Qitə birinciliyində yeni tarix
Bolqarıstanın Samokov şəhərində gənclər arasında güləş üzrə keçirilən Avropa birinciliyi başa çatıb. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətidən verilən məlumata əsasən, yarışın son günü yunan-Roma güləşçiləri mübarizəni davam etdirib. 55, 66, 84 və 120 kq çəkidə mübarizə aparan güləşçilərimizdən yalnız Rəsul Cunayev (66 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxa bilib. Təmsilçimiz ard-arda moldovalı İon Luçitanı (7:0, 1:0), latviyalı Kristaps Kalnakarklisi (5:1, 6:0), erməni Gevorg Sahakyanı (5:1), xorvat Dominik Etlingeri (5:0) hesablı təmiz qələbələrlə məğlub edərək finala yüksəlib. Finalda gürcü Saçino Davitaia üzərində də inamlı qələbə qazanan (7:0, 0:2, 7:1) Rəsul Cunayev Avropa birinciliyinin qalibi olub. Beləliklə, Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının sədri Əjdər Cəfərovun da hakim kimi ölkəmizi təmsil etdiyi Avropa birinciliyində hər üç yığmamız ümumilikdə 10 medal qazanıb və güləş tariximizdə yeni bir tarix yazıb.
4 qızıl medal
50 kq - Eldəniz Əzizli (yunan-Roma güləşi)
55 kq - Toğrul Əsgərov (sərbəst güləş)
60 kq - Kamran Məmmədov (yunan-Roma güləşi)
66 kq - Rəsul Cunayev (yunan-Roma güləşi)
3 gümüş medal
44 kq - Marziget Baqomedova (qadın güləşi)
96 kq - Xangirey Asyatilov (sərbəst güləş)
120 kq - Aslan Dzebisov (sərbəst güləş)
3 bürünc medal
51 kq - Patimat Baqomedova (qadın güləşi
60 kq - Ümüd Məmmədov (sərbəst güləş)
66 kq - David Suynucxanov (sərbəst güləş)