
Dünən AFFA-nın inzibati binasında millinin baş məşqçisi Berti Foqtsun mətbuat konfransı keçirilib. Almaniyalı mütəxəssis əvvəlcə İran millisi ilə keçirilən yoldaşlıq görüşü barədə fikirlərini bildirib: "İranda da bizimlə bərabər olsaydınız, çox şad olardım. İran yığması ilə oyun haqda danışmaq fikrim yoxdur. Əsas olan bir neçə futbolçunu yoxlamaq idi ki, bunun da öhdəsindən gəldik.
Biz İran yığmasına qarşı bir saat yaxşı futbol nümayiş etdirdik. Şanslarımız da var idi. Təəssüf ki, imkanlardan istifadə edə bilmədik. Son 30 dəqiqədə oynamırsansa, sözsüz ki, məğlub olmalısan. Artıq o oyunu unutmuşuq. Bazar ertəsi məşqlərə başlayırıq. Ümid edirəm ki, Premyer Liqanın qarşıdakı turunda heç bir futbolçu zədə almayacaq".
Sonra Berti Foqts jurnalistlərin suallarını cavablandırdı:
- Demək olarmı ki, artıq yığma komandanın "skeletini" müəyyənləşdirmisiniz?
- Xeyr.
- Bəs Uelslə görüşdə heç-heçə vəd edirsinizmi?
- Ümid edirəm ki, sizdə Uels haqda tam məlumat var. Bilirsiniz ki, onlar necə futbol oynayırlar. Uels yığmasının üzvlərinin çoxu İngiltərə Premyer Liqasında çıxış edir. Çətin oyun olacaq. Əgər səhvlərə az yol versək və şanslarımızdan maksimum yararlansaq, yaxşı nəticə qazana bilərik. Həm də ümid edirəm ki, gücümüz sonadək mübarizə aparmağa bəs edəcək.
- Start heyətini müəyyənləşdirmisinizmi?
- Bəli.
- Komandanın "skeleti" yoxdursa, start heyətini necə müəyyənləşdirmisiniz?
- Mən heç vaxt heyəti oyuna 10 gün qalmış açıqlamıram. Kimsə zədə ala bilər, kimsə müəyyən səbəblərdən heyətdən çıxarılar. Ona görə də qarşılaşmaya bir-iki saat qalmış heyəti açıqlayacağam.
- İranla oyunda müdafiə xətti kifayət qədər səhvlərə yol verdi. Əgər yoldaşlıq görüşündə bu qədər səhvlər olursa, kim zəmanət verir ki, seçmə mərhələnin oyunlarında eyni hal təkrarlanmayacaq?
- Sual başqa cür verilməli idi. Bu problemər haradan başlayır? Niyə belə səhvlər ortaya çıxır? Çünki beynəlxalq futbollla ayaqlaşa bilmirik. Rəqiblərimiz daha sürətli futbol nümayiş etdirirlər.
- Lixtenşteynlə görüşdə qələbəyə ümid edə bilərikmi?
- Bizim ilk oyunumuz Uelsə qarşıdır. Lixtenşteynlə görüş məni hələ ki, maraqlandırmır. Vaxtı çatanda o barədə verilən sualları da cavablandıraram. İndi bilirik ki, rəqibimiz güclü yığmadır. Uels sürətli futbol nümayiş etdirir və başla gözəl oynayan futbolçuları var. Təəssüf ki, bu cəhətdən zəifik. Hava toplarında çox uduzuruq. Sadəcə, oyunçularımda olan istək məni sevindirir. Onlar məşqlərə ciddi yanaşırlar.
- 10 ildir bu problem qabardılır. Yığmada işləyən məşqçilərin hamısı futbolçularımızın hava mübarizələrində zəif olmalarından şikayətlənirlər. Bütün məşqçilər də bunun üzərində işlədiklərini deyirlər. Bəs niyə biz işin bəhrəsini görmürük?
- Mən onların yerinə danışa bilmərəm. Əgər məndən əvvəlki məşqçilər 10 il bu problemin öhdəsindən gələ bilməyiblərsə, mən 10 günün içərisində nə edə bilərəm?
- "Neftçi"yə yeni baş məşqçinin sizin məsləhətinizlə dəvət olunduğu söylənilir. Ad açıqlaya bilərsinizmi?
- Xeyr, belə bir söhbət yoxdur. Mən heç bir həmyerlimi "Neftçi"yə məsləhət görməmişəm. Qəzetlərin nə yazdığından da xəbərim yoxdur. Çünki mətbuatı izləyə bilmirəm.
- Vurğuladınız ki, İranla oyunda bir neçə futbolçunu sınamaq imkanınız oldu. Həmin oyunçular kimlər idi və Uelslə start heyətində onları görə biləcəyikmi?
- Mən mətbuata oyunçu adı çəkmək istəmirəm. Belə söhbətlər futbolçularla öz aramızda olur. Kimin necə oynadığını söyləyə bilmərəm.
- Artıq futbolumuza yaxşı bələdsiniz. Yığma komandanın baş məşqçisi kimi də kifayət qədər yoxlama oyunu keçirmisiniz. Azarkeşlər və futbol ictimaiyyəti qarşıdakı seçmə mərhələdə nəyə ümid edə bilərlər? AFFA rəhbərliyi sizin qarşınıza hansı məqsədləri qoyub?
- Mənə elə gəlir ki, məqsədimizi bilirsiniz. Bacardıqca çox xal toplamağa çalışacağıq.
- İranla oyun göstərdi ki, yığmamız fiziki cəhətdən tam hazırlıqlı deyil. Bəs psixoloji cəhətdən necə? Çünki Uels yığmasının çıxış etdiyi "Millenium" stadionu Avropanın ən böyük arenalarından biridir...
- Əgər yığma fiziki cəhətdən hazır deyilsə, psixoloji cəhətdən necə hazır ola bilər? Siz özünüz klublarımızın avrokuboklardakı çıxışlarını gördünüz. Onların rəqiblərinin göstərdikləri oyunlara da şahidlik etdiniz. Hələ ki, yenə deyirəm Avropa futbolu ilə ayaqlaşa bilmirik. Gözəl kollektiv formalaşdırmaq və Azərbaycan futbolunu inkişaf etdirmək yolunda addımlar atırıq. İnanırıq ki, bu işin öhdəsindən gələ biləcəyik. Seçmə mərhələdə yığmamızı məğlub etmək güclü rəqiblər üçün heç də asan olmayacaq. Yaxşı oyun nümayiş etdirib azarkeşləri standionlara cəlb etməyə çalışacağıq. Çempionat oyunlarındakı tamaşaçı sayı heç də ürəkaçan hal deyil. Mən burdayam ki, Azərbaycan futboluna kömək edim. AFFA prezidenti, vitse-prezident və baş katiblə birlikdə inkişaf üçün çalışırıq. Görüşləri uduzsaq belə, nümayiş etdirdiyimiz oyunla azarkeşlərin zövqünü oxşamağa çalışacağıq. Onlar stadionu tərk edəndə komandalarından razı qalsınlar.
- IV turun oyunları Uelslə görüşdən əvvəl heyəti formalaşdırmaqda sizin fikrinizə öz təsirini göstərə bilərmi?
- Mən artıq kimləri dəvət edəcəyimi müəyyənləşdirmişəm. Ümid edirəm ki, zədələnən olmayacaq.
- Rəqiblərimizdən Rusiya yığması Hollandiya millisi ilə yoldaşlıq görüşü keçirdi. Oyunu izləmisinizsə, təəssüratlarınızı bilmək maraqlı olardıE
- Xeyr, izləməmişəm. Çünki həmin gün biz İran yığması ilə qarşılaşırdıq.