
"Bakı"nın hücumameylli yarımmüdafiəçisi Rəhman Hacıyev Türkiyənin birinci dəstə təmsilçisi "Altay"ın şərəfini qoruyacaq. Paytaxt təmsilçisinin vitse-prezidenti Zeynal Məmmədovla "Altay"ın prezidenti Ahmet Taşpınar arasında imzalanmış müqaviləyə əsasən, Hacıyev 3 il müddətinə bu kluba icarəyə verilib. Keçidin baş tutmasında "Bakı"nın sabiq baş məşqçisi Cüneyt Biçərin rolu var. Biçər hazırda "Altay"ın məşqçisi vəzifəsini tutur. "Bakı" və "Altay" qardaş klublar olub. Bununla bağlı iki klubun prezidentiləri - Hafiz Məmmədov və Ahmet Taşpınar arasında Bakıda keçirilən görüşdə razılıq əldə edilib. Türkiyə mətbuatı Rəhman Hacıyevin "Altay"a icarəyə verilməsi barədə də yazıb. Məlumatda bildirilir ki, futbolçu Ahmet Taşpınar, "Altay"ın məşqçisi Cüneyt Biçer və "Bakı"nın baş meneceri Zeynal Məmmədov arasında baş tutan görüşdə Hacıyevin 3 il ərzində "Altay"da forma geyinməsi ilə bağlı razılıq əldə edilib. Anlaşmaya görə, bu müddətdə futbolçu başqa bir kluba satılacağı halda transfer haqqı iki klub arasında bərabər şəkildə bölünəcək. Rəhmanı Türkiyəyə buraxan "Bakı"nın vitse-prezidenti Zeynal Məmmədov: "Biz ona görə "Altay"dan pul istəmədik. Klubdan təklif alınca, dedik ki, Rəhmanı icarəyə verməyə hazırıq, bir şərtlə ki, müqavilənin maddi tərəfini özüylə danışın. Mən belə gənclərin xaricdə oynamasının tərəfdarıyam. "Bakı" üçün fəxrdir ki, onun futbolçuları Türkiyə komandalarının maraq dairəsinə düşür. Sabah bu uşaqlar Azərbaycanın əsas millisinin şərəfini qoruyacaq və hamı biləcək ki, "Bakı"nın yetirməsidir. Digər cavan futbolçularımızın da ölkəmizdən kənarda çıxış etməsinə şərait yaratmağa hazırıq. Cüneyrt Biçər "Altay"da çalışır, mə nonu yaxşı tanıyıram. Bilirəm ki, bir gözü həmişə Rəhmanın üstündə olacaq. "Altay" futbolçumuzu heyətinə qatmaqda çox israr göstərdi. Yəqin ki, əsas heyətdə yer verəcəklər. Az keçməz, Superliqa klublarından da onu istəyərlər".