
Rasim Karanın gəlişindən sonra "Xəzər-Lənkəran"ın etdiyi transferlərdən biri İvan Çvetkov oldu. Bolqarıstanlı Hollandiya vətəndaşlığını daşıyır. Karyerasının son dönəmini Türkiyədə keçirib. İlqar Qurbanovun keçmiş komanda yoldaşıdır. İlqar kimi, Çvetkov da "Sivasspor"dan bir şeyə görə ayrılıb: oyun praktikası qazanmaq üçün.
Bülənt Uyğun digərlərinə baxanda balkanlı hücumçuya az şans verirdi ki, bu da artan narazılıqlara gətirib çıxarırdı. Budur, o, artıq "Xəzər-Lənkəran"la 2 illik müqavilə bağlayıb. Siftəsi yaxşı gəldi. MOİK-in əvəzedici heyəti ilə yoxlama görüşündə meydana çıxdı, bir qol vurdu. Bolqarıstanlı legioner seçimindən razıdır.
- Bura gəlməyimin səbəbkarı Rasim Kara deyil. Azərbaycanda oynamağı özüm istəmişəm. Gəlmişəm ki, özümü sübut edim. "Xəzər-Lənkəran" çempion olmaq iddiasındadır. Mən də istəyirəm ki, bunda payım olsun.
- Azərbaycana gələnədək "Xəzər-Lənkəran" barədə hansısa məlumatın var idi?
- Yox.
- Elədirsə, bu təklif necə ortalığa çıxdı?
- Sivasda Rasim Karanı tanıyırlar. Ona dedilər, sonra gəldim.
- "Sivasspor"u Azərbaycana dəyişmək karyeran üçün eniş deyil?
- Sözsüz ki, Türkiyə futbolu səviyyəcə Azərbaycandan qat-qat üstündür. Axırıncı mövsümdə "Sivasspor"da çox şans qazanmadım. Əksər matçları ehtiyat oyunçular skamiyasından izlədim. "Sivasspor"u buna görə tərk elədim. Azərbaycana oynamaq üçün gəlmişəm.
- "Sivasspor"un baş məşqçisi Bülənt Uyğun bu arada Türkiyə mətbuatına bildirib ki, səni komandasında saxlamaq istəyib.
- O istəyirdi ki, klubda qalım. Amma mənə əvəzedici gözüylə baxırdı. Yaşım o qədər də az deyil. Ehtiyatda qala-qala inkişaf edə bilmərəm.
- İlqar Qurbanovu tanıyırsan?
- Bir il Sivasda qaldı. Dostum idi. Yaxşı oyunçudur.
- Bilirsən ki, İlqar Sivasa elə Lənkərandan gedib?
- Özü bir dəfə demişdi. Arabir Azərbaycandan söz salırdı, tərifləyirdi. Onda inanmazdım ki, bir gün bura gələcəm.
- "Xəzər-Lənkəran" Azərbaycanın ən imkanlı və ən böyük azarkeş dəstəyinə malik klubudur. Əminsən ki, özünü burda doğruldacaqsan?
- Ona görə Azərbaycandayam ki, necə futbolçu olduğumu sübut edim. Əsas heyətə düşmək heç də asan olmayacaq. Komandada yaxşı oyunçular çoxdur. Çalışacam ki, meydana çıxan ilk 11 nəfərin arasında mən də olum. Azarkeşlərə gəlincə, NBS ilə çempionat oyununu mən də tribunadan izlədim. Fanatlar 90 dəqiqə susmadılar, "Xəzər"i qələbəyə səslədilər. Onların qarşısında çıxış etmək mənə məsuliyyət verir. Bacardığımı edəcəm ki, komanda irəli getsin.
- Azərbaycana gələndən sonra ölkəmiz və "X-L" barədə fikirlərin dəyişib, yoxsa qətiləşib?
- Normal haldır ki, hər dəfə ölkəni dəyişəndə düşündüyündən də fərqli şeylər görürsən. Mən buna öyrəşmişəm. Azərbaycanın da özünə görə mentaliteti, adət-ənənələri var. Getdiyin yerin qayda-qanunlarına öyrəşməlisən.
- Lənkəran da Sivas kimi bir əylalətdir. Əyalətdə yaşamağa öyrəşmisən?
- Hər şey qaydasındadır. "Sivasspor"la "Xəzər-Lənkəran" arasında bəzi fərqlər mövcuddur. Onlardan biri də budur ki, oyunlara Bakıda hazırlaşırıq, çox vaxt da burda qalırıq. Ailələrimiz də paytaxtda qalır. Yalnız oyundan-oyuna Lənkərana gedirik.
- Dedin kim, ailən də artıq Azərbaycandadır. Onlar yanında olanda özünü sıxılmış hiss etmirsən? Bəlkə motivasiya alırsan?
- Ətrafım yaxşıdır. Klubda məndən başqa iki bolqarıstanlı da oynayır. Radomir Todorov və Kostadin Canbazovla bir yerdəyik. Onlar bizə kömək edirlər.
- Səncə, hazırkı komandan Superliqada neçənci yer tutar?
- "Xəzər"in cəmi 1-2 oyununa baxmışam. Buna görə fikir yürütmək çətindir. "Xəzər" yaxınlarda İstanbula gəlmişdi, "Beşiktaş"la oynadılar. Komandanı ilk dəfə orda gördüm. Türkiyədə futbol çox sərtdir. Hər futbolçu buna tab gətirmir.
- Azərbaycan klublarından "İnter" və "Neftçi"nin səninlə maraqlanmasını eşitmişik. Hansı komandadan konkret təklif almışdın?
- "İnter"dən maraqlanan olmamışdı. Birinci dəfədir bu adı eşidirəm. "Neftçi"dən isə təklif varıydı. Ukraynalı baş məşqçilər tərəfindən.
- Sonra nə oldu?
- İndiyədək mənim özümə də qaranlıq qalır ki, niyə söhbətin axırına getmədilər. Təklif gəlsə də, sonradan səs-soraq çıxmadığını görüb, ciddiyə almadım. Ən real təklifi "Xəzər-Lənkəran" etdi, mən də gəldim. Gələndən sonra gördüm ki, doğru addım atmışam.
- Türkiyə mətbuatının yazdığına görə, Azərbaycanda ilinə 500 min dollardan çox pul qazanacaqsan. Doğrudur?
- Pul barədə danışmaqla aram yoxdur. Klubla peşəkar müqavilə bağlamışam və bu, bizim sirrimizdir. Hər halda müqavilə şərtləri ürəyimcədir.