Bombardir Vilya olacaq?
Dünya çempionatının bombardirlər yarışında vahid lider müəyyənləşib. Ötən axşam Paraqvayla keçirilən oyunda İspaniyanın qələbə qoluna imza atan David Vilya qol sayını 5-ə çatdırıb və liderliyi ələ keçirib. Vilyanı aktivində dörd qol olan argentinalı Qonzalo Hiquain, almanlar Tomas Müller və Miroslav Kloze, slovakiyalı Robert Vittek və holland Uesli Snayder izləyir. Bu futbolçulardan ikisinin - İquain və Vittekin komnadası artıq mübarizəni dayandırıb.
Daha beş futbolçu mundial ərzində 3 qola imza atıb.
1.David Vilya, İspaniya - 5 qol
2.Uesli Sneyder, Niderland - 4
3.Miroslav Kloze, Almaniya - 4
4.Tomas Müller, Almaniya - 4
5.Qonsalo İquain, Argentina - 4
6.Robert Vittek, Slovakiya - 4
7.Dieqo Forlan, Uruqvay - 3
8.Luis Suares, Uruqvay - 3
9.Luiş Fabianu, Braziliya - 3
10.Asamoa Qyan, Qana - 3
11.Lendon Donovan, ABŞ - 3
Koreyalılar başsız qaldı
Dünya çempionatının daha bir uğusuzu baş məşqçisiz qaldı. Cənubi Koreya milli komandasının baş məşqçisi Xo Çjon Mu istefaya gedib. "Associated Press" agentliyinə istinadən verilən məlumata görə, baş məşqçi 1/8 finalda Uruqvaya 1:2 hesabı ilə məğlubiyyətdən sonra istefa qərarını açıqlayıb. 55 yaşlı Xo Çjon Mu bundan sonra nə ilə məşğul olacağını bilmədiyini, amma bütün halda fəaliyyətini Cənubi Koreya futbolunun inkişafına həsr edəcəyini vurğulayıb. Hələlik komandanın yeni baş məşqçisinin də kim olacağı bilinmir. Xo Çjon Mu onu əvəz edəcək bir çox mütəxəssislərin olduğunu bildirib.
Maradonanın sifətinə yumruq dəyib
"Düzünü desəm, Almaniyaya qalib gələcəyimizi düşünürdük. Nəticə ortadadır, xəyal qırıqlığı oldu. Kimsə 0:4 hesablı yenilgini qəbul edə bilməz. 1/4 finalda bundan əvvəl 1982-ci ildə - oyunçu olduğum zaman yenilmişdim. O zaman yaşım az idi, indi 50 yaşındayam. Bu həyatımın ən acı günü oldu. Sifətimə yumruq dəymiş kimiyəm. Bu gün həyatımın ən acı günüdür. Heç bir şey üçün enerjim qalmadı". Fanat.az xəbər verir ki, bu sözləri Dünya çempionatında Almaniyaya 0:4 hesablı məğlubiyyətdən sonra Argentina yığmasının baş məşqçisi Dieqo Maradona deyib. Canlı futbol əfsanəsi uğursuzluğa rəğmən yetirmələrinə təşəkkür edib: "Bütün oyunçularıma təşəkkür edirəm. Xəyalımızı gerçəkləşdirə bilmədik. Amma Argentina futboluna sayğı duyduğumuzu göstərdik. İnsanların sevdiyi tərzdə oynadıq. Mənim həm futbolçu, həm də baş məşqçi olaraq sevdiyim sistemlə mübarizə apardıq. Sabah bu komandadan ayrılsam, bu oyunçuların bu sistemlə oynamasını istəyirəm". Hələ ki, komandada qalıb-qalmayacağını bilmədiyini deyən Maradona argentinalıları məyus etdiyi üçün üzüldüyünü də bildirib. Dünya çempionatını qol vurmadan tamamlayan Lionel Messinin paltardəyişmə otağında ağladığını qeyd edən Maradona "::Messinin Argentina formasının haqqını vermədiyini deyən axmaqdır", deyib.
Braziliya uduzdu, azarkeş öldü
Braziliya yığmasının dünya çempionatındakı uğursuzluğu bədbəxt hadisə ilə nəticələndi. ? finalda Niderland yığmasına məğlubiyyətdən sonra beşqat dünya çempionlarının azarkeşi intihar edib. 18 yaşlı braziliyalı azarkeş matç başa çatandan sonra özünü avtomobilin altına atıb. İnsident Haiti paytaxtı Port-o-Prens şəhərinin yaxınlığında baş verib. Xatırladaq ki, Braziliya yığması dünən mundialın 1/4 final oyunu çərçivəsində Niderland komandası ilə qarşılaşıb. Qarşılaşmanın gedişində hesabda geri düşən avropalılar sonradan Uesli Sneyderin sayəsində iki qol vurararaq adlarını yarımfinala yazdırdılar - 2:1.
"Narıncılar" uddu, Hilton həbs edildi
"Hilton" imperiyasının varisi Peris Hilton Cənubi Afrika Respublikasında həbs edilib. "Associated Press" agentliyinə istinadən verilən xəbərdə deyilir, dünyanın ən məşhur və varlı şəxslərindən olan Hilton ? final mərhələsi çərçivəsində baş tutan Braziliya - Niderland oyunundan sonra saxlanılıb. Rarisin marixuana gəzdirməkdə ittiham olunduğu bildirilir. Lakin onun hansı cəzanı alacağı bilinmir. Bu barədə Port-Elizabet şəhər məhkəməsi qərar verəcək.
Marveyk braziliyalıları utandırdı
"Braziliyalılar utanmalıdırlar. Onlar bizi daha çox təxribata çəkməyə cəhd edirdilər, nəinki biz onları". Bu fikirləri Niderland yığmasının baş məşqçisi Bert van Marveyk deyib. DÇ-2010-un 1/4 finalında Braziliya yığması üzərində əzmkar qələbə (2:1) qazanan "narıncılar" qızıl medallara əsas iddialı olduqlarını sübut etdilər. Avtoqol etdikdən sonra Aryen Robbenə qarşı kobudluğa görə qırmızı vərəqə alan braziliyalı yarımmüdafiəçi Felipo Melo qarşı tərəfi bilərəkdən təxribatda ittiham edib. Bunu əsassız sayan van Marveyk braziliyalıların cavabını verib: "Mən Robbenə qarşı qayda pozuntusunun video təkrarına baxdım. Fikrimcə, Braziliya futbolunun bütün nümayəndələrinə utandırıcı olmalıdır".
Fanatlar Meloya
hücum etdilər
Dünya çempionatının final mərhələsini 1/4 finalda başa vuran Braziliya yığması artıq vətəninə geri dönüb. Məlumata əsasən, Niderlanda 1:2 hesabı ilə uduzan "pentakampeonlar"ı aparan təyyarə əvvəl Rio-de-Janeyro, sonra San-Pauluda enib. Belə ki, CAR-dan qayıdan nümayəndə heyətinin bir qismi bu, digərləri o biri şəhərdə Braziliya torpağına qədəm basıb. Təyyarənin gecə enməsinə baxmayaraq hər iki şəhərdə yüzlərlə azarkeş futbolçuları qarşılamağa çıxıblar. Rio-de-Janeyrodakı fanatlar daha aqressiv olaraq Felipe Melonun üstünə cumublar. Onlar Niderland ilə oyunda rəqibin bərabərlik qolunu vurmasında payı olan, sonradan meydandan qovulmaqla yoldaşlarını azlıqda qoyan yarımmüdafiəçi ilə haqq-hesab çürütmək istəyiblər. Günahı boynuna almaq və üzr istəməkdən imtina edən Felipe jurnalistlərlə ünsiyyətdən imtina edərək mühafizəçilərin əhatəsində hava limanını tərk edib. Azarkeşlər onun hər addımını söyüşlərlə müşayiət ediblər. Maraqlıdır ki, qolun buraxılmasında Melo kimi günahı olan Julio Sezar həmyerliləri tərəfindən bağışlanıb. Braziliyalılar qapıçını alqışlayıblar. Qeyd edək ki, Niderland - Braziliya matçında "narıncılar"ın vurduğu top əvvəl avtoqol kimi Felipenin hesabına yazılmışdı. Lakin sonradan həmin topun Niderlandlı Uesli Sneyderin adına yazılması məqsədəuyğun sayılıb.
Aquero azarkeşlərdən üzr istədi
Argentina yığmasının hücumçusu Serxio Aquero dünya çempionatında Almaniyaya biabırçı məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib. Milli komandanın baş məşqçisi Dieqo Maradonanın kürəkəni olan 23 yaşlı hücumçu sonradan meydana çıxdığı görüşdə nəticəyə görə azarkeşlər qarşısında üzrxahlıq etməyi özünə borc bilib. Argentinalılar vətənlərinə qayıdan zamanı yaxşı qarşılanıb ki, Serxio buna görə çox təəccüblənib: "Almanlarla oyunda baş verənlər bizim üçün çox ağırdır və gözlənilməz zərbədir. Ancaq bizi Buenos-Ayres hava limanında qarşılayan azarkeşlər özlərini möhtəşəm aparırdılar. Onlara çox sağ ol demək və nəticələrimizə görə üzr istəyirəm".
Suares haqlı
olduğunu düşünür
"İndi özümə gəlməyə çalışıram. Bu, mənə psixoloji cəhətdən güclü zərbə oldu". Bu fikirləri Qana yığmasının hücumçusu Asamoa Qyan deyib. Komandasının DÇ-2010-da bombardiri olan Qyan Uruqvayla 1/4 final oyununun son saniyələrində penalti zərbəsinin dəqiq yerinə yetirə bilməməklə, antiqəhrəman oldu. Düzdür, Asamoa Serbiya və Avstraliya ilə qrup mərhələsi görüşlərində olduğu kimi, oyun sonrası penaltini dəqiq yerinə yetirsə də, məsul anda büdrəməsi ilə hər şeyin üstündən xətt çəkdi: "Mən 120-ci dəqiqdə penalti zərbəsini vurmağa özümdə cəsarət tapdım. Bu, mənim üçün normaldır. Ancaq bu dəfə məndə alınmadı. İndi Luis Suares öz ölkəsinin qəhrəmanı olacaq. Top düz qapıya gedirdi, ancaq o, əllə onu qapı xəttindən çıxardı. Mən də penaltini vura bilmədim. Belə də olur...".
Həmin qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan Uruqvay yığmasının hücumçusu Luis Suares düz qərar qəbul etdiyini düşünür: "Həmin epizodda fikirləşməyə vaxtım az idi. Həlledici anda belə edilməli idi və mən də bu qərarı qəbul etdim. Biz uduza bilərik, ancaq bizi "Allahın əli" xilas etdi. İndi bu, mənə məxsusdur".