
Tez-tez açıqlamalar verən Ruben de la Redin arzusu reallaşdı. Sonuncu Avropa çempionatının qızıl medalçısının istəyi yenidən "Real"a qayıtmaq idi ki, bu da baş tutdu. Ötən mövsüm icarə əsasında "Xetafe"də çıxış edən hücumçu baxımlı oyunun sayəsində Bernd Şusterin diqqətindən yayınmadı və alman mütəxəssis onu geri qaytardı.
İspaniya Superkubokunun "Valensiya" ilə keçirilən hər iki qarşılaşmasında meydana çıxan forvard baş məşqçinin etimadını doğrlutdu. "Yarasalar"ın qapısından keçirdiyi qolla sübut etdi ki, "Real"da oynamağa hazırdır.
- Ötən mövsüm karyenıza daha bir uğur əlavə olundu. Avropa çempionu adını qazandınız. Yeni mövsümə də "Real"la qazandığınız uğurla başlayırsınız. Belə başlanğıc olacağını gözləyirdiniz?
- Həmişə uğur qazanacağımıza inanmışam. Hələ Avropa çempionatı start götürməzdən əvvəl çempion olacağınızı deyirdim. Doğrudur, bu cür uğurla əksəriyyəti üçün arzudur. Buna görə fəxr edirəm. Əlbəttə, Avropa çempionu olmaq. "Real" kimi nəhəng komandanın şərəfini qorumaq bütün futbolçuların arzusudur. Avropa çempionluğunun sevinci hələ başa çatmamış, İspaniya Superkubokunu qazandıq. Bu, yeni mövsümdə də uğurlu çıxış etməyimiz üçün əlavə stimul olacaq. Bilirsiniz ki, ötən mövsümü icarə əsasında başqa klubda oynamışam. Yenidən Madridə qayıtdığım üçün çox sevinirəm. "Valensiya" ilə keçirilən hər iki oyunda meydana çıxdım. İnanıram ki, baş məşqçi Bernd Şuster bundan sonra da mənə etimad göstərəcək. "Valensiya"ya vurduğum qolu komandamızın azarkeşlərinə həsr edirəm.
- Deyilənə görə, ötən mövsümü "Xetafe"də keçirməklə təcrübənizi xeyli artırdınız. Bu irəliləyişin səbəbi nədir, "Real"ın formasını geyinmək?
- Əlbəttə, həmişə bunu arzulamışam. Ötən mövsüm mənim üçün yaxşı başa çatdı. "Xetafe"də olsam da, əsasən ilk 11-likdə meydana çıxırdım. Həm komandanın uğuru üçün çalışdım, həm də təcrübəmi artırdım. Geridə qalan çempionatda Primerada kifayət qədər oyun keçirmişəm. Yadınızdadırsa, "Real"a qarşı oyunda da meydanda idim. Əlbəttə, bütün bunlar Şusterin diqqətindən yayınmadı. İnanırdım ki, məni geri qaytaracaqlar. Çünki İspaniya yığmasına çağırılmağım yenidən "Real"a qayıtmağımı labüd etdi. Millinin heyətində keçirdiyim oyunları yüksək qiymətləndirirəm. Bütün bunlar təcrübəmi artırmaq üçün kömək oldu.
- Bu mövsüm Şusterin sizə şans verəcəyinə inanırsınız?
- Bildiyiniz kimi, artıq iki qarşılaşmada forma geyinmişəm və bir dəfə də qol vurmuşam. "Valensiya" ilə Superkubok oyununun hər iki matçında meydana çıxmağım baş məşqçinin inamından irəli gəlir. Əgər etibar etməsəydi, mövsümün başlanğıcındaca məni meydana çıxarmazdı. Sevinirəm ki, Şusterin etimadını doğrultdum və bundan sonra da oynayacağıma ümid edirəm. Mövsüm hamımız üçün əla başladı. Yəqin ki, sonuna qədər də belə davam edəcək. "Real"la hələ çox uğurlar qazanmaq istəyirəm.
- İndiyə qədər 2 nəfər azlıqda qalan komandanın məğlub olduğu halda, 3 qol vuraraq, qalib gəldiyini görmüşdünüz?
- Heç vaxt belə hadisənin şahidi olmamışam. Həmin gün "Real" meydanda fantastik oyun nümayiş etdirdi. Yəqin ki, bu matç uzun müddət yaddaşlardan silinməyəcək. Etirafəedək ki, "Valensiya" kimi güclü komandaya belə vəziyyətdə qalib gəlmək asan məsələ deyil. Birinci hissədə oyunumuz alınmırdı. Nistelrooyla Van der Vaartın meydandan qovulması planlarımızı alt-üst etdi. Doğrusu, ssenarini dəyişə biləcəyimizə ümidim az idi. Ancaq nəticə məlumdur.
- İndiki "Real"ı əvvəlki illərin klubu ilə müqayisə edəndə hansı nəticəni çıxarırsınız?
- Deyə bilərəm ki, hazırda "Real" ambisiyalı və kollektiv komandadır. Həm də dinamikanı qoruyur. Klubun əvvəlki illərindən çox da məlumatım yoxdur. Ona əminəm ki, hazırda möhtəşəm komandamız var. Ardıcıl iki mövsümdür İspaniya çempionu oluruq və bu, hər şeydən xəbər verir. Doğrudur, ötən mövsüm Çempionlar Liqasında uğursuzluğa düçar olduq. İstər komanda yoldaşlarım, istərsə də baş məşqçi dəfələrlə vurğulayıb ki, "Roma"ya məğlubiyyətin səbəbi futbolçuların əksəriyyətinin zədəli və cəzalı olması idi. Həmin vaxt "Xetafe"də olsam da, "Real"ın çıxışlarını izləyirdim. Səhv etmirəmsə, "Santyaqo Bernabeu"dakı cavab matçında beş əsas futbolçusu oynamırdı. Əgər komanda pis çıxış etsəydi, İspaniya çempionluğunu yenidən qazana bilməzdi. Belə desək, bəxt "Real"dan uzaq oldu.
- "Valensiya"nın qapısından keçirdiyiniz qolda Hildebrandın "köməyi" oldu, oyundan sonra ona təşəkkür etdiniz?
- (Gülür). Mənə elə gəlir ki, Hildebrand zərbəmi gözləmirdi. Ona görə də müvazinətini itirərək, topun qapıdan keçməsinə mane ola bilmədi. Fikrimcə, əgər toxunmasaydı, bəlkə də top dirəkdən qayıdacaqdı. Amma nə yaxşı ki, qol oldu. Ona görə Hildebranda təşəkkür düşür (gülür). Zarafat bir yana, Hildebrand çox güclü qapıçıdır. Həmin vəziyyətdə kim olsaydı, heç nə edə bilməzdi.
- Hazırkı komandanızın bütün titulları qazanması üçün gücü yetərlidir?
- Fikrimcə, indiki "Real" istənilən halda çox şeyə qadirdir. Hər şeydən əvvəl möhtəşəm kollektiv formalaşıb. Burada gözəl, işini sevən və peşəkar insanlar çalışırlar. "Real" üçün zəhmət çəkən hər bir insanın məqsədi böyük uğura nail olmaqdır. Bunun nəticəsidir ki, heyətə cəlb olunan milli futbolçular çətinlik çəkmədən komandaya uyğunlaşırlar.
- Superkubokun təntənəli tədbirində Robinyo iştirak etmədi. Onun barəsində nə deyə bilərsiniz?
- Yekunda hansı qərarı verəcəyindən asılı olmayaraq, Robinyo bizim üçün vacib futbolçudur. Ümid edirəm ki, "Real"dan heç yerə getməyəcək və hazırlıqlarını davam etdirəcək. Rəhbərliklə nə danışdığını dəqiq bilmirəm. Komandadan ayrılmaq istədiyini eşitmişəm. Əgər qalsa, çox yaxşı olar.