
"Bakı"nın təklifi və məqsədi məni tam qane edirdi. Artıq biz müqavilə bağlamağa hazırlaşdığımız vaxt məsələyə Berti Foqts qarışdı. Azərbaycan yığmasının baş məşqçisi həmyerlisinin tərəfini saxladı". Bu fikirləri "Turan"ın sabiq baş məşqçisi Naci Şensoy Bolqarıstan mətbuatına açıqlamasında deyib. Ötən mövsümün sonuna yaxın Plovdivin "Lokomotiv" klubundan ayrılandan sonra işsiz qalan türkiyəli mütəxəssis "Bakı" variantının olduğunu bildirib. Şensoyun sözlərinə görə, son ölkə kubokunun qalibi təcrübəli almaniyalı mütəxəssis Vinfred Şaferə qədər onunla danışıqlar aparırmış. Ancaq bu variant sonda baş tutmayıb: "Yenidən "Turan"a rəhbərlik etmək variantım da var idi. Ancaq özüm bu təklifdən imtina etdim. Həmin variant indiyə kimi aktualdır. Biz razılaşmışıq ki, bu günlərdə onlara son cavab verəcəyik. Ancaq yəqin ki, bu təklifdən imtina edəcəyəm. Mən elə məşqçi deyiləm ki, turnir cədvəlinin ortalarında yerlə qane olum".
Onun bu açıqlamasına "Bakı" da münasibət bildirib. Klubun rəsmi saytı türkiyəli mütəxəssislə heç vaxt danışıqlar aparılmadığını bəyan edib: "Son günlər bəzi kütləvi informasiya vasitələrində "Bakı"nın baş məşqçisi postuna Naci Şensoyun gətirilməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Bildirmək istəyirik ki, "Bakı" futbol klubunun baş məşqçisi postuna namizədlər siyahısında Naci Şensoyun adı heç vaxt olmayıb. "Bakı"nın rəsmilərindən onunla heç kim danışıq aparmayıb".
Məsələnin mahiyyətini biz də öz kanallarımız vasitəsilə araşdırdıq. "Futbol+Qol"a məlumat verən mənbə bildirdi ki, Şensoyun adı nə ilk, nə də son günədək mümkün namizədlər siyahısında yer alıb. Sadəcə, o, tanış azərbaycanlı menecerlərlə klub rəhbərliyinə yol tapmağa çalışıb. Hətta təklif edib ki, birinci ili ona müqavilə haqqı ödənilməsin, yalnız nəticə verərsə, maddi qarşılığı olsun. Şaferin Foqts tərəfindən gətirilməsinə gəlincə, bu da kökündən yanlış informasiyadır. Bizdə dəqiq məlumat var ki, əslində, millinin baş məşqçisi və AFFA-nın bəzi məsul şəxsləri onun "Bakı"ya təyinatının qəti əleyhinə çıxıb. Foqts keçiddən xəbər tutan kimi federasiyadakı adamlarıyla kluba mesaj göndərib ki, Şaferlə işbirliyi qurmasınlar. Onun barəsində mənfi danışıb. AFFA-nın vitse-prezidenti Elşad Nəsirov da olaya qarışıb. Şaferin özü də hər şeyi bilir. Maraqlıdır ki, o da Foqts barədə olduqca pis fikirdədir. Futbol qurumunun "Bakı"ya təzyiq göstərməyə çalışmasından bilgilənib. AFFA rəsmilərinin əl-ayağa düşməsinin yeganə səbəbi də bizə məlumdur. Birincisi, Kamerun yığmasının keçmiş çalışdırıcısı Bertinin əliylə bura gəlməyib. İkincisi, Foqts Almaniya yığmasıyla 1996-cı ildə Avropa çempionu olanda, o, ölkənin ən yaxşı məşqçisi seçilib ki, bu da həmyerlisinin yadından çıxmayıb. Və indi də hər vəchlə çalışır ki, qabağını kəssin. Üçüncüsü, Foqts və havadarları qorxur ki, Şafer "Bakı"da uğur qazanarsa, sabah millinin sükanı arxasına keçməyə namizədliyi gündəmə gələ bilər. Təsadüfi deyil ki, təyinatın üstündən 1 aya yaxın vaxt keçsə də, iki alman Azərbaycanda görüşməyib.