
Olimpiya oyunlarında bir qızıl və 2 gümüşlü startımızdan sonra medalları kimlərdən gözləyəcəyimzi düşünəndə, əlbəttə, ilk növbədə xatırladığımız sərbəst güləşçilər idi. Daha çox olimpiya debütantı, builki Bakı Qızıl qran-pri turnirinin qalibi Namiq Sevdimovun, Bakıdakı sonuncu dünya çempionatının bürünc mükafatçısı Çamsulvara Çamsulvarayevin, Avropa üçüncüsü, super ağır çəkili Əli İsayevin medal qazanmaq şansı yüksək dəyərləndirilirdi. Ümumiyyətlə, komandamızın hər bir üzvü bizim nəzərimizdə potensial medalçı idi.
Sərbəst güləşçilər olimpiadanın 11-ci günü, avqustun 19-da mübarizəyə qoşuldular. Bakıda bəlkə də çoxunun şirin səhər yuxusında olduğu bir vaxtda Zəlimxan Hüseynov artıq xalça üzərində idi. 60 kq çəkidə çıxış edən bu idmançımızın bəxti gətirmədi. Axı, hansı idmançı onu ilk görüşdə dünya çempionu ilə qarşılaşdıran püşkdən razı qala bilər?
Zəlimxanın ilk rəqibi rüsiyalı dünya və olimpiya çempionu Mövlət Batırov idi. İlk hissədə bir xalını alıb, ancaq rəqibinə xal verməmək barədə düşünən rüsiyalı pəhləvan ikinci hissədə də eyni güləş üsulu ilə bir xal qazanmaqla qələbəyə nail oldu.
Namiq Sevdimovun (55 kq) isə ilk rəqibi ötən il dünya çempionatında Namiq Abdullayevi mübarizədən kənarlaşdırmış Kyupinq Yanq (KXDR) idi. İlk anlar pəhləvanıız inamlı görünür və bir xal qazanır. Amma az sonra hesab bərabərləşir və bu hissə koreyalı pəhləvanın hesabına yazılır. Lakin 2-ci hissədə idmançımız qələbəni rəqibinin əlindən qoparır - 3:1. Əlavə vaxtda da Namiq koreyalıdan üstün olduğunu sübüt edə bilir. Növbəti görüşdə bahadırımız Xyub-Su Kimi (Koreya) sıradan çıxarır. Yarımfinalda isə həmyerlimizi amerikalı Henri Seudo gözləyirdi. Görüş pis başlamadı, ilk 30 saniyədə tərəflər bir-birindən xal ala bildilər. Sonradan təşəbbüsə yiyələnən Namiq, hissəni qalib bitirdi - 3:2. Növbəti bölmə həmin hesabla rəqibin xeyrinə başa çatır. Əlavə vaxtda Seudo daha yaxşı təsir bağışlayır - 4:3. Amma Namiqin bürünc medal ümidi hələ ölməyib. Üçüncü yer uğrunda mücadilədə təmsilçimiz Namiq bolqar güləşçisi Radoslav Velikovla üz-üzə gəldi. Təəssüf ki, bu qarşılaşmada sevinən əks tərəf oldu.
60 kq çəki dərəcəsində mübarizənin gedişində yaranmış vəziyyətə görə Zəlimxan Hüseynovun da bürünc medal iddiasında olmaq şansı qalmışdı. Bəxtə bax ki, bu dəfə də Zəlimxanın qarşısına olimpiya çempionu çıxırdı - kubalı Yandro Kuintana. Çox gərgin keçən mübarizə cüzi xal üstünlüyü ilə idmançımızın xeyrinə başa çatdı. Bunu heç Kim gözləmirdi. Hətta baş məşqçi Məhəmmədxan Aratsilov da sanki yuxu görürdü: axı, Zəlimxanı döşək üzərinə göndərəndə belə sonluğa heç bir ümidi yox idi: "Olimpiya çempionu qarşısında nə etmək olar?". Halbuki Pekin mücadilələrində neçə-neçə oimpiya çempionu məyus olmuşdu.
Bu qələbədən sonra Zəlimxan fəxri kürsünün bir addımlığında idi, artıq bürünc medalın parıltısını görürdü. Medalın özünü görmək üçün isə İran səddini aşmaq gərəkdi. Amma Seyid Murad Məhəmmədi buna imkan vermədi. Sərbəst güləş üzrə yarışların 2-ci günü daha 2 güləşçimiz mübarizəyə qoşuldu: Emin Əzizov ( 66 kq) və Çamsulvara Çamsulvarayev (74 kq). Eminin startı uğurlu oldu. İsveçrəli Qriqori Sarassinə inamla qalib gəldi. Amma qazaxıstanlı Leonid Spiridonovla ikinci görüşdə Emin tamam başqa duruma düşdü və döşəyi rəqibinə uğurlar arzulamaqla, məyus tərk etdi.
Xetaq "sərbəstlər"i medalsız qoymadı
Medal ümidimiz, dünya üçüncüsü Çamsulvara Çamsulvarayev də ilk görüşdən sonra gözünü belaruslu Murad Heydərova dikməli oldu. Onu məğlub edən Heydərov finala yüksələ biləcəyi halda, Çamsulvara bir daha xalça üzərinə çıxıb, mübarizəni (bürünc medal uğrunda) davam etdirə bilərdi. Amma Belarus təmsilçisi də yarımfinalda büdrədi. Ertəsi günü 3 pəhləvanımız çıxış etdi. İlk qələbə Xetaq Qayzumovdan (96 kq) gəldi. O, ilk görüşdə polşalı Mateuş Quçmanı nəzərə çarpacaq üstünlüklə məğlub etdi. Hər iki hissə idmançımızın xeyrinə - 3:0 hesabıyla başa çatdı. Onun fransız Vinsent Aka Akesse üzərində ikinci qələbəsi daha inamlı idi - 8:0.
Dörddəbir finalda Xateq özbək Qurban Qurbanovla da asanlıqla bacardı - birinci hissədə 4:0, ikincidə 6:0. Amma yarımfialda rusiyalı Şirvani Muradovun öhdəsindən gələ bilmədi. Bürünc medal uğrunda mübarizədə idmançımız Georgi Tibilovla (Ukrayna) qarşılaşmalı idi. Bu sərbəst güləşçilərimizin son medal şansı idi. Ona qədər Novruz Temrezov (84 kq) da, Əli İsayev də çıxışlarını başa vurmuşdular. İlk görüşdə İran pəhləvanı Rza Yəzdanini məğlub etdikdən sonra, rusiyalı soydaşımız Georgi Ketoyevlə qarşılaşan idmançımız birinci hissədə böyük üstünlük əldə etdi: 4:0. Amma Ketoyev sonrakı iki hissədə hadisələrin istiqamətini dəyişdi. Bu, görüşdən sonra Novruz Georginin finala çıxmasına ümid bəsləməli idi. Amma bu baş tutmadı və yenə də medalsız qaldıq.
Əli İsayev (120 kq) ilk görüşdə olimpiya çempionu Artur Taymazova çox yaxşı müqavimət göstərdi. Bununla belə, görüş özbək pəhləvanının qələbəsi ilə başa çatdı. A.Taymazovun finala yüksələcəyi şübhəsiz idi. Bu halda onun ilk təsəlliverici görüşü bürünc medal uğrunda olacaqdı. Gözlənildiyi kimi, Taymazov finala çıxdı. Amma Əlinin kubalı Disney Rodriqeslə bürünc medal mücadiləsi bizim xeyrimizə qurtarmadı. Deyilənə görə, Əli özünün və yoldaşlarının, xüsusən də həmyerliləriin çıxışlarına görə çox məyus olub və təxminən belə deyib: "İlk növbədə özümüzü biabır etdik, Dağıstan güləşinin adını batırdıq, bizim pəhləvanlarımız bütün dünyaya yayılıb və hər yerdə adımızı, şərəfimizi layiqincə qoruyurlar". Beləliklə, son ümid Xetaq Qazyumova qaldı. Ukraynalı Georgi Tibilovla görüşün ilk hssəsində Xetaq böyük üstünlüyə nail oldu - 5:0. İkinci hissə də idmançımızın üstünlüyü ilə keçdi. Beləliklə, X.Qazyumov Azərbaycan sərbəst güləş məktəbinin şərəfini qoruya bildi.