
"Neftçi" dünən Avstriyada təlim-məşq toplanışın çərçivəsində üçüncü yoldaşlıq oyununda Rumıniyanın "Universitatea Cluj" komandası ilə qarşılaşıb. Görüş rumınların qələbəsi ilə başa çatıb - 1:0. İlk hissədə qapısında qol görən "Neftçi" ikinci hissəni tam üstünlüklə keçirsə də, qol şanslarından istifadə olunmayıb. Yoldaşlıq xarakteri daşıyan oyunda baş məşqçi Arif Əsədov gənc oyunçularla yanaşı, baxışda olan fransız futbolçu Traore Mussanı da sınaqdan keçirib. Təlim-məşq toplanışı iyulun 13-də başa çatacaq. Daha sonra hazırlığını Bakıda davam etdirəcək komanda "Qəbələ"nin təklifi ilə ayın 17-də bu komanda ilə yoldaşlıq görüşü keçirməyi planlaşdırır. İyulun 19-da isə "ağ-qaralar" Bakı-Ankara reysi ilə Türkiyəyə yola düşəcəklər. Bolu şəhərində məskunlaşacaq "Neftçi" qardaş ölkədə bir neçə yoldaşlıq görüşü keçirməyi nəzərdə tutur. Komanda üzvləri avqustun 1-də Bakıya dönərək Premyer Liqaya hazırlığı burada davam etdirəcəklər. "Neftçi"nin baş məşqçisi Arif Əsədov: "Bu toplanışda əsas məqsədimiz heyətdəki futbolçuların nəyə qadir olduqlarını yoxlamaqdır. Bunun üçün məhz güclü komandalarla qüvvəmizi sınamağı qərara almışıq. Gənc futbolçularımızın təcrübə qazanması baxımından, adlı-sanlı futbolçulara qarşı necə mübarizə aparmasını öyrənməsi çox vacib amildir. Artıq Avstriya toplanışından sonra ikinci təlim-məşq üçün yollanacağımız Türkiyədə heyətdə hansı futbolçuların yer alacağı məlum olacaq. Yəni, hazırkı toplanışdan çox şey asılıdır. Burada yoxlama görüşlərində özünü göstərmək üçün bütün futbolçulara şans verilir".
Paytaxt təmsilçisinin makedoniyalı müdafiəçi Slavko Georgiyevski də bildirib ki, "Neftçi"nin heyətində ulduz ola biləcək xeyli sayda gənc futbolçu var: "Komandanın düşərgəsində az müddətdir olsam da, daxildə olan ab-havaya valeh olduğumu deməliyəm. Prezident başda olmaqla, klub rəhbərliyi, baş məşqçi Arif Əsədov kollektivdə əla atmosfer yaradıblar. Baş məşqçimiz bu gənclərə xüsusi önəm verir. Hazırda demək olar ki, yeni komanda qurulur. "Neftçi"nin xeyli sayda azarkeş ordusu olduğunu eşitmişəm. "Neftçi" böyük klubdur və biz çalışacağıq ki, öz oyunumuzla və qazandığımız nəticələrlə azarkeşlərimizi sevindirək. Artıq "Neftçi"ni seçməklə, doğru addım atdığımı gördüm". "Neftçi" Makedoniya yığmasının daha bir üzvünü transfer etmək istəyir. "Ağ-qaralar" tanınmış futbolçu İqor Mitrevski ilə maraqlanır. Milli komandasının kapitanı olan 31 yaşlı müdafiəçi bu ilin mayın 29-da Avstriyada keçirilən yoldaşlıq görüşündə (3:1) iştirak edib. Həmin oyunu stadiondan izləyən "Neftçi"nin baş məşqçisi Arif Əsədov yarımmüdafiəçi Slavko Georgiyevskini bəyənmiş və sonradan transfer reallaşmışdı. Mitrevski Moskva "Spartak"ında (2001-04, 120 oyun) ilə çıxışı ilə tanınaraq, Rusiya çempionluğu, kubokunu qazanıb. Almaniya bundesliqasında "Enerji" klubunun (2006-09, 75 oyun) şərəfini qoruyan makedoniyalı bu ildən Bolqarıstanda oynayır. İqor Sofiya MOİK-ində 4 oyun keçirib. Müdafiəçi 2001-ci ildən cəlb olunduğu yığmasında 62 oyuna 1 qol vurub.