
"XƏZƏR-LƏNKƏRAN" (AZƏRBAYCAN) - "OLİMPİYA" (MOLDOVA) 1:1 (0:1)
Lənkəran. Şəhər stadionu. 10000 tamaşaçı
Hakimlər: Vitali Sevostyanik, Vitali Malyutin, Sergey Quşa, Vadim Pançenko (hamısı Belarus).
Hakim-inspektor: Burqnon İves (İsveçrə).
UEFA nümayəndəsi: Hasan Ceylan (Türkiyə).
Qollar: J.Jerom 13 // A.Lalin 77.
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub
İlk oyun: 0:0
"XƏZƏR-LƏNKƏRAN": 25.Kamran Ağayev (k), 3.Elvin Beqiri, 4.Elnur Allahverdiyev, 21.Radomir Todorov, 22.David İmedaşvili, 72.Devran Ayhan (18.Alim Qurbanov 58), 14.Rahid Əmirquliyev, 30.Mario Souza, 9.Zaur Ramazanov (20.Amid Hüseynov 64), 12.Allan Lalin, 15.Emeka Opara (10.Xaqani Məmmədov 67).
Ehtiyatda qalanlar: 1.Dmitri Kramarenko, 7.Ruslan Poladov, 17.Asif Məmmədov, 55.Tural Cəlilov.
Baş məşqçi: Ağasəlim Mircavadov.
"OLİMPİYA": 12.Sergey Paşenko, 2.Cude Oqada, 5.Nikola Orlovski (k), 9.Georgi Ovsyannikov, 13.Jan-Robens Jerom (20.Yevgeni Xorolski 75), 14.Andrey Tkaçuk (6.Tomas Kouroma 90+2), 15.Aleksandr Keltuyale, 21.İbrahim Kamara (25.Oluvayummi Solide 85), 17.Mixail Paçesinyus, 18.Eduard Valyuta, 30.Culius Adaramola.
Ehtiyatda qalanlar: 32.Mixail Payuş, 3.Viktor Verbetski, 4.Sergey Qusakov, 7.Maksim Repinetski.
Baş məşqçi: Nikolay Bunya.
İlk oyun 0:0 hesabı ilə başa çatdığından "Xəzər-Lənkəran" qələbə qazanmağa borclu idi. Cənub komandasını "Olimpiya" üzərində qalibiyyətə vadar edən əsas məqam bu komandanın tarixində ilk dəfə Avrokubok oyununu məhz Lənkəranda, doğma azarkeşlər önündə keçirməsiydi. Qələbə həm də ona görə vacib idi ki, təmsilçilərimiz indiyə qədər Moldova komandalarını məğlub edə bilmirdilər. Oyundan əvvəl uğursuzluq olacağı halda, klubun sahibi Mübariz Mənsimovun Ağasəlim Mircavadovu yola salacağı xəbəri yayılmışdı. Qarşılaşmaya gəlincə, matç başlayan kimi dərhal irəli atılan meydan sahibləri erkən qol vurmaq istəyində olduqlarını göstərdilər. Epizodlardan birində rəqibin cərimə meydançasının yaxınlığında Lalinə qarşı kobudluq edildiyindən "Xəzər-Lənkəran" cərimə zərbəsi vurmaq hüququ qazandı. İmedaşvilinin zərbəsi müdafiəçiyə dəyib qayıtsa da, Todorovun vurduğu top qapının üstündən keçdi. 10-cu dəqiqədə bu dəfə Rahid hədəfi düzgün nişan ala bilmədi. "Olimpiya" futbolçuları tədricən özlərinə gəldilər. 12-ci dəqiqədə Georginin zərbəsi müdafiəçinin ayağına dəyərək kənara çıxdı və künc ötürməsindən sonra isə Kamran topu yumruğu ilə uzaqlaşdıra bildi. Buna baxmayaraq, artıq 14-cü dəqiqədə Mircavadovun komandası ağır zərbə aldı. Adamarolanın ötürməsindən sonra Jan Robensin qol vurması meydan sahiblərinin işini düyünə saldı. Tezliklə hesab bərabərləşə bilərdi. Ancaq Lalin cərimə meydançasında topu qapıya vurmaq əvəzinə ötürmə verdi və bu, nəticəsiz qaldı. Bundan sonra mübarizə mərkəzdə getdi. 34-cü dəqiqədə meydan sahibləri rəqib qapısına ardıcıl bir neçə zərbə vursa da, qol vurulmasına imkan verilmədi. İlk hissənin sonuna kimi qonaqlar üstünlüyü qorumaqla fasiləyə rahat yollandılar.
İkinci hissə fərqli məcrada keçdi. Bu yarıya "Olimpiya" hücumla başladı. Ancaq Georginin zərbəsi effektli olmadı. "Xəzər"in təzyiqləri nəticə vermirdi. "Olimpiya"nın oyunçuları əks-hücumlarda daha təhlükəli olsa da, bu imkanları boşa verirdilər. 57-ci dəqiqədə Beqiri yaxşı oynadığından hesab arasındakı fərq artmadı. Bundan sonra Alim Qurbanov mübarizəyə qoşuldu. 61-ci dəqiqədə yenə əks-hücum zamanı Georgi Kamranla üzbəüz qalsa da, istəyinə çatmadı. 64-cü dəqiqədə Amid Hüseynovla əvəzlənən Zaur Ramazanov azarkeşlər tərəfindən fitə basıldı və futbolçu birbaşa paltardəyişmə otağına yollandı. Bu dəqiqələrdə azarkeşlər Ağasəlim Mircavadovun istefasını tələb etdilər. Getdikcə təzyiqi artıran lənkəranlılar 78-ci dəqiqədə qol vura bildilər. Todorovun sağ cinahdan cərimə zərbəsindən otürdüyü topu Lalin başla tora göndərdi. Ancaq mərhələ keçmək üçün bir qol da lazım idi. Təmsilçimiz qələbə qolunu vurmaq üçün artıq bütün qüvvə ilə irəli atılmışdı. Bir epizodda İmedaşvili əlverişli mövqedən topu başla qapıya vura bilmədi. 89-cu dəqiqədə Amidin zərbəsini qapıçı çətinliklə dəf etdi. Hakimin əlavə etdiyi 5 dəqiqədə də heç nə edə bilməyən "Xəzər- Lənkəran" Avrokuboklarda mübarizəni dayandırmaq məcburiyyətində qaldı. Oyunun gedişində hiss olunurdu ki, əksər futbolçular qəsdən bütün gücləri ilə oynamırlar. Baş məşqçi Ağasəlim Mircavadov isə çıxış yolunu üzr istəmək və istefa verməkdə gördü: "Lənkəranlı azarkeşlərdən üzr istəyib istefa verirəm. Buranı heç vaxt yaddan çıxarmayacam. "Xəzər"də xoş günlərimiz çox olub...". "Olimpiya"nın baş məşqçisi Nikolay Bunya isə "Xəzər"in zəif oynadığını bəyan etdisə də, Lənkəran azarkeşləri isə Moldova klubunu alqışlarla yola saldılar...
Zaur Ramazanovun da avrokuboklarda seriyası qırıldı. 34 yaşlı futbolçu qitə miqyaslı turnirdə ilk mövsümdə qol vura bilmədi. İndiyədək avrokuboklarda "Xəzər-Lənkəran"ın heyətində oynayan Ramazanov 4-cü mövsümünü keçirdi. O, 2005 və 2008-ci ildə UEFA kubokunda Moldovanın "Nistru" və Polşanın "Lex" klubuna səfərdə qol vurmuşdu. Zaur 2007-ci ildə Çempionlar Liqasında Zaqreb "Dinamo"su ilə Bakıdakı görüşdə də rəqib qapısına yol tapmışdı. Bu görüşlərin hər birində komandasının yeganə qoluna Ramazanov imza atıb. Açığı, 2 illik fasilədən sonra "Xəzər-Lənkəran"a qaytarılan Ramazanova böyük ümidlər bəslənilirdi. Ancaq bir ildən artıqdır qol vurmayan Zaurun formada olmamağı bir daha təsdiqləndi. "Olimpiya" sürətli hücumçunun avrokuboklarda seriyasını bitirdi. Avropanın əksər bukmeker kontorları isə "Xəzər-Lənkəran"ın qələbəsinə daha çox inanırmış. Türkiyənin ən böyük bukmeker analiz portalı hesab olunan bahisanaliz.com saytının xəbərinə görə, iyulun 8-də ən çox pul cənub təmsilçisinin qələbəsinə yatırılıb. Belə ki, avropalı bukmekerlər lənkəranlıların qələbəsinə 200 min avro pul qoyuluşu ediblər. Oyun günü "Xəzər-Lənkəran"ın qələbə əmsalı 1.60-dan 1.52-dək enmişdi.