
Niderland futbolu dünyada əsasən bir xüsusiyyətinə görə tanınır - Avropaya istedadlı futbolçuları "ixrac etmək". "Zambaqlar ölkəsi"ndə bu ənənə tarixən olub, indi də davam edir. Təkcə "Ayaks" futbol akademiyasının adını çəkmək kifayətdir. Avropanın aparıcı klbularını daim istedadlı oyunçularla təmin edən Niderland indi də ənənəsinə sadiq qalıb.
İndi sizlərə təqdim edəcəyimiz futbolçular Avropanın aparıcı klublarına üz tutan oyunçulardır. Eyni zamanda Niderlandda klub dəyişənlərdir. Hansı ki, hamısı Niderland futbol məktəbinin yetirmələri hesab olunurlar. Etiraf edək ki, əksəriyyəti kifayət qədər tanınmış, istedadlı simalardır. Yəni, onları təkcə Niderlandda deyil, digər ölkələrdə də tanıyırlar.
Mirələm Süleymani, "Herenveen" - "Ayaks", 16 milyon avro
Süleymani adı çoxlarına tanış gəlməsə də, Niderlandda kifayət qədər məşhur futbolçudur. Çox güman ki, "Ayaks"la müqavilə imzalayan istedadlı futbolçu bir neçə müddətdən sonra Ruud van Nistelrooy, Yon Dal Tomasson, Olbak, Samaras, Pranyiç, Afonso Alveş və Yıldırım kimi tanınacaq. Çünki adları çəkilən bu simalar məhz bir vaxtlar "Ayaks"ın şərəfini qoruyublar. 19 yaşlı serb-alman qatışıqlı müsəlman bu mövsüm "Ayaks"ın transfer etdiyi ən bahalı futbolçudur. Misal üçün deyək ki, bir vaxtlar "Liverpul" Rayan Babbeli Niderlanddan gətirəndə 16 milyon avro pul ödəmişdi. İstedadlı hücumçu kimi tanınan Süleymaninin özəlliyi ondan ibarətdir ki, ön xətdə əlinə keçən fürsəti nadir halda qaçırır. Təsadüfi deyil ki, ötən mövsüm 21 qarşılaşmada "Herenveen"in şərəfini qoruyub və 14 görüşdə rəqib qapıçılarını məyus edib. Bundan başqa, bir neçə qol ötürmələrinin müəllifidir. Mövsümün sonunda Avropanın aparıcı klubları maraqlansa da, Mirələm Niderlanddan ayrılmaq istəmədi. Özünün dediklərinə görə, aparıcı klubların heyətinə qoşulmaq hələ tezdir. 19 yaşı var və aparıcı klublarda çıxış etməyə hazır olmağı üçün təcrübəsini artırmalıdır. Digər tərəfdən "Ayaks"ı heç də tanınmış komandalardan zəif saymır. Son illərə nəzər salmasaq, Süleymaninin fikirləri ilə razılaşmaq lazımdır. Ümumiyyətlə, Niderland futbol məktəbinin öz dəsti-xətti, ənənəsi olub.
Cefferson Farfan, PSV - "Şalke", 10 milyon avro
Hələ ötən mövsümün yayında axtarışlarını davam etdirən "Şalke" skautları PSV-də çıxış edən Farfanın oyununu bəyənmişdilər. Bundan başqa, tərəflər arasında ilkin razılıq da əldə olunmuşdu. Lakin Niderland klubunun rəhbərliyi sonradan fikrindən daşındı. Ötən mövsümə qədər Niderland futboluna yaxından bələd olan, hazırda "Şalke"nin baş məşqçisi vəzifəsində çalışan Fred Rutten hələ "Tvente"də işlədiyi vaxtlarda istedadlı hücumçunu gözaltı etmişdi. Helzenkirhen Eyndhovenə ünvanladığı budəfəki məktub müsbət cavablandı və beləliklə, PSV rəhbərliyi Farfanın "Şalke"yə satılmasının əleyhinə çıxmadı. Forvardın Niderlanda gəlişi 4 il əvvələ təsadüf edir. Buna qədər Peruda çıxış edib. Son zamanlar elə də üzdə olmamasının səbəbi 2006/2007-ci illər mövsümünün sonunda ciddi zədə almasıdır. Yarım ilə yaxın futboldan kənar qalan Farfan artıq uğursuz günlərini arxada qoyub və Almaniya klubunun uğurları üçün əlindən gələni etməyə hazırdır.
Eurelio Qomeş, PSV - "Tottenhem", 8 milyon avro
İstedadlı qapıçının Niderlanda gəlişi hələ Quus Hiddinkin vaxtına təsadüf edir. Braziliyalı kiper uzun müddətdir PSV-nin əvəzolunmaz qapıçısıdır. 27 yaşlı Qomeşin çıxışlarını çox izləmək imkanımız olmasa da, bundan sonra işimiz bir qədər asanlaşacaq. Çünki təcrübəli əlcək sahibi artıq İngiltərə Premyerliqasındadır. Bundan sonra "Tottenhem"in uğurları üçün çalışacaq.
Conni Heytinqa, "Ayaks" - Atletiko, 15 milyon avro
"Ayaks" futbol məktəbinin daha bir yetirməsi Niderland yığmasının üzvü Heytinqadır. İstedadlı futbolçu Avropanın top klublarının marağında olsa da, karyerasını "Atletiko"da davam etdirmək qərarına gəldi. Klub rəhbərliyi iddialı açıqlamaları ilə bildirirlər ki, Heytinqanı "Real", "Mançester Yunayted" kimi nəhəng klublardan birinə satacaqlar. Amma 24 yaşlı futbolçu yekunda Madrid klubuna üstünlük verdi. Etiraf etmək lazımdır ki, keçid məbləği yüksək qiymətləndirilməlidir. Hər halda 15 milyon avro Heytinqanın buna layiq olmasından xəbər verir. Niderland yığmasının heyətində nümayiş etdirdiyi baxımlı oyunları İspaniya primerasında da təkrarlayacağına şübhə yoxdur. Müdafiəçi olmasına baxmayaraq, tez-tez hücuma qoşulması ilə seçilir. Təsadüfi deyil ki, ötən mövsüm 9 dəfə rəqib qapıçıları cəzalandırıb.
Orlando Engelaar, "Tvente"- "Şalke", 5,5 milyon avro
Niderland yığmasının daha bir üzvü, 29 yaşlı təcrübəli müdafiəçi Engelaar da bu mövsüm Avropaya üz tutanlardandır. Transfer bazarında niderlandlı futbolçuları cəlb etməkdə seçilən "Şalke"nin növbəti təmsilçisi Engelaar olacaq. 197 sm boya malik müdafiəçinin keçidi helzenkirhenlilərə 5,5 milyon avroya başa gəldi. "Tvente"yə qədər "Feyenoord" və "Breda"nın şərəfini qoruyub. Bundan başqa, 2006-cı ilə qədər Belçikada "Genk"in formasını geyinib. Müdafiəçi olmasına baxmayaraq, mərkəz yarımmüdafiəçisi ampluasında da uğurlu təsir bağışlayır. Ötən mövsümün qışında "Ayaks" onu heyətinə qatmaq istəyirdi. Lakin "Tvente" rəhbərliyinin yüksək məbləğ tələb etməsi qarşı tərəfi fikrindən daşındırdı. Bir müddət əvvəl Fred Ruddenin başçılığı altında Niderlandda çıxış edən Engelaar eyni ssenarini Bundesliqada davam etdirəcək.
Kərim Əl Əhmədi, "Tvente" - "Feyenoord", 5 milyon avro
Mövsümün sonunda "Tvente"dən ayrılan daha bir futbolçu Kərim Əl Əhmədi oldu. Mərakeşin gənclərdən ibarət yığma komandasının yarımmüdafiəçisinin ulduzu 2005-ci ildə dünya çempionatında parlayıb. Niderlanda gəlişinin əsası da həmin turnirdə qoyulub. "Zambaqlar ölkəsi"nin qapısına vurduğu qolla diqqəti çəkən yarımmüdafiəçi "Tvente" ilə müqavilə imzalayıb. 2007-2008-ci illər mövsümünün sonunda futbolçunu "Mançester Siti" transfer etmək istəyirdi. Amma Əhmədi İngiltərə Premyerliqasına yollanmağa razılıq vermədi və "Feyenoord"la müqavilə imzaladı.
İsmael Aysatti, PSV - "Ayaks", 4 milyon avro
Mərakeş yığmasının digər üzvü Aysatti də bundan sonra "Ayaks"ın uğurları üçün çalışacaq. 2006-dı ildə gənclər arasında təşkil olunan Avropa çempionatında baxımlı oyunu ilə seçilən futbolçunun 17 yaşı olub. Ötən mövsüm PSV-də əsas heyətə düşməyə çətinlik çəkdiyi üçün rəhbərlik onu "Tvente"yə göndərib. İstedadlı hücumçunun ötən mövsüm vurduğu 16 qol aparıcı klubların diqqətindən yayınmayıb. Çox güman ki, "Ayaks"dakı karyerası uzun çəkməyəcək. Bir müddət çıxış edəndən sonra ənənəsinə sadiq qalacaq "Ayaks"ın onu hansısa aparıcı kluba satacağı şübhə doğurmur.
Canni Zayverlon, "Herenveen"- "Uest Bromviç Albion", 4 milyon avro
Çox maraqlıdır ki, Zayverlon uzun müddət karate ilə məşğul olub. Bu sahədə hələ uğurları da var. Lakin anasının təkidi ilə futbolu seçib. Bəlkə də ən doğru seçimi edib. "Feyenoord" futbol məktəbinin yetirməsi olan sağ cinah müdafiəçisi peşəkar karyerasına "Herenveen"də başlayıb. Karyerasının ən uğurlu dönəmi də bundan sonraya təsadüf edir. Gənclər arasında iki dəfə olimpiya çempionu adını qazanan müdafiəçi bir dəfə də ampluasının ən yaxşısı seçilib. Pekində keçirilən 29-cu olimpiya oyunlarında da Niderland yığmasının şərəfini qoruyub. Elə İngiltərə Premyerliqasına yollanmasının əsasını da olimpiadadakı baxımlı oyunları təşkil edir. Premyerliqa debütantı 21 yaşlı müdafiəçinin keçidi üçün 4 milyon avro ödədi.
Robin Nelisse, "Utrext"- "Zalsburq", azad agent
statusu ilə
Niderland Antillərinin ən istedadlı futbolçusu kimi tanınan Nelisseni əfsanəvi Bob Marli ilə müqayisə edirlər. İdmanın şahı sayılan futbolun sirrlərinə Rotterdamda yiyələnib. Amma nədənsə çox tanınmayıb. Təsadüfi deyil ki, "Utrex"lə müqavilə bağladığı vaxt 30 yaşı olub. Kifayət qədər yaşlı olmasına baxmayaraq, ötən mövsüm ümidləri doğruldub və 16 qol vurub. Bununla da Eredivizinin bombardirləri siyahısında 400-yə yüksəlib. "Zalsburq"a keçidini uğurlu qiymətləndirirlər. Mütəxəssislərin fikrincə, Aleksandr Sikler, Niko Kovaç, Laslo Bodnar və Saşa İliç kimi təcrübəli simalarla birlikdə Avstriya klubunun uğur qazanmasına kömək edəcək. Bundesliqa yeni başlayıb və geridə qalan 9 turdan sonra təcrübəli hücumçunun aktivində 6 qol var.
Marvin Emnes, "Sparta"R. - "Middlsbro", 4 milyon avro
Vaxtilə yüngül atletika ilə məşğul olan Emnes Niderland futbolunun gənc prespektivlərindən hesab olunur. Ötən mövsüm Rotterdam "Sparta"sının şərəfini qoruyan 20 yaşlı Marvin 8 qol vurmaqla yanaşı, azarkeşlər tərəfindən ən yaxşı oyunçu adını qazanıb. "Middlsbro"da da uğur qazanacağına şübhə yoxdur.
Erik Piters, "Utrext" - PSV, 2,5 milyon avro
20 yaşlı müdafiəçi Niderland yığmasının heyətində 2007-ci ildə gənclər arasında təşkil olunan Avropa çempionatının qızıl medalçısıdır. Ötən mövsüm "Utrext"in heyətində göstərdiyi oyunlarla diqqəti çəkən gənc futbolçu dərhal PSV seleksionerlərinin dəvəti ilə "Utrex"dən ayrıldı.
Kemi Aqusten, "Alkmaar"- "Birmingem", 750 min avro
22 yaşlı yarımmüdafiəçi təcrübəli mütəxəssis Lui van Qalın sevimli futbolçularındandır. 2006-2007-ci illər mövsümünü "Breda"nın heyətində keçirib. Bundan sonra isə "Birmingem"in uğurları üçün çalışacaq.