
"Qalatasaray" klubu 5 əcnəbi futbolçu alacaq. Bu barədə klubun prezidenti Adnan Polad keçirdiyi mətbuat konfransında deyib: "Ehtiyacımız olan futbolçuları alacağıq. Onlardan 2-si ilə danışıqlar başa çatıb. İndiyədək 5 türk futbolçu almışıq. Amma onları yox sayırlar. Sanki heç transfer etməmişik. Onlar da yaxşı futbolçulardır. Bundan sonra 5 əcnəbi futbolçu ilə anlaşacağıq".
Harri Küellin komandada qalmasını istədiklərini bildirən başqan avstraliyalı futbolçuya yeni təklif verdiklərini də açıqlayıb: "Küellin komandada qalmasını istəyirik. Amma xroniki zədəsi problemlər yaradır. Ona cüzi miqdarda qaranti pul və matç başına mükafat təklif etdik. Çünki zədəsi ciddi problemlər yaradır. İndi onun cavabını gözləyirik".
Adnan Polad "Qalatasaray"ın hədəfində olan Miroslav Stokun "Fənərbağça"ya keçidinə də münasibət bildirib: "Stokun transferi bizim üçün önəmli deyil. Biz rəqiblərimizin transfer işlərini pozmağa çalışmadıq. Əminəm ki, rəqiblərimiz də bizdən ibrət götürəcək. İndiyədək kimsənin transfer çalışmasını əngəlləmədik. Amma bundan sonra ola bilər".
"Qalatasaray"ın prezidenti Haldun Üstünəlin istefasına da aydınlıq gətirib: "Üstünəllə 4 ildir ki, çiyin-çiəyinə çalışırdıq. İnsanlar bəzən yorğunluqdan və ətrafdakı səhv yönləndirilməsindən yanlış qərarlar verə bilir. Haldun da məncə bir yorğunluq dönəmi keçirdi. Onun istefası doğru qərar deyildi. Mənim işim onu yenidən aktiv fəaliyyətlə məşğul olacağı vəzifəyə gətirməkdir. İnşallah tətilindən sonra onunla bir daha danışacam. Haldunun küskün olması, bizim də ondan incik olmağımız anlamına gəlməz. Bizi bura kimsə zorla gətirmədi. Burda da zorla qalmayacağıq. Bizim vəzifəmiz "Qalatasaray"lılar arasında davanı, küskünlüyü, incikliyi aradan qaldırmaqdır".