
"Nəhayət ki, "Kuarejma "İnter"də teleserialı başa çatdı" - sentyabrın 1-də Portuqaliyanın demək olar ki, bütün xəbər buraxılışları məhz bu cümlə ilə başlayırdı. Əslində onun "Portu"nu tərk etməsinə hələ Avropa çempionatı başlamamış şübhə qalmamışdı. Yalnız klub prezidenti Pintu da Koşta onu buraxmaq istəmirdi. Amma mətbuat fəal şəkildə "qaraçı"nı böyük kluba keçidə hazırlayırdı.
Portuqaliyalı jurnalistləri bir sual daha çox maraqlandırırdı: "Hara?" Yayın əvvəllərindən İngiltərə və İspaniyanın adları çəkilirdi. Birləşmiş Krallıqda Rikardunu "Liverpul" və "Çelsi" gözləyirdi, Portuqaliya ilə qonşuluq edən digər krallıqda isə "Atletiko" və "Real" futbolçuya namizəd sayılırdı.
"Kuarejma işi"ndə inqilabi məlumatı "İnter"in baş məşqçisi oze Maurinyo yaratdı. Maurinyo yeni postuna gələn kimi, yarımmüdafiəçini öz komandasında görmək istədiyini bəyan etdi. Bu sözlərdən sonra bu cavan oğlanın digər variantları məhv oldu. Hər şey çox sadədir: Kuarejmanın maraqlarını orji Mendeşin başçılıq etdiyi "Gestifute" agentliyi təmsil edir. Bu isə Maurinyo, Kriştianu Ronaldo, Anderson, Pepe, Rikardu Karvalyo, Nani, Deku, Simau kimi futbolçuların da işini aparan dünyanın ən böyük agentliklərindən biridir.
"İnter"in futbolçunun keçidini həll etmək üçün başı çox ağrıdı. "Portu" 30 milyon avro istəyirdi, Massimo Moratti isə 20 milyona razı idi. Danışıqlar çox uzun çəkdi. Elə oldu ki, Moratti Kuarejmadan əl çəkdiyini də söylədi. Hər halda, sonda sövdələşmə "Gestifute"nin ustalığının hesabına gerçəkləşdi. Mendeş Morattidən 22 milyon və üstəlik transfer qiyməti 8 milyon təşkil edən Peleni qopara bildi. Beləliklə, Pintu da Koşta istədiyi 30 milyonu aldı, Kuarejma isə növbəti gün "neradzurra"nın bazasında jurnalistlər önünə çıxdı.
- "İnter"ə keçdiyim üçün xoşbəxtəm. "Neradzurra"nın böyük klub olduğunu hamı bilir. Mənim üçün etdiklərinə görə "Portu"ya da minnətdarlığımı bildirirəm. Bura gəlməyim arzumun həyata keçməsi deməkdir. Dahi futboçuları olan böyük kluba keçmək həmişə arzum olub. Fiziki və psixoloji cəhətdən bu komandada çıxış etməyə hazıram. İndi məşqçinin sərəncamındayam və mənim üçün məşqlərdə yaxşı işləyib özümü göstərmək çox vacibdir.
- Rikardu, "İnter"ə gəldiyin ilk gün səndə hansı təəssüratlar oyatdı.
- Yenə deyirəm, çox sevinirəm. Burada səviyyəli futbolçular var. İndi daha çox, daha səylə çalışmalıyam.
- Maurinyo "İnter"ə gələr-gəlməz sənin transferini tələb etdi. "Portu" isə səndən ayrılmaq istəmirdi. Bütün bunlar məsuliyyət yükünü artıracaq?
- Əlbəttə. Onsuz da burada çıxış etməyin məsuliyyətini dərk edirəm. Klubda hamı nə etməli olduğunu bilir. İndi mənim üçün ən əsası çox işləmək və bacardıqca tez müddət ərzində kollektivə uyğunlaşmaqdır.
- Necə düşünürsən, öz oyununla Maurinyoya nə verə bilərsən?
- Çox şey. Hələlik mənim üçün öyrənmək vacibdir. İtaliya futboluna öyrəşmək üçün yəqin ki, vaxt lazım olacaq. Ancaq müəyyən müddətdən sonra bu suala dolğun cavab vermək olar.
- Fiziki durumun nə yerdədir. Mövsümlərarası fasilə zamanı oynamırdın. Bu, fiziki hazırlığın ilə bağlı idi, yoxsa "Portu" transfer olunacağını bildiyi üçün səni oynatmırdı? Çempionatda oynamağa hazırsan?
- Fiziki cəhətdən özümü yaxşı hiss edirəm. Düşünmürəm ki, psixoloji planda problemlər yaransın. Mən soyuqqanlı insanam. Artıq sabah meydana çıxmağa hazıram. Hər halda, mən məşqçinin sərəncamındayam, qərarı da o verəcək.
- "İnter"ə keçid karyeranızda irəliyə doğru addım oldu?
- Bəli, "İnter"ə keçmək mənim arzum idi. Məqsədim həmişə böyük klubda oynamaq olub. Bununla "Portu"nun zəif klub olduğunu demək istəmirəm. İstənilən halda, əvvəlki klubuma da çox şey borcluyam.
- Sövdələşmənin baş tutacağına inanırdız?
- Bəli. Hər şeyin uğurla başa çatacağına ümid edirdim. ordji Mendeş daim danışıqların nə yerdə olması barədə mənə xəbər verirdi. Bir qədər narahat idim, amma sonda hər şey istədiyim kimi alındı.
- "Barselona"dan sonra "İnter" sənin üçün ikinci sınaq yeri olacaq. O vaxtdan bəri nə dəyişib?
- Əlbəttə, "Barselona"ya keçidim uğursuz alınmışdı. Amma artıq xeyli təcrübəliyəm və belə şeylər təkrarlanmayacaq. "İnter"də hər şey başqa cür olacaq. Əminəm ki, bu klubda hər şey istədiyimi kimi alınacaq. Bunun üçün əlimdən gələni edəcəm.
- Sən bu yay "İnter"in həyata keçdiyi ən böyük transfer oldun. Milanın digər klubu Ronaldinyonu aldı. Derbiyə hazırsan?
- İstənilən komandaya qarşı oyuna hazıram. İtaliyada dahi, səviyyəli futbolçu çoxdur. Və mən komandamın uğuru üçün əlimdən gələn hər şeyi etmək iqtidarındayam.
- Bildiyimiz qədər sənin çoxlu ləqəbin var. Onlardan ən çox hansını xoşlayırsan? "Maustanq"? "Harri Potter"?
- (Gülür) "Kuarejma".
- Avropa arenasında ilk oyunun Çempionlar Liqası çərçivəsində keçirilən "Sportinq" - "İnter" matçı olub. O vaxt "İnter"ə keçəcəyini düşünürdün?
- "İnter"lə "San-Siro"da qarşılaşanda çox gənc idim. O vaxtdan bəri "Portu"da çox təcrübə qazanmışam.
- Nəyə görə daha əvvəl "İnter"ə keçmirdin?
- Bilirsiz, "Portu"dan ayrılmaq asan deyildi. Ötən mövsüm bu klubla Çempionlar Liqasında mübarizə aparırdıq. Belə vaxtda komandanı tərk edə bilməzdim.
- Sənin transferin Ronaldinyodan da baha başa gəldi. Bu, sənin üçün əlavə məsuliyyətdir?
- Xeyr, düşünürəm ki, hər kəs müqaviləsinin şərtlərinin yüksək olması üçün çalışır. Öz növbəmdə çalışacam ki, öz oyunumla mənə görə ödənilən məbləği doğruldum və "İnter"in məni seçməklə yanılmadığını sübuta yetirim.
- Tez-tez dabanla oynamağı xoşlayırsan. Bu barədə nə deyə bilərsən...
- (Qəhqəhə çəkir). Mən ikitərəfli ayaqla doğulmuşam. Ayaqlarımın hər iki tərəfi ilə zərbə endirə bilirəm.
- İtalyan dilini öyrənmək üçün məşqçiyə vaxt lazım olmadı. Bəs sən hansı müddətə dili öyrənəcəksən?
- Mən bunun vacib olduğunu başa düşürəm və fikrimcə, iki-üç həftədən sonra bu ildə danışa biləcəm. Çünki az-çox italyan dilindən anlayışım var. Klubdakı cənubi amerikalıların çoxluğu da dil probleminin asanlıqla çözüləcəyinə imkan verəcək.