Rəhmətlik istək
Azərbaycanda dəbdə olan çox şey var. Məsələn, yalan danışmaq, yekə-yekə cırmaq, başından yekə işlərə burun soxmaq, özünü əla-həzrət elan etmək və s. Maraqlıdı ki, bunların mütləq əksəriyyəti məhz futbol təsərrüfatımızda endemikdi. Bizim peşəkarlarımız da endemikdi, yəni yalnız bizdədi. And olsun Emin Babayevin müqəddəs "Standard"ına Fərid Quliyevə transfer vərəqi havayı verilib. "Standard"ı gah qurda, gah da quzuya həvalə edən, özünü Azərbaycan futbolunun ilhamverici qüvvəsi hesab edən Babayevin Fəridin keçidindən götürəcəyi 80 minə məncə, ehtiyacı yox idi. Elə bu səbəbdən də ölkə futboluna, millimizə kömək etmək üçün 80 minə ehtiyac duyulmadı. Bir daha qeyd edirəm, "Standard" adlanan nəmənə, əstəğfürullah, klub olduqca müqəddəsdi, safdı.
"Olimpik-Şüvəlan" adlı komanda var. Haralıdı, nəçidi, hansı peşənin daşıyıcısıdı? Suallar cavabsızdı. Bilinən odu ki, prezidenti var, Vaqif Qasımov. Açıqlamalarından hiss olunur ki, ölkə futboluna iz salmaq istəyir. Həmişə düzünü danışmağa çalışan adama, sadəcə, başa salan yoxdu ki, əkin sahəsinə izi kotanla salsalar da, eyni şeyi futbolda etmək mümkünsüzdü. Futbol təsərrüfatını kotanın qabağına verib şumladanda dönüb olursan Fuad Musayev.
"Olimpik-Şüvəlan" haqda çox söz-söhbətlər dolaşırdı, elə indi də dolaşır. Müasir söz-söhbətlərdən biri də Roman Qoqinaşvili ilə Afrikasayağı hesablaşmadı. Gözünə döndüyüm Qırğızıstanın OŞ vilayətinin, əstəğfürullah, Azərbaycanın OŞ komandasının rəsmiləri "Burda mənəm, Bağdadda Səddam Hüseynin məzarı" deyib, Qoqinaşviliyə fırladıblar. Qaqaşın şələ-şüləsini qoltuğuna veriblər ki, "fitillə burdan". Mən ölüm, müsibətdilər də! A kişi, dünya sənlikdi ki, ABŞ kimi lotuluq etmək istəyirsən? Lotuluq etmək istəyirsənsə, göstər Pentaqonunu, qaralaşmış Ağ Evini. Demirəm ki, Qoqinaşvili zor oğlandı. Dediyim odu ki, azca sivilizasiyalı olmaq lazımdı. Azərbaycandasansa özünü qarabalalar kimi aparmağa dəyməz. Ya Qoqinaşviliyə vaxtında xəbərdarlıq edərdiz ki, ay bala bizlik deyilsən, ya da... Qovun onu! Amma pulunu kəsərək qovmayın. Ona görə zırramalıq etmək lazım deyil ki, bir gün Azərbaycanı Avropa İnsan Haqqları Məhkəməsində biabır etməyəsiz. Ağıl lazımdı, 100 qr olsa, bəsdi.
Qoqinaşvili söhbəti bununla yekunlaşmır. Eşıtdiyimə görə, 26 yaşlı gürcünün 2 aylıq məvacibinin üstündən qazlı su içiblər. Ona görə suyun qazlısını içiblər ki, tez həzm olunsun. Əhsən! Bax, belə xidmət etmək lazımdı Azərbaycan futboluna.
"Neftçi" "Beşiktaş"ı ağ yuyub, qara sərib. Ona görə ki, "Beşiktaş"ın 11 futbolçusundan güclü, peşəkar vitse-prezidentə məxsusdu. Süleymanovun tapıb gətirdiyi futbolçuların əzəməti türkləri "zibilə salıb". Zibil demişkən, Cahangir Hacıyev "Şəfa" stadionunu və həndəvərini necə zibildən təmizləyibsə, başqa klub prezidentləri də təcili şəkildə analoji addımı atmalıdı. Qalan zibillər də Palma ağaclarının kölgəsinə axışacaqlar.
P.S. Eşitdiyimə görə, "Standard" gələn ildən Bodrumu təmsil edəcək. Görəsən, Babayev nə üçün məhz Bordumu seçib?
RƏŞAD Fərhadoğlu
Farhadbayli@yahoo.com