
"Bakı" Avroliqaya hazırlıq çərçivəsində Almaniyada təlim-məşq toplanışını başa vurub. Vinfred Şaferin baş məşqçisi olduğu komanda son yoxlama oyununu II Bundesliqa təmsilçisi "SV Alemaniya" ilə keçirib və 3:3 hesablı heç-heçə edib. Əvvəlcədən rəqibin "Köln" olacağı açıqlansa da, qeyri-müəyyən səbəblərdən sparrinq dəyişib. Almanlarla görüşdə "Bakı"dan qol vuranlar yeni transfer Emin Cəfərquliyev, Əziz Quliyev və Stevan Bates vurub. Şaferin yetirmələri Almaniyada keçirdikləri iki həftəlik toplanışda keçirdikləri 4 yoxlama oyununda uduzmadı. Görüşlərdən ikisi "Bakı"nın qələbəsi ilə nəticələndi, iki oyun isə sülhlə bitdi. Təmsilçimiz bu gün axşam saatlarında vətənə dönərək, son məşqlərini Bakıda keçirəcək. "Bakı" Avroliqada II təsnifat mərhələsində Çernoqoriyanın "Buduçnost" klubu ilə ilk oyunu iyulun 15-də evdə keçirəcək. Bu ilin əvvəlində "Bakı"ya transfer olunan moldovalı Vyaçeslav Safroni ölkəsinin mətbuatına Azərbaycandan və yeni klubunun hədəflərindən danışıb: "Bakıda bir həftə məşq keçəndən sonra Almaniyaya təlim-məşq toplanışının ikinci mərhələsi üçün gəldik. İndi əsas məqsəd fiziki hazırlığımızı yüksəltmək və heyəti komplekləşdirməkdir. Əlbəttə, əsas məqsədimiz Avropa Liqasına yaxşı hazırlaşmaqdır. Bizdə yeni oyunçular var. Gərək yaxşı kollektiv yaradaq. "Bakı"ya yeni baş məşqçi təyin edilib - Vinfred Şafer. Bizdə təkcə əsas çalışdırıcı eyil, bütün məşqçi heyəti dəyişib. Onların hamısı Avropanın aparıcı klublarında və milli komandalar səviyyəsində işləyiblər. Yaxşı mütəxəssislərdir. Bu mənada, dəyişikliklərə uyğunlaşmaq çətin olmadı. Məşq prosesinin əvvəlkilərdən fərqi ondadır ki, biz indi üç məşqçiylə işləyirik. Bunlar fitnes, fiziki hazırlıq üzrə məşqçi və əsas çalışdırıcıdır". Hücumçu "Rəqabətə necə tab gətirə bilirsən?" sualına belə cavab verib: "Bizdə indi çox futbolçu var və hələ bilinmir, daha neçə yeni futbolçu gələcək. Hər məşqdə ciddi rəqabət olur. Rəqabətin yüksək olması futbolçuların təcrübəsinin də artmasına gətirib çıxarır. Rəhbərlik yeni mövsüm üçün hədəflərini müəyyənləşdirib. Hətta hədəflər müəyyənləşməyibsə belə, mən bilirəm ki, "Bakı"nın məqsədi həmişə yüksək nailiyyətlər qazanmaq olub. Biz mütləq Avropa Liqasının qrup mərhələsinə düşməliyik. Daxili yarışlarda isə məqsəd çempionluğu və kuboku qazanmaqdır. Avropa Liqasında rəqibimiz Çernoqoriyanın "Buduçnost" klubudur. Hələlik bu oyun haqda nəsə demək çətindir. Biz Bakıda keçiriləcək ilk oyuna ciddi hazırlaşırıq. Mütləq qol vurmalı və öz qapımızdan top buraxmamalıyıq. Əgər bu komanda haqda az bilgi varsa, o demək deyil ki, onu qiymətləndirməməlisən. Balkan ölkələrində həmişə dinamik və yüksək səviyyəli futbolçular olub". Moldova klublarının oyunlarını izləyəcəyini söyləyən Safroni onlara azarkeşlik edəcəyini gizlətmir: "Komandalarımızın Çempionlar Liqasında və Avropa Liqasında mümkün qədər çox mərhələ keçməsini arzulayıram. Amma hər şey futbolçulardan asılıdır. İnanıram ki, onlar yaxşı, maraqlı və keyfiyyətli oyun nümayiş etdirəcəklər".
Azərbaycan kubokunun son qalibinin Bundesliqadan növbəti transferi reallaşdırmağa hazırlaşdığı barədə xəbər yayılıb. Məlumata görə, Şafer "Köln"ün nigeriyalı futbolçusu Manasseh İşiakunu (28 oyun, 1 qol) almaq istəyir. Alman həmkarlarımızın yazdığına əsasən, Şafer kölnlülərin iki il əvvəl 2,5 milyon avroya aldığı 27 yaşlı hücumçuya təklif irəli sürüb. Şafer az öncə vaxtilə rəhbərliyi altında oynamış Joze Epalleni "Bohum"dan transfer edib. "Bakı"nın hücumçu axtardığını və Şaferin transferlərinin daha çox afrikalılar olduğunu nəzərə alsaq, Manassehin keçidi real görünür. 1,83 metr boya malik nigeriyalının karyerası Belçika və Almaniya klubları ilə bağlı olub. O, "Brügge" (2005-07, 52 oyuna 12 qol), "Duysburq"da (2007-08, 25 oyun 10 qol) da oynayıb. İşiaki 2007-ci ildən cəlb olduğu yığmada 4 oyuna 1 qol vurub. Xəbəri dəqiqləşdirmək istədiyimiz "Bakı"nın vitse-prezidenti Zeynal Məmmədov dedi ki, nigeriyalının keçidi Almaniya mətbuatının uydurmasıdır: "Biz o adda futbolçuyla danışıqlar aparmırıq. Başqa planlarımız var. Heyəti demək olar komplektləşdirmişik. Alsaq, bir hücumçu alarıq. Ceferson burdadır, onu götürmüşük. Transfer vərəqəsi hələ gəlmədiyinə görə adını UEFA-ya göndərdiyimiz iştirak ərizəsinə sala bilməmişik. Kassarionu da Portuqaliyadan buraxmırlar. "Unio Leyriya" klubunun rəhbərliyi müqaviləsi bitmədiyi üçün futbolçudan əl çəkmək istəmir. Verirlər, amma gəlib dəyərindən qat-qat baha çıxır. Söhbəti uzadan da bu məsələdir. Yeni zelandiyalı Şeyn Şmeltslə müqavilənin bütün şərtlərini razılaşdırmışıq. Hər şey hazırdır. Bir-iki xırda iş qalıb, o da bu gün-sabahlıqdır. "Köln"də oynayan afrikalı barədə isə baş məşqçimiz rəhbərliyə heç nə deməyib. Son vaxtlar hansı futbolçunu almışıqsa, birbaşa Şaferin istəyi ilə olub". Almaniyalı baş məşqçi də vətənində verdiyi açıqlamada "Köln"ın hücumçusuyla anlaşmayacaqlarını bildirib: "İşiaku haqda eşitmişəm, mənə məlumat veriblər. Yaxşı futbolçudur, amma indi "Bakı"ya lazım deyil. Mən artıq seleksiyat işini başa çatdırıram. Başqa namizədlər də var, çətin ki, "Köln"ə müraciət edək".
Iyulun 25-də Avropa Liqasında mübarizəyə başlayacaq "Bakı" iştirak ərizəsini UEFA-ya göndərib və orda 25 futbolçunun adı yer alır. Qapıçılar - 1.Marko Şarliya, 13.Aqil Məmmədov, 23.Xalidu Sissoko; müdafiəçilər - 3.Rəfael Əmirbəyov, 5.Stevan Bates, 6.Dare Nibombe, 14.Elvin Əliyev, 15.Cəmşid Məhərrəmov, 21.Emin Cəfərquliyev, 22.Səbuhi Həsənov, 32.Aleksey Savinov; yarımmüdafiəçilər - 4.Vadim Borets, 7.Mahmud Qurbanov, 8.Ernad Skuliç, 10.Joel Epalle, 11.Adnan Barakat, 16.Hacı Əhmədov, 20.Fabio Luis Ramim, 25.Anqulo Murilla Cefersson, 29.Əziz Quliyev, 77.Aleksandr Şoliç; hücumşular - 12.Vyaçeslav Sofroni, 27.Bəxtiyar Soltanov, 30.İbrahim Karqbo, 85.Jaba.