
Dünya çempionatının seçmə mərhələsinə uğursuz başlayan Azərbaycan yığmasını Lixtenşteyn millisi ilə oyun gözləyir. Ölkəmizin bir nömrəli komandasına qələbə hava-su kimi lazımdır və elə həmvətənlərimiz də buna köklənib. Bu səbəbdəndir ki, millimizin qarşılaşmaya iki hücumçu ilə çıxacağı bildirilir. İlk qarşılaşmada məğlubiyyətə baxmayaraq, yığmamızın düşərgəsində əhval-ruhiyyə yüksəkdir. Dünən bunun canlı şahidi olduq. Tofiq Bəhramov adına Respublika stadionunda Berti Foqtsun rəhbərliyi ilə futbolçularımız məşqə çıxdılar. Hazırlıq prosesini izləməyə AFFA-nın baş katibi Elxan Məmmədov da gəlmişdi. Yığmanın üzvləri meydana çıxmazdan əvvəl E.Məmmədov onların hər biri ilə görüşərək durumları ilə maraqlandı. Futbolçuların üzündə özünəinam hiss olunurdu.
Əvvəlcə millinin əsas çalışdırıcısı Berti Foqtsun yeni köməkçisi Olaf Yansen məşqə start verdi. Toplu çalışmalara üstünlük verən O.Yansen futbolçuların hərəkətlərinə xüsusi diqqət yetirirdi. Məşq prosesində 20 oyunçu iştirak edirdi. Millinin futbolçuları topla sürətli davrandılar, irəli və geriyə tez-tez hərəkət etdilər. Yığmanın heyətində yenilik nəzərə çarpırdı. Uelslə oyun ərəfəsində zədəyə görə millidəndən kənarlaşdırılan Aleksandr Çertoqanov məşqə cəlb olunmuşdusa, Nodar Məmmədov gözə dəymirdi. Bunun səbəbini öyrənmək çətin olmadı. Bildirildi ki, müdafiəçi onun sol ayağı ağrıyır. Lixtenşteynlə oyunda iştirakı sual altında olsa da, son qərar bu gün veriləcək.
Qarşıdakı oyunu buraxacağına baxmayaraq, braziliyalı Fabio Luis Ramim də məşqə qatılmışdı. Aqil Nəbiyev isə komandadan bir az aralıda hazırlaşırdı. Lakin onun problemi olduğundan sağ ayağının üzərinə buz qoyduğunun şahidi olduq. Bunun ardından Aqil yüngülvari məşq etməyə, qaçmağa başladı.
Qapıçılardan Kamran Ağayev, Fərhad Vəliyev və Rauf Mehdiyevə xüsusi məşq keçilirdi. Hətta "jim" də etdilər. B.Foqts məşqdə lazımı səviyyədə can yandırırdı. Qapılara hücumların təşkil olunması və dəqiq zərbələrin vurulması üçün məsləhətlərini verirdi. Hətta alman mütəxəssis məşqdə özü də yaxından iştirak edirdi. Sol cinahdan sürətlə irəliləyən Elvin Məmmədova dünya çempionu, keçmiş müdafiəçi Berti Foqts mane olmağa çalışsa da, futbolçumuz onu aldadaraq cərimə meydançasına dəqiq ötürmə verdi. Subaşiç isə Elvinin əziyyətini yerə vurmayaraq, topu tora qovuşdurdu. Ötürmələr zamanı qeyri-dəqiqlik olarkən Foqts hərdən əsəblərini cilovlaya bilmirdi. Alman məşqçi buna görə təcrübəli futbolçu Mahmud Qurbanova iradını bildirməyi də vacib bildi. Bundan sonra "professor" elə də səhvlərə yol vermədi. Baş məşqçi "Qarabağ"lı Vaqif Cavadov, "Olimpik"in üzvü Leandro Qomeşin hərəkətlərindən də narahat idi. V.Cavadov əvvəlcə dəfələrlə qapını dəqiq nişan ala bilməsə də, sonradan tənqidlərdən nəticə çıxardı. Millinin üzvləri uzaq məsafədən də qapılara zərbələr vurdular və çox vaxt istəklərinə nail oldular. Zeynal Zeynalov da xoş təsir bağışlayırdı. Futbolçular uzaq küncləri də dəfələrlə hədəfə aldılar. Zərbələrdən dəqiq olanı da oldu, qeyri-dəqiq də.
1 saat 45 dəqiqə davam edən məşqin ardından AFFA rəsmisi və bəzi futbolçuların fikirlərini öyrəndik. Baş katib E.Məmmədov bildirdi: "Uelslə qarşılaşmada yaxşı oyun göstərsək də, nəticə təəssüfləndirici oldu. Komandamız meydanda 10 oyunçu ilə qaldıqda müdafiə xəttinin üzərinə böyük yük düşsə də, futbolçularımız bundan çəkinmədilər. Hesab edirəm ki, hakim Ramimə ikinci sarı və qırmızı vərəqə göstərməməli idi". Baş katib hesab edir ki, Foqtsun gəlişindən sonra yığmamız daha sürətli, baxımlı oyun göstərir. "O, klubların baş məşqçiləri ilə görüşlər keçirir, futbolçulara lazımı məsləhətlərini, həmçinin AFFA prezidenti Rövnəq Abdullayevə hesabat verir. Hazırda milli komandada orta yaş həddi 24-ə bərabərdir. Bu, gələcəyə nikbin baxmağa əsas verir. Ümid edirik ki, millimiz uğurlar qazanacaq. İnşallah, Lixtenşteyni məğlub edəcəyik. Məşqçilərin əməyini yüksək qiymətləndirirəm. Başda Berti Foqts olmaqla, müxtəlif yaş qruplarından ibarət yığmalarımızdakı almaniyalı mütəxəssislərin işindən razıyam".
E.Məmmədov Rusiya mətbuatını uydurma məlumatlar yaymaqda günahlandırıb. Onun sözlərinə görə, Foqts həmin ölkənin mediasına AFFA-dan şikayət etməyib: "Foqtsla münasibətlərimiz normaldır. Bu halda, narazılıqdan söhbət gedə bilməz. Rusiya mətbuatının Foqtsun dilindən AFFA rəhbərliyi haqda səslənən fikirlər uydurmadır. Onlar bununla gündəmə gəlmək istəyirlər".
Yarımmüdafiəçi Mahmud Qurbanov bildirdi ki, qələbə üçün nə lazımdırsa etməyə çalışacaqlar: "Təəssüf ki, ilk qarşılaşmada məğlub olduq. Hesab heç-heçə qurtarsaydı, qanunauyğunluq olardı. İndi bütün diqqəti qarşıdakı oyuna yönəltmişik və qalibiyyət üçün bütün gücümüzü sərf edəcəyik". Elvin Məmmədov qeyd etdi ki, komandada əhval-ruhiyyə yüksəkdir və Lixtenşteyn üzərində qələbəni düşünürlər.
Millinin hücumçusu Branimir Subaşiç isə belə danışdı: "Uelslə görüşdə rəqibin oyunçuları hazırlıqlı olduqlarını göstərdilər. Yaddan çıxarmaq olmaz ki, onlar İngiltərə Premyer Liqasında çıxış edirlər. Bununla belə biz də əlimizdən gələni etdik. İlk oyunda uğursuz nəticə olsa da, ikinci qarşılaşmada mütləq qalib gəlməliyik. Lixtenşteynin Almaniya ilə oyununun videoyazısını izləmişik. Rəqibin zəif cəhətlərini müəyyənləşdirmişik. Lixtenşteyn futbolçuları sərt oynasalar da, almanlarla görüşdə yorulduqları hiss olundu. Bu görüşdə də qələbə qazanmasaq, bilmirəm harada 3 xal qazanacağıq. Məncə, hücum futbolu oynayacağıq. Ən əsası qalib gəlmək lazımdır. Fərqi yoxdur ki, qol mən vurdum və ya komanda yoldaşım. İnanıram ki, hər şey yaxşı olacaq".
Anar
P.S. Milli bu gün saat 10:00 və 18:00-da Tofiq İsmayılov adına Suraxını qəsəbə stadionunda məşq keçəcək. Foqts saat 12:00-da media əhlini AFFA-ya yığacaq.