
Azərbaycan - Farer adaları 2:2 (2:1)
6 sentyabr. Bakı .Tofiq Bəhramov adına Respublika stadionu. 500 tamaşaçı.
Hakimlər: Sinişa Zrniç, Draqo Kule, Mato Staniç, Elmir Aleçkoviç (hamısı Bosniya və Herseqovina)
Hakim-inspektor: Mühittin Boşat (Türkiyə).
UEFA nümayəndəsi: Corc Fantaros (Kipr).
Qollar: R.Abışov 16, V.Nadirov 29 // Q.Nilsen 20, L.Hanssen 77-pen.
Qolla nəticələnməyən penalti: V.Nadirov 50.
Sarı vərəqələr: A.Məmmədov 42, M.Medvedev 76, V.Nadirov 90+3 // O.Olastovu 10, E.Yakobsen 39, S.Vathamar 44, P.Poulsen 50.
Azərbaycan: 1.Səlahət Ağayev, 2.Maksim Medvedev (20.Samir Zərgərov 80), 5.Tural Nərimanov, 7.Elnur Abdullayev (6.Taqim Novruzov 85), 8.Arif Daşdəmirov (19.Əfran İsmayılov 61), 9.Rövşən Əmiraslanov, 10.Asif Məmmədov, 13.Şəhriyar Rəhimov, 14.Rahid Əmirquliyev, 15.Ruslan Abışov (k), 17.Vüqar Nadirov.
Ehtiyat oyunçuları: 12.Osman Umarov, 4.Səbuhi Həsənov, 11.Rauf Əliyev, 18.Vurğun Hüseynov.
Baş məşqçi: Bernard Lippert.
Farer adaları: 1.Qunnar Nilsen, 4.Maqnus Olsen (14.Roqvi Poulsen 80), 5.Poul Tomas Dam, 6.Levi Hansen, 7.Solvi Vathamer, 8.Olavur Olavstovu (2.Poul Yohannes Yustinusen 85), 9.Poul Poulsen, 10.Kristofur Yakobsen, 11.Qudmund Nilsen (13.Ossur Dalbud 74), 12.Fritley Lambanum, 18.Erlinq Yakobsen.
Ehtiyat oyunçuları: 16.Tordur Tomsen, 3.Odmar Faro, 15.Frank Poulsen, 17.Roaldur Yakobsen.
Baş məşqçi: Uilyam Makloub Yakobsen.
Gənclərdən ibarət (U-21) yığma yenə də azarkeşləri məyus etdi. 7 illik qələbə həsrətinə son qoyulmadı. Özü də futbolu zəif ölkələrdən sayılan Farer adalarının komandasını məğlub edə bilmədik. Avropa çempionatının seçmə mərhələsinin qrup turnirində sonuncu yerdə qalası olduq. Bunadək komandamız 8 oyuna 1 xal toplamaqla axırda idi. Rəqib isə 3 xalla yığmamızdan bir pillə irəlidəydi. Maraqlıdır ki, "cırtdanlar" həmin 3 xalı da bir neçə ay əvvəl keçirilən ilk matçda bizimkilərdən qoparmışdılar. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan cavab görüşünə maraq çox az idi. Qarşılaşmaya tamaşa edənləri barmaqla saymaq olardı. Bununla belə, azsaylı azarkeşlər komandamızı köməksiz qoymurdular. Oyuna gəlincə, görüşə fəal başlayan komandamız tezliklə hesabı açmağa müvəffəq oldu. İki dəfə irəli çıxan futbolçularımız üstünlüyü qoruya bilməyərək, ümidləri puça çıxardılar. Qonaq komanda fiziki cəhətdən üstün görünürdü. 18-ci dəqiqədə yığmamızın üzvü Ruslan Abışov hesabı açdı. "Neftçi"nin müdafiəçisi künc zərbəsindən ötürülən top zamanı "ikinci mərtəbə"də inamlı oyunu sayəsində fərqlənə bildi. Ancaq komandamızın sevinci uzun sürmədi. Futbolçuların arxayınlaşması onlara baha başa gəldi. Üstəlik qapıçı Səlahət Ağayevin də kobud səhvi qonaqların bərabərlik qolunu vurmasına yardımçı oldu. Beş dəqiqə sonra Qudmond Nilsen bərabərlik qolunu vurdu. Alman mütəxəssis Bernhard Lippertin başçılığı ilə mübarizə aparan komandamız tezliklə yenə hesabda irəli çıxdı. 22-ci dəqiqədə cərimə meydançasına daxil olan "Karvan"ın hücumçusu Vüqar Nadirov qolkiperlə təkbətək zamanı qapıçıya heç bir şans vermədi - 2:1. Birinci hissənin sonlarına kimi komandalar çox çalışsalar da, hesab dəyişmədi. Fasilənin ardından oyun fərqli məcrada keçdi. Bosniya və Herseqovinadan olan Sinişa Zrniç qapılara iki penalti zərbəsi təyin etdi. Vüqar Nadirov üçüncü qolu vurmağa, dubl etməyə çox yaxın oldu. Əvvəlcə qol vurmaqla qəhrəman olan Vüqar 76-cı dəqiqədə antiqəhrəmana çevrildi. Nadirov penaltini dəqiq yerinə yetirə bilmədi. Futbolda isə təsdiqini tapan "vurmayana vurarlar" prinsipi bu dəfə özünü göstərdi. Qonaqlar bərabərlik qolunu vuraraq komandamızın qələbə ümidini puça çıxardı. Farer adaları yığmasının üzvü Levi Hansen qapımıza təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirdi. Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Bernhard Lippert futbolçularını günahlandırıb. Alman mütəxəssis deyib: "Əgər Vüqar Nadirov penalti zərbəsindən istifadə etsəydi, qələbə qazanacaqdıq. Qapıçı Səlahət Ağayevə də iradım var. O, da səhvlərə yol verdi və bu, bizə baha başa gəldi. Yeddi ildir ki, milli rəsmi matçlarda qələbə üzünə həsrətdir. Bunu mən də bilirəm. Farerlə oyunda seriyanın qırılmasını gözləyirdim. Səlahətin qapıda inamsız dayanması adi qollar "yeməyimizə" səbəb oldu. Səhvlər üzərində işləməliyik. Mənə Kamran Ağayev kimi qapıçı lazımdır. İndi o, özünü əsas yığmada sübut edib. Fəxr edirəm ki, bizim elə qapıçımız var. Uelsə qarşı necə dayanığını gördük. Tezliklə ona əvəzləyici tapmalıyıq. Əksər futbolçuların oyun praktikası azdır. Demək olar ki, hamısı əvəzedici heyətdə çıxış edir. Cəmi 4-ü əsas komandanın formasını geyinir. Albaniya ilə matça görə heyətdə dəyişiklik edəcəm. Bu, çox vacibdir. Farerlə matçda gördüm ki, istəyəndə yaxşı oynaya bilirik. U-19 və U-17-dən də futbolçular götürə bilərəm. Az bir vaxtda bir çox suallara cavab tapmalıyıq. Zəif futbolçuları çıxarıb, yerlərinə onları gətirmək olar". Sentyabrın 10-da futbolçularımız səfərdə albanların qonağı olacaq. Bakıdakı qarşılaşmada 1:1 hesabı qeydə alınmışdı və komandamız bir penalti zərbəsini qaçırmışdı.
Göründüyü kimi, B.Lippertin rəhbərliyi ilə də yığmamız uğursuzluqlara düçar oldu. Komandamız keçirdiyi oyunlarda istər fiziki, istərsə də taktiki baxımdan rəqiblərindən geri qaldı. Uzunmüddətli qələbəsizlik sindromu yenə qırılmadı. Təbii ki, uğursuzluqlarda futbolçularla yanaşı, baş məşqçi Lippertin də günahı böyükdür. Onsuz da fiaskoya uğrayırdıq, almanın gəlişindən sonra da vəziyyət dəyişmədi. Bir sözlə, köhnə hamam, köhnə tasdır.
I qrup
1.İtaliya 9 7 2 0 20-4 23
2.Xorvatiya 9 7 0 2 19-11 21
3.Yunanıstan 9 4 3 2 19-13 15
4.Albaniya 9 3 2 4 10-13 11
5.Farer-adaları 9 1 1 7 5-17
6.Azərbaycan 9 0 2 7 6-21 2
Xorvatiya - Albaniya 4:0, İtaliya - Yunanıstan 1:1.
9 sentyabr. Xorvatiya - İtaliya, Yunanıstan - Farer adaları.
10 sentyabr. Albaniya - Azərbaycan.