
"Xəzər-Lənkəran"ın Avroliqanın I təsnifat mərhələsində Moldova "Olimpiya"sı ilə Kişinyovdakı oyununu (0:0) keçmiş futbolçusu Denis Kalinkov da stadiondan izlədi. Matç başlayar-başlamaz "Zimbru"ya məxsus arenaya gələn hücumçu mövsüm bitən kimi onun heyətindən kənarlaşdıran lənkəranlılara yenə xidmət etməyi düşünür. Hər halda qarşılaşmadan sonra mətbuat işçiləri və klub rəsmiləri ilə görüşən legioner bu istəyini açıq dilə gətirdi.
Kalinkov komandanın şam etdiyi yeməkxanaya gedərək, futbolçularla da hal-əhval tutdu. Emeka Opara ilə nümayişkaranə şəkildə qucaqlaşan moldovalının Ağasəlim Mircavadovla üz-üzə gəldiyi epizod da maraqlıydı: başh məşqçi avtobusun qarşısında dayanmış sabiq oyunçusunu görüncə, gülümsədi və "Denis, nə var, nə yox" deyib, ona əl uzatdı. Fürsətdən istifadə edib, futbolçunu biz də söhbətə çəkdik.
- "Xəzər-Lənkəran"la müqaviləmin müddəti hələ bitməyib. Onlarla 1 illik sözləşməm hələ davam edir. Ola bilsin ki, geri döndüm. Mən bunu istəyirəm. Lənkəran klubu ilə danışıqların müsbət nəticələnəcəyini istisna etmirəm. "Xəzər"də oynadığım müddətdə unudulmaz günlər keçirmişəm. Hər şeyin ilk aylardakı kimi olmasını istəyirəm. Azəröaycanda ilk oyunum "İnter"ə qarşı olub. Matçın ikinci hissəsində meydana çıxıb, son dəqiqələrdə "İnter"in qapısından həlledici topu keçirdim. Deməzdim ki, bu 1 ildə özümü tam göstərə bildim. Zədələr məni az geri salmadı.
- "Xəzər"lə danışıqlara yenidən başlamısan?
- Söhbət gedir. Mən birbaşa danışıqların içində deyiləm. Menecerim bununla məşğuldur. Azərbaycan çempionatı yenə mənim üçün maraqlıdır.
- Mayda Avstriyada milli komandamızla yoldaşlıq görüşündə iştirak etdiyin zamanı ora yollanaın "Olimpik-Şüvəlan"ın rəhbərliyinin maraq dairəsinə düşmüşdün. Hər halda klubun prezidenti Vaqif Qasımov açıqlamasında səni heyətində görmək istədiklərini, hətta ilkin razılığın əldə olunduğunu bildirmişdi.
- "Olimpik-Şüvəlan"ın rəhbərliyi ilə sonradan telefon söhbətim olub. Ancaq bu komandaya keçidlə bağlı razılıq əldə etməmişik. İndi "Olimpik-Şüvəlan"a transferimi real saymıram.
- Nə üçün?
- Azərbaycanda güclü klublar çoxdur. Keçsəm, onlardan birinə keçəcəm.
- Real təkliflər var?
- İki-üç dəvət almışam.
- Ad çəkə bilərsən?
- Mənim üçün birinci növbədə "Xəzər" gəlir. Çünki Lənkəranda oynamışam, komandanın potensialına tam bələdəm. Yaxşı şəraiti və futbolçuları var. Təəssüf ki, son mövsümdə çempion ola bilmədik. Çempionluğu son turda əlimizdən qaçırmağımız üzücü oldu. Halbuki inanırdım ki, birinci yeri biz tutacağıq.
- Rəhbərliklə münasibətlərin qaydasındadır?
- Heç bir problem görmürəm. Mən onlara neyləmişəm ki? Moldovaya gələndən sonra onlarla görüşmüşəm də.
- Bəs niyə klubdan ayrıldın?
- "Xəzər"dən birdəfəlik ayrıldığımı demək tezdir. Təkrar ora qayıda bilərəm. Lənkəranlı azarkeşlərin məni istəməsindən xəbərdaram. Meydanda olduğum hər oyunda məni sonadək dəstəkləyiblər. Başa düşürsüz, orda oynamaq futbolçuya zövq verir. Hər oyunda tribunalar dolur və sən alqışlanırsan.
- Baş məşqçi Ağasəlim Mircavadovla danışmısan?
- Onunla da görüşdüm. İnanmıram ki, Mircavadov məndən imtina etsin.
- Nə dedi?
- Heç... Onunla elə-belə, ayaqüstü görüşmüşəm. Hal-əhval tutduq.
- Rüşkdə "Xəzər-Lənkəran"ın rəqibi "Olimpiya" olunca, Moldova klubundan səninlə əlaqə saxladılar? Çünki yerli mətbuat yazdı ki, keçmiş klubun barədə bütün məlumatları onlara verəcəksən.
- Bu haqda "Olimpiya"dan heç kimlə söhbətim olmayıb. Mənim "Xəzər"lə münasibətlərim kəsilməyib ki, onlardan məlumat verim. Mətbuatda yazılanlar kimlərinsə fantaziyasıdır. Tam səmimi deyirəm. "Olimpiya"da çox adamı tanımıram.
- Oyunu izlədin, indi nə fikirləşirsən?
- İki komanda da bir-birini yaxından tanımırdı. Mənə elə gəldi ki, "Xəzər-Lənkəran"ın əsas fikri səfərdən sərfəli nəticəylə qayıtmaq idi. Yəni, minimum heç-heçə, imkan olarsa, qələbə qazanmaq. Açıq və çox da maraqlı oyun izləmədik. "Olimpiya" meydan sahibi olmasından faydalanmaq istədi. Amma matçın müəyən hissələrində ərazi üstünlüyü əldə etməsindən başqa heç nə qazanmadı. "Xəzər"in müdafiə xətti öz üzərinə düşəni etdi. Görürəm ki, komandaya yeni futbolçular gətirilib. Tanış futbolçuların hər biriylə görüşüb, danışdım. Burda xeyli dostlarım var. Sevinirəm ki, hamısı məni yaxşı qarşıladı.
- Lənkəranda keçiriləcəka cavab görüşündə nə baş verə bilər? İnanırsan ki, "Xəzər" doğma publika önündə qələbə qazanacaq?
- Ona şübhə etmirəm. Lənkəranda keçiriləcək qarşılaşmanı birinci oyunla müqayisə etməyək. "Olimpiya"nın futbolçuları onları orada nə gözlədiyini bilmir. Lənkəranda hələ Avropa səviyyəli klub turnirləri keçirilməyib. İlk belə oyun olacaq. Mən təsəvvür edirəm ki, şəhərdə, xüsusən stadionda hansı ab-hava yaranacaq. Azarkeşlər "Olimpiya"ya rahatlıq verməyəcək. "Xəzər" cavab görüşündə inamlı qələbə qazanacaq. "Olimpiya" məğlubiyyətə məhkumdur. Yerlilərim olsa da, mən onlara heç bir şans tanımıram.
- Bir qədər əvvəl dedin ki, Azərbaycana qayıtmağa həvəslisən. Bəlkə Moldovada qaldın, ola bilər?
- Yox. Moldovada oynamaq fikrindən qəti uzacam. Bundan söhbət də gedə bilməz. Ölkə çempionatında mənim tələblərimə cavab verən klub yoxdur. Azərbaycanda isə 2-3 klub məni birbaşa müqaviləyə dəvət edir. "Xəzər"lə danışıqlarımız istədiyim kimi alınmasa, paytaxt klublarından birinə keçəcəm.
- Bu, nə vaxt bilinəcək?
- Az qalıb...
- Dubay və Rusiya klublarından təklif aldığını eşitmişik. Bu məsələ nə yerdə qalıb?
- Mən heç vaxt pul arxasınca qaçmamışam. Hətta "Xəzər"ə də ona görə gəlməmişəm. Bunu orda da bilirlər. Real qiymətiminn nə olduğunu özüm də bilirəm. BƏƏ-yə getmək vaxtım deyil. Mən hələ Avropada oynamalıyam. Yaşımın elə çağıdır ki, böyük klubların birinə keçə bilərəm. "Xəzər"ə təzə gələndə, Antalya toplanışında iştirak etdik, həmin vaxt Moskva "Spartak"ının nümayəndələri məni bəyənmişdi. Milliylə birlikdə Avstriyada olanda da, İspaniyadan menecerlər gəlmişdi. Onların arasında "Seviliya"nın adamları da varıydı. Rusiyadan "Krılya Sovetov" xəbər göndərdi ki, gəlib birbaşa müqaviləyə qol çəkim. Ukraynadan da eyni istəyə düşən klublar oldu. Futbolsuz günlərim çox çəkməyəcək. Azərbaycana qayıtsam, əvvəlkindən də yaxşı oynayacam. Artıq zədəm tam sağalıb.
- Yığmamızla yoxlama görüşündə də iştirak etdin. Komandamızın oyunu səndə hansı təəssürat oyatdı?
- Berti Foqts yığmanızın oyun üslubunu dəyişib. Əsasən gənc futbolçulardan qurulan komandaya qarşı oynadıq. Hesab 1:1 oldu. İkinci hissədə zədələnməsəydim, əvəzlənməyəcəkdim.
İlkin
Bakı-Kişinyov-Bakı
P.S. Mətbuat işçiləri və azarkeşlər üçün ayrılmış avtobus stadionu tərk etməyə hazırlaşarkən, Kalinkov içəri qalxdı. Gözləri yaşaran futbolçunun səmimiliyini bu sözlərindən hiss etmək çətin deyildi: "Dostlarım, sizlərin hər birinizdən razıyam. Azərbaycanda məni özünüzdən biri kimi qəbul etdiz. Verdiyiniz dəstəyə görə sağ olun. Ümid edirəm ki, yenidən görüşəcəyik. Hələlik, sizə uğurlar!".