.
Ötən tur Qurban Qurbanovun yanlış heyət və taktika seçimi üzüundən "Standard"a uduzan "Qarabağ" ondan gözlənilən oyunu sərgiləmir. Rasim Karanın ilyarım ərzində formalaşdırdığı futbol fəlsəfəsindən imtina etməli olan ağdamlılara Qurbanovun etdiyi yeniliklər mücərrəd gəlir. Emin İmaməliyevi müdafiənin sağ cinahına çəkən Qurban bəyin Artim Şakirəyə Zaur Ramazanovu hava toplarıyla təmin etməyi tapşırması qədər anlaşılmazdır. Növbəti xal itkisi Rasim Karanın xələfinin taxtını laxlada bilər. Çempionluq uğrunda mübarizə apardıqlarını bildirən rəhbərlik, hər cür şərait yaratmalarına rəğmən, havaya uçan 5 xaldan sonra yaman səbirsizləşib. "Bakı"da işlər nisbətən yaxşıdır. Fariz Yusifovun tərəfkeşliyi üzündən "İnter"i məğlub edə bilməyən paytaxt təmsilçisi oyun keyfiyyəti baxımından rəqibindən bir baş üstündür. Aleksandr Qoqaberaşvili "Bakı" - "Qarabağ" marşurutu üzrə hərəkət edib ki, gürcü narazı qaldığı Qyoko Hacıyevskiyə özünü göstərmək şansı yaxalayıb. Qonaqların bir özəlliyi var ki, bu da bəzən açıq, bəzən qapalı futbol oynamasıdır. Maraqlı və sərt oyun keçəcəyini güman edirik.
Qaldı "İnter"ə, "Qəbələ" ilə qarşılaşmanın qiyməti 6 xaldır. Diri 6 xal. Hər iki komanda qarşısına yüksək hədəflər qoyduğundan, prinsipial rəqibdirlər. Ötən mövsümün son turunu - "İnter"in 4:0-lıq qələbəylə tarixində ilk dəfə ölkə çempionu adını qazandığı matçı, sözsüz, Ramiz Məmmədov unuda bilməz. İrakli Vaşakidzenin "oyunbazlığı" üzündən darmadağına məruz qalan "Qəbələ"nin revanş çıxmaq imkanı artıb. Əvvəla, heyət ikiqat güclənib və hakimlik sarıdan da problemlər aradan qalxıb. Qəbələdə keçirilən iki həftəlik təlim-məşq toplanışı əlinə fit götürənlərin şimallılara münasibətini 180 dərəcə dəyişib. De-fakto.
Hamı bu fikirdədir ki, "Standard" cari mövsümün ən sürpriz iştirakçısıdır. "Neftçi" və "Qarabağ" üzərində qələbələr təsadüfi yox, məqsədyönlü görülən işlərin bəhrəsidir, Düzgün transferlər və Kaxaber Çxadadzenin məşqçilik bacarığı vəhdət təşkil edir ki, nəticədə ümumi ansambl yaranıb. Baxımlı oyuna sürət və taktiki rəngarənglik də əlavə olunub. Çxadadze indi qarşılaşacağı sələfi Yunis Hüseynovun futbol anlayışının üstündən xətt çəkməyib, sadəcə, bəzi improvizasiyalara əl atıb ki, o da yaxşı alınır. Hazırda Premyer Liqa iştirakçıları arasında ən gözəl oyunu "bakılı bankirlər" nümayiş etdirir ki, ehtiyat skamiyanın uzunluğu gürcü baş məşqçinin əl-qolunu açır. "Karvan" da ondan geri qalmaq istəməz. Amma qalır. Ən azından, "Standard" seleksiya işində daha tədbirli tərpənib. Düzdür, yevlaxlılar paytaxt komandasından vitali Kovalyov, Ruslan Qafitullin, Anatoli Doroş, Tural Nərimanov və Anar Həsənovu düşərgəsinə gətirib və onların daha aqressiv oynaması gözləniləndir. Di gəl, səviyyəli legioner sarıdan Yunis bəy istədiyi transferləri həyata keçirə bilməyib. Oyun iki baş məşqçidən hansının daha güclü olması sualına birdəfəlik aydınlıq gətirməlidir.
1.Simurq 3 3 0 0 6-2 9
2.Bakı 3 2 1 0 2-0 7
3.Qəbələ 3 2 0 1 7-2 6
4.Karvan 3 2 0 1 3-1 6
5.Standard 3 2 0 1 3-4 6
6.İnter 3 1 2 0 4-1 5
7.Olimpik 3 1 2 0 3-2 5
8.Qarabağ 3 1 1 1 4-4 4
9.Xəzər-Lənkəran 2 1 0 1 3-2 3
10.Neftçi 3 1 0 2 1-2 3
11.NBC 3 1 0 2 3-6 3
12.Turan 2 0 0 2 1-4 0
13.Bakılı 3 0 0 3 2-7 0
14.MOİK 3 0 0 3 0-5 0
Bombardirlər: 3 - Fərzad Hatəmi, 2 - Kənan Kərimov (hər ikisi - "Qəbələ"), David Bolkvadze, Vladimir Mazyar, Elşən Məmmədov (hər üçü - "Simurq"), Süleyman Kamara ("Karvan"), Leandro Qomeş ("Olimpik"), Fərhadoviç ("Qarabağ").
Qeyd: "Neftçi" - "Simurq", "Bakılı" - "Olimpik" görüşlərini Az.TV canlı yayımlayacaq.
"Xəzər-Lənkəran" - NBC
30 avqust. Lənkəran. Şəhər stadionu. Saat 20:00
Hakimlər: Ceyhun Haşımov, Habil Əliyev, Vasif Məmmədov, Ramiz Əhmədov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
"Neftçi" - "Simurq"
30 avqust. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:00
Hakimlər: Fariz Yusifov, Roman Vasilyev, Vaqif Musayev, Fuad Həsənov.
Hakim-inspektor: Nüvər Xasıyev.
AFFA nümayəndəsi: Bəşir Əliyev.
"İnter" - "Qəbələ"
30 avqust. "Şəfa" stadionu. Saat 19:00
Hakimlər: Azad Mütəllimov, İqor Şpakovski, Akif Adıgözəlov, Zöhrab Qədiyev.
Hakim-inspektor: Azad Feyzullayev.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
"Qarabağ" - "Bakı"
30 avqust. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 18:00
Hakimlər: Babək Quliyev, Azər Əsgərov, Eldar Nağıbəyov, Hacıəli Ağayev.
Hakim-inspektor: Kərim Ağayev.
AFFA nümayəndəsi: Əziz Əliyev.
MOİK - "Turan"
31 avqust. "Şəfa" stadionu. Saat 19:00
Hakimlər: Rasim Məmmədov, Mehman Mahmudov, Vaqif Ayvazov, Rauf Cabbarov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
"Karvan" - "Standard"
31 avqust. Yevlax. Şəhər stadionu. Saat 18:00
Hakimlər: İmanxan Sultani, Emil İsgəndərov, Əliyar Ağayev, Elçin Məmmədov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
AFFA nümayəndəsi: Nizami Şərifov.
"Bakılı" - "Olimpik"
31 avqust. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18:00
Hakimlər: Rövşən Əhmədov, Səbuhi Əmrahov, Rauf Məmmədov, Əli Əliyev.
Hakim-inspektor: Məmmədəli Məmmədov.
AFFA nümayəndəsi: Vaqif Məmmədov.