
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində ən prinsipial oyun Yerevanda baş tutdu. Türkiyə millisi ermənilərə yerini göstərdi.
Görüşdən əvvəl mətbuatda söz-söhbətlərin sayı çox idi. Ermənilərin Türkiyə prezidenti Abdulla Gülü oyuna dəvət etmələri böyük səs-küyə səbəb olmuşdu. Abdulla Gülün də öz növbəsində bu dəvəti qəbul etməsini Türkiyə ictimaiyyəti birmənalı şəkildə qarşılaşmamışdı. Hər halda, Gülün Ermənistana səfəri həm də siyasi xarakter daşıyırdı. Türkiyə prezidenti Ermənistana özü ilə 50 cangüdən aparmışdı. Oyunu isə hər iki ölkə prezidenti gülləkeçirməyən kabinədən izlədilər.
Hər iki komanda matça çox fəal başladı. Tamaşaçılar meydanda açıq futbolun şahidi oldular. İlk təhlükəli vəziyyəti isə türklər yaratdılar. 3-cü dəqiqədə Semih qapıya zərbə endirdi, amma meydan sahiblərinin qapıçısı bu epizodda yaxşı oynadı. Dörd dəqiqədən sonra Volkan vizavisindən geri qalmadığını nümayiş etdirdi. Dəqiqələr ötdükcə Türkiyə millisi üstünlüyü ələ keçirirdi. 11-ci dəqiqədə Əmrə Bəlözoğlu Semihlə gözəl divar paslaşması oynadıqdan sonra qapıya uzaqdan zərbə endirdi. Gəl ki, onun zərbəsində dəqiqlik çatmadı. Türklərin fəallaşması ermənilərin yavaş-yavaş öz qapılarına çıxışmasına gətirib çıxardı. Oyunun böyük hissəsində meydan sahibləri yalnız əks-hücumlar hesabına nəsə etməyə çalışırdılar. Hər halda, qonaqların hücumları daha təhlükəli alınırdı. İlk hissənin ortalarında Mövlüd Ərdinçin zərbəsi qapıdan azacıq aralı keçdi. Az sonra Ərdinç daha bir yüz faizlik qol imkanını qaçırtdı: Rikoşetdən sonra top türk hücumçunun ayağına düşdü, amma o, yaxın məsafədən Berezovskini məyus edə bilmədi.
Fasilədən sonra da tərəflər taktikalarını dəyişmədilər. Hər iki komanda xoşbəxtliyi hücumda axtarmağa çalışırdı. Epizodların birində Mehmet Aurelio Edqar Manuçaryanın təhlükəli zərbəsinin qarşısını aldı. 56-cı dəqiqədə Avropa çempionatının yarımfinalçılarının baş məşqçisi Fatih Terim dəyişikliyə əl atdı. Emasionallığı ilə seçilən çalışdırıcı Kazımı meydana buraxdı. Onun qərarının doğru olması dərhal özünü büruzə verdi. Hücumçu oyuna çox fəal qoşuldu. Kazım meydana daxil olan kimi rəqib müdafiəçiləri çaş-baş salmağa başladı. Nəticədə 61-ci dəqiqədə görüşdə hesab açıldı. Kazımın ötürməsini qəbul edən Tuncay üç metrlik məsafədən rəqib qapısının torunu silkələdi. Bu qoldan sonra türklər daha inamlı, daha aqressiv oynamağa başladılar.
Ermənilərin ikinci dəfə meydanın mərkəzinə dəvət olunmasını gözləmək çox çəkmədi. 77-ci dəqiqədə künc zərbəsindən sonra Semih komandasının üstünlüyünü iki topa çatdırdı. Hakimin final fitinə üç dəqiqə qalmış qonaqlar hesabı darmadağın həddinə də çatdıra bilərdilər. Amma Ayhanın zərbəsindən sonra rəqib qapıçı son anda komandasını qoldan xilas edə bildi. Beləliklə, Türkiyə millisi önəmli qarşılaşmanı qələbəylə başa vura bildi. Seçmə mərhələyə üç xalla start götürən Fatih Terimin yetirmələri növbəti görüşlərini bu gün Belçika yığmasına qarşı keçirəcəklər.