Deku Braziliya çempionatında
"Çelsi"nin ulduz futbolçusu Deku karyerasını Braziliya A Seriyasında davam etdirə bilər. Bu barədə təcrübəli futbolçu özü açıqlamasında bildirib. Portuqaliya yığmasının yarımüdafiəçisi "Çelsi" ilə müqaviləsi pozulacağı halda Braziliyanın "Fluminenese" klubuna keçəcəyini deyib. Ötən mövsüm "Çelsi"nin əsas heyətinə düşməkdə çətinlik çəkən 32 yaşlı futbolçu Braziliyaya dönmək niyyətində olduğunu və komandadan ayrılmaq üçün anlaşmasının pozulmasını gözlədiyini bildirib. "Əgər "Çelsi" getməyimə icazə versə, "Fluminense"yə verilmiş bir sözüm var. Amma hələ ki, ilkin müqavilə imzalamamışam. Londonda karyeram bitdikdə Braziliyaya gedəcəm", deyə futbolçu "Daily Star" açıqlamasında qeyd edib. Qeyd edək ki, 1996-1997 mövsümündə Braziliyada "Korintians"ın formasını geyinən Deku 1997-ci ildə "Benfika"ya transfer olunub. 1997-1998 mövmündə Portuqaliyanın "Alverka", sonrakı mövsümdə "Salqueyros" klublarına icarəyə verilib. 1999-2004-cü illərdə "Portu"nun şərəfini qoruyan futbolçu 2004-2008-ci illərdə "Barselona"nın formasını geyindikdən sonra - 2008-də "Çelsi"yə transfer olunub. İndiyədək London klubunda 43 oyun keçirib və 5 qol vurub. 75 dəfə formasını geyindiyi Portuqaliya yığmasında 5 qola imza atan Deku "Portu" ilə 4 dəfə Portuqaliya çempionatının, 3 dəfə kubokun, 3 dəfə də Super Kubokun qalibi olub. 2003-cü ildə UEFA Kubokunu başı üzərinə qatldıran futbolçu bir il sonra Çempionlar Liqasında enyi uğuru təkrarlayıb. "Barselona"nın heyətində iki dəfə İspaniya çempionu və iki dəfə Super Kubokunu qazanan Deku 2006-cı ildə ikinci dəfə Çempionlar Kubokunu başı üzərinə qaldırıb. Son klubu "Çelsi"də isə Premyer Liqanın və "FA Cup"un qalibi adını qazanıb.