
İtaliya "A" Seriyasının oyunlarına bu gün start veriləcək. Əvvəlki iki illə müqayisədə daha güclü rəqabətin olacağı proqnozlaşdırılan 2008/2009 mövsümü bir çox analitiklər tərəfindən kalçonun reabilitasiyası baxımından həlledici mərhələ daşıyır. Belə ki, "kalçopoli" prosesindən sonra "İnter"in şəksiz hegemonluğu ilə müşahidə olunan son dönəmlər "A" Seriyası dünyanın ən güclü çempionatı statusunu birmənalı şəkildə itirib. Yaranmış vəziyyətin müsbətə doğru getməsi üçün yeni mövsüm keçid etapı rolunu oynamalıdır.
Reabilitasiyanın başlanğıcı, yoxsa?
Ekspertlər "A" Seriyasının güclənməsini şərtləndirə biləcək amilləri üç istiqmətdə nəzərdən keçirirlər. Bu baxımdan daxili rəqabətin güclənməsi, qüvvələr nisbətində tarazlığın gözlənilməsi ilkin şərt qismində çıxış edir. Favoritlərdən birinin böyük xal fərqi ilə ilk sırada qərar tutması və digər oxşar hallar isə çempionata marağın əvvəlki illərdən artıq olmamasına səbəb ola bilər ki, bu da mümkün reabilitasiya prosesinin ilkin etapda dayandırılması demək olardı. Digər tərəfdən, "Fiorentina", "Napoli", "Udineze", "Palermo" kimi nəhənglərlə aşağı təbəqə arasında mövqe tutan klubların güclənməsi və alt sıralara yuvarlanmaması da "A" Seriyasının səviyyə etibarı ilə yüksəlməsinə zəmin yarada bilər. Eyni zamanda top klublarda çıxış edən "ulduz" oyunçuların Apennində qalması kalçonun nüfuzunun bərpası baxımından önəmlidir. Yuxarıda qeyd edilən şərtlərin təmin edilməsi federasiyanın və ya hər hansı digər qurumun direktivləri əsnasında deyil, təbii şəraitdə, ədalətli mübarizə əsasında olmalıdır. Sözsüz ki, bu baxımdan keçən mövsümün ikinci dövrəsinin əvvəllərində "İnter"in xal fərqini artırmasına səbəb olan hakim səhvlərinin aradan qaldırılması zərurətini də unutmaq olmaz.
"4+1"
Mütəxəssislər cari mövsüm Skudettoya namizəd olan klubların nəzərdən keçirilməsi zamanı əvvəlki illərlə müqayisədə nisbətən fərqli "formula"nın tərəfdarı qismində çıxış edirlər. Belə ki, "İnter", "Roma", "Yuventus", "Milan"dan ibarət olan dördlüyün üzvləri ilə digər klubların arasında uçurumun açıq-aydın müşahidə olunduğu ötən mövsümlərlə müqayisədə bu il "A" Seriyasında nisbətən fərqli mənzərə mövcuddur. Sözügedən yenilik son zamanlar ciddi proqresə nail olan "Fiorentina"nın İtaliyanın nəhənglərdən ibarət qruplaşmasına yaxınlaşması ilə bağlıdır. Yeni mövsümdə ÇL-da iştirak edəcək klubun Çeki Qori dövründən düşdüyü böhrandan çıxması, yeni transferləri "A" Seriyasının favoritlərinin təhlilində "4+1" anlayışının ortaya çıxmasını şərtləndirir. Qeyd edilən formulanın əsas hissəni təşkil edən 4 klubun imkanların gəlincə, onlardan hər biri ilə bağlı spesifik məqamlar var. Ölkə çempionu "İnter" "A" Seriyasında bu il birinciliyə ən real namizədlərdən olsa da, Avropa arenasında uğur qazanmaq zərurəti "nerazurra"nın son iki ildə müşahidə olunan yerli uğurlarının təkrarlanmamasına şərait yarada bilər. Unutmaq lazım deyil ki, komandanın Mourinyodan əvvəlki çalışdırıcısı Roberto Mançini məhz ÇL-dakı fiaskoya görə vəzifəsindən uzaqlaşdırılmışdı. Və bu məqam yeni mövsümdə nisbi də olsa, əsas diqqətin beynəlxalq arenaya yönəldiləcəyini sübut edir. Son dönəmlər "İnter"in daimi izləyicisi olan "Roma"nın bu ilki Skudetto perspektivləri kifayət qədər parlaq görünür. Mövsümöncəsi iki əsas transfer məqsədindən birinə, Baptiştanın alınmasına (digəri Mutu ilə bağlı idi) nail olan "canavarlar"ın rəqabətə tab gətirmək baxımından daha yetkin olacaqları güman edilir. Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, yeni şəraitdə "Roma", "Yuve" və "Milan"ın güclənməsi ilə daha kəskin mübarizə mühitində olacaq. "Byankonerlər" də yeni mövsümün əsas favoritlərindən hesab edilir. Əgər keçən il klubun əsas qayğısı ÇL-na vəsiqə verən zonaya düşməklə bağlı idisə, indi hədəf daha böyükdür və strategiya birinciliyə hesablanıb. "Rossonerlər"ə gəlincə, digər nəhənglərlərdən fərqli ÇL-da iştirak etməmələri səbəbindən yerli çemionatda daha sərbəst mübarizə aparmaq imkanlarının olması, yeni transferlər "Milan"ın şanslarını artırır.
Start oyunları
"A" Seriyasının ilk turu çərçivəsində keçiriləcək oyunlar içərisində "Roma"-"Napoli", "Fiorentina"-"Yuventus" qarşıdurmaları mərkəzi oyunlar qismində təsnif oluna bilər. Bəzi mütəxəssislər tərəfindən "cənub derbisi" adlandrılan ilk qarşıdurma hər iki komanda üçün prinsipial əhəmiyyət daşıyır və birinci turun ən məhsuldar matçı olmağa namizəddir. Belə ki, "Olimpiko"da baş tutan keçənilki qarşıdurma 4:4 hesabı ilə yekunlaşmışdı və həmin ssenarinin təkrarlanacağına ehtimal böyükdür. "Fiorentina" - "Yuventus" dueli də keçmiş hesabların həll edilməsi baxımından maraq doğurur. Start turunun digər oyunları aşağıdakılardır: "Atalanta" - "Syena", "Kalyari" - "Latsio, "Katanya" -"Cenoa", "Milan" - "Bolonya", "Sampdoriya" - " İnter", "Torino" - "Leççe", "Udineze" - "Parma".