
Allah bu moldovanların evini yıxmasın! Yazıq-zad deyillər. Yazıq "Xəzər-Lənkəran"dı. Yalançı və ikiüzlü Rasim Karadan sonra Ağasəlim Mircavadov yazıq etdi komandanı. Pul çox şey deməkdi, amma hər şey demək deyil - "Olimpiya" əvvəlki illərdə Azərbaycan klubları ilə qarşılaşmış və hamısında qalib gəlmiş digər Moldova təmsilçilərinin təsdiqlədiyi deyimə gerçəklik donu geyindirdi. Yaman pis geyindirdilər özü də.
Püşkün tərs üzü deyildi bu. İsveçrədə rəqiblər açıqlanandan sonra bir çoxları yox, hamı bir ağızdan bəyan edirdi ki, Avrokuboklarda ən asan rəqib "Xəzər"ə düşüb. At papağını göyə, səhərədək kef elə! Tarixində dördüncü dəfə qitə arenasına çıxan Lənkəran klubunun bəxtinə bundan yaxşı "balıq" düşə bilməzdi. Zaqreb "Dinamo"su və "Lex"lə qarşılamış "Xəzər" üçün "Olimpiya"nın ikinci "Nistru" olacağına ən pessimist azarkeş də inanmazdı. 2005-ci ildə keçirilən oyunun qara gətirməsinin səbəbi Karadaydı. Əlindəki geniş heyətə və maliyyə imkanlarına baxmayaraq, hər iki qarşılaşmada moldovanlara boyun əydi. Ac "Nistru" tox rəqibini un çuvalına döndərdi. Karanın ağılsız heyət və taktiki seçimi olmasaydı, "Xəzər" özündən qat-qat zəif klubun önündə aciz duruma düşməzdi.
Geciksən istefa
Moldova komandaları bizim üçün qara kabusa dönüb. Gedib Kişinyovu görüb gələndən sonra nə hala düşürüksə, bir də gözümüzü açıb görürük ki, ip də əldən gedib, it də. Yalnız azərbaycanlılar belə fikirləşir ki, pul eyibi örtür. Ağasəlim Mircavadov bu qeyri-rəsmi zərbi-məsəlin belini qırdı. Yaşlı adamdır, həyatını futbola həsr edib, böyüklü-kiçikli uğurlar qazanıb, adsan yiyəsidir - gərək belə etməzdi. Vaxtında getmək yolların ən düzüdür, o isə gözlədi. Nəyi gözlədi bilmədim. Ölkə çempionu ola bilməyib, kuboku əldən qaçırandan sonra burda qalmağın yeri yox idi. Gedən məşqçi gedərdi. Bu lazım idi ona? Deyirlər ki, Mircavadov getmək istəyib, rəhbərlik qalmağında təkid edib. Olsun da. Əgər onun fikri qəti idisə, heç nəyə baxmayıb, çomadanlarını yır-yığış etməliydi. Görünür, Ağasəlim bəy 1 ayda "Bakı"ya 3 məğlubiyyətin onlarda nə fikir oyatdığını öyrənmək üçün sadəcə bir gedişə əl atıb ki, görüm daha nə qədər qala bilirəm klubda. Kiminin əvvəli, kiminin axırı; bu da "Şöhrət" ordenli mütəxəssisin kitabındandır. İyunda getdi, ya iyulda, nə fərqi? Bu bir ayla o, nə kasıblayacaqdı, nə də varlanacaqdı. Amma gedən hörmətdən getdi. O hörmətdən ki, illərlə, qram-qram yığılmışdı, üstündə əsirdi. Onu bir oyunla yox elədi. "Olimpiya"ya uduzan baş məşqçi klubla qurtarmamalıdı, ümumiyyətlə, futboldan getməlidi. Lənkəran kimi yerdə ikinci dəfə duruş gətirə bilməyəndən sonra heç bir komandanın qapısını açmaq olmaz.
Ayrı xəyal
Son vaxtlar belə rəy yaradılırdı ki, klub rəhbərliyi Ağasəlim bəyin "torbasını tikir". Konkret bu işdə vitse-prezident Tuyqun Nadirovun adı hallanırdı. Yəni, o, baş məşqçinin işinə qarışır, deyilən məsələləri həll eləmir, transferlər olunmur. Mircavadovun hələ Kişinyovdakı ilk oyundan sonra mətbuat konfransında işlətdiyi ifadə odun üstünə benzin tökdü. Jurnalistlərin "niyə səviyyəli futbolçular alınmır" sualına lakonik, eyni zamanda içərisində eyhamlı atmaca yatmış cavabı beləydi: "gedin bunu rəhbərlikdən soruşun". Yox, Ağasəlim bəy, siz gecikmişdiz. Axı arxadan atılan daşın topuğa dəydiyini bilməliydiz. Yaşınız o yaş deyil ki, ağı qaradan seçməyi bacarmayasız. Orda-burda "gedirdim, qoymadılar" deməkdənsə, vaxtında yekun qərar vermək olardı. Demək, kubokdan sonra dilinizdən çıxan "istefa" sözü elə quru söz imiş, gözdən pərdə asmaq istəmisiz. Yox, bunun fərqinə varmışdızsa, niyə iş-işdən keçəndən sonra rəhbərliyi nişangaha gətirirsiz? Baş məşqçi ortada varsa, heç kim "qurbanlıq keçi"sini kənarda axtarmır. Cənubda məmə yeyəndən pəpə deyənədək, hamı bilir ki, Mircavadovun kluba ilk gəlişinin və ikinci dəfə qaytarılmasının təşəbbüskarı, bunun üçün hər şey edən Mais Mənsimov olub. Onu geri çağırmaqdan ötrü daha kimlərlə üz-göz olmadı ki... Necə ola bilər ki, bütün məsuliyyəti öz üzərinə götürmüş, Mircavadov üçün qarantiya dayanmış rəhbər şəxs və ya yaxınları baş məşqçinin pisliyini istəsin? Kökündən absurd fikirdir. Ağasəlim bəyin ölkədaxili uğursuzluqları unutdurması üçün bir yolu qalırdı, o da "Olimpiya"dan başlayan Avropa macərasının ömrünü bacardıqca uzatmaq. Ən pisini etdi - yerli azarkeş "bismillah" deməmiş, "Xəzər" şüarı boğazlarında ilişdi. İstefa xəbəri hər şeydən əvvəl yerli publika və komandanın ürəyincə oldu.
Azarkeş oyandısa...
"Fırtınalar meydanı" adlanan Lənkəran stadionu qısa zamanda çox şeylər görüb. Burda qərar tutmaq istənilən baş məşqçi üçün həm asandır, həm çətin. Asandır ona görə ki, komandası "12-ci oyunçu" tərəfindən dəstəklənir: bütün matçları dolu tribunalar qarşısında keçirir. Çətindir ona görə ki, fanat ordusu meydanda və ondan kənarda baş verən futbolətrafı olayları qəbul eləmir, həmişə qələbə və məzmunlu oyun istəyir. Premyer Liqanın "altılıq" mərhələsini yarımcan keçirən komandanın halını həzm edə bilmədilər. Baş məşqçisini istəyən azarkeş dəfələrlə "istefa" qışqırmazdı, tribunaları ayağa qaldırmazdı. "Fırtına"nın, digər fanklubların "Olimpiya" ilə qarşılaşmaya barmaqarası yanaşmasının, Lənkəranda yaşayan insanların burda ilk dəfə keçirilən qitəmiqyaslı klub turnirinə yarıhəvəs göstərməsi bu günün işi deyildi. Aylardır sürən narazılıq dalğası Mircavadovu gec-tez yelkənsiz qayıq kimi "Xəzər" adlanan dənizdən kənara atmalıydı. Azarkeş belədir, iki-üç dəfə istədiyini meydanda görməyincə, baş məşqçidən üz çevirir. Bu dəfə də eyni hadisə təkrarlandı: oyunun ikinci yarısı yarılanan kimi yarıdolu tribunalar "istefa" tələbinə boğuldu. Sonu gözləməyən tamaşaçının stadionu vaxtından əvvəl tərk etməyə başlaması ötən aylardan yığılıb qalan mənfi təzahüratın davamıydı.
Futbolçu bezmişdi
"X-L"da nə qədər baş məşqçi işləyibsə, hamısının bu və ya digər formada futbolçularla problemi olub. Mircavadovun işlədiyi ilk dönəmlə indiki vaxtı qətiyyən müqayisə etmək olmaz. Heyət fərqi bircə ondan bəlli edir ki, hazırkı komandada lider yoxdur. "Xəzər"in formasını geyinən bütün legionerləri Ağasəlim bəy gətirsə də, heç biri onu istəmirdi. Mario Souza qalmışdı, artıq braziliyalı da 63 yaşlı çalışdırıcıyla yola getmirdi. Dieqo Souza mayın ortasından Braziliyaya gedib, hələ də qayıtmamağa israr göstərir. Ailəsində problemlər olduğunu deyir. Bəhanədir. Emeka Opara Almaniyadakı hazırlığa qatılmır, birbaşa Moldovaya gedir. Müqaviləsi davam etməsəydi, nigeriyalı Mircavadova görə Lənkərana qayıtmazdı. Tuyqun Nadirovun bir açıqlamasına diqqət yetirək; deyir ki, baş məşqçi kimi istəyibsə, almışıq. Hansı birindən istifadə olundu? Tural Cəlilovla Asif Məmmədov hələ lazım olmayıb, hazır deyildilərsə, nə üçün İvan Svetkovla Denis Kalinkovu buraxdız? Mircavadovun iki mənfi cəhəti var: gənclərə bel bağlamır, əcnəbi futbolçuları düzgün seçmir. Yayda gətirdiyini qışda qovur, qışda gətirdiyini yayda. Hər birinə də ətək-ətək pul xərclənib. İvan Pexa, Tomas İneman, Tixon Şişov son 1 ilin içində gəlib-gedənlərdir. Xaqani Məmmədovu formasının pik vaxtında saxlamayan, 3 klub dəyişəndən sonra geri qaytaran mütəxəssis indi ona necə bel bağlaya bilərdi? Aylarla oyun praktikası toplamayan hücumçuyla sən Avropada uğur qazanmaq istəyirdin? Altı ay futbolsuz qalıb, bir elə bu qədər cəzalı olan Zaur Ramazanovu Kişinyovda vaxtı udmaq üçün meydana buraxırsan, Lənkəranda isə əsas heyətdə. Məntiq hardadır? Amid Hüseynova mövsüm ərzində 1 dəfə şans verməyib, "Olimpiya" ilə matçın ikinci yarısında son ümid yeri kimi güvənirsənsə, vay o komandanın halına! Əvəzedici heyətdən gələn gənc futbolçu digər yoldaşlarından yaxşı mənada seçilirsə, deməli, bu müddətdə görülən işlərin və verilən qiymətin dəyəri heç nə imiş! Məşədi İbadın sözü olmasın, gəlini gətirəndə bir baxmazlar ki, bu oğlandır, yoxsa qız? Asiflə Tural zədəli olubsa, öncədən tədbirini almaq olmazdımı?
Boş xəyal
Oyundan 1 gün qabaq Lənkəranda mətbuat konfransı keçirib, hamıya qələbə vədi verən Mircavadovu necə başa düşək ki, ondan əvvəl keçirdiyi məşqdə hücumçuları qapıya 16 zərbə vurur, biri tora düşmür? Üstünü çox ağartmadıq ki, oyunqabağı qanqaraçılıq yaranmasın. Amma vəziyyət bu idi axı. "Xəzər" hələ Kişinyovda uduzmalıydı. İlk hissənin ortası və axırlarında yüzfaizlik qol epizodlarını dəyərləndirməyən "Olimpiya"nın Lənkəranda işinin daha asan olacağını klubun rəsmiləri də açıqlamışdı. Prezident Vladmir Vityukun qəzetimizə verdiyi müsahibədə səfərdə 1:1 edərək, növbəti mərhələyə vəsiqə qazanacağını demişdi. Vityuk, deyəsən, Mircavadovu bizdən yaxşı tanımışdı, bütün "kozırlar"ın bağlamışdı. "Olimpiya"ya məğlubiyyət ona görə biabırçılıqdır ki, bu komandanı nəinki "Xəzər", Azərbaycan çempionatında oynayan heç bir klubla hansı mənada müqayisə etmək qeyri-mümkündür. Ən bahalı futbolçu ayda 600 dollar maaş alan İbrahim Kamara olan "Olimpiya"da illik büdcə heç 600 min dollar deyil. Mükafat fondu 50 dolları keçməyən, oyunçularına məşqdən sonra nahar verməyə gücü çatmayan, borc içində başını itirən moldovanlara uduzan baş məşqçi bir də meydanın kənarında dayanmamalıdır. "Xəzər" bu heyətlə "Olimpiya"nın daşını daş üstünə qoya bilmədisə, Mircavadov təqaüdə çıxmaq barədə raport hazırlasın. Matçdan öncə növbəti mərhələ, Buxarest "Dinamo"su barədə düşündüyünü gizlətməyən Ağasəlim bəy, yəqin ki, əslində, dənizkənarı parkda domino oynamaq vaxtının yetişdiyini qəbul etmək istəmirdi. Rumıniya klubunun baş məşqçisi İoann Andone isə Azərbaycana gəlmək istəmirdi. Avroliqanın II təsnifat mərhələsində rəqibini gözləyən Buxarest təmsilçisinin çalışdırıcısı "Xəzər-Lənkəran"la yox, "Olimpiya" ilə görüşməyi arzulayırdı. Andone Lənkəranda keçirilən görüşün moldovalıların xeyrinə başa çatacağına ümid edirdi. "Olimpiya"nın baş məşqçisi Nikolay Bunya da buna çalışacaqlarını söyləmişdi: "Biz Buxarest klubunun Azərbaycana gəlməməyi üçün hər şey edəcəyik. "Xəzər-Lənkəran"ı keçib, Avroliqanın II mərhələsinə çıxmaq niyyətimiz ciddidir. Bunun üçün aşa bilməyən maneələr yoxdur. Ümid edirəm ki, azarkeşlər oyundan sonra 5 il öncə olduğu kimi, bizi alqışlayacaqlar". Onun nəyə işarə vurması aydındır: "Nistru" 2005-ci ildə UEFA kubokunda Moldovanın "Xəzər-Lənkəran"a Tofiq Bəhramov adına Respublika stadionunda 2:1 hesabı ilə qalib gəldiyi oyunda azarkeşlər rəqibi alqışlamışdılar. Bu kəs fanatlar qonaqlara çəpik çalmasalar da, Mircavadovun ünvanına hər sözü dedilər. Arenanı lərzəyə gətirən etiraz dalğası elə qonaqları alqışlamaq kimi bir şeydir. Mircavadov özünü o səviyyəyə endirdi. Oyunu sakit, Alan Lallin hesabı bərabərləşdirəndən sonra da dinməz izləyən Ağasəlim bəyin sifətindən oxunanları mən heç kimə arzulamıram. Bunyanın dediyini eləməsi əzmkarlığın puldan üstünlüyünü təsdiqlədi. Bu, Mircavadovla üçüncü dəfə Avropa arenasına çıxan "X-L"nın son akkordu idi, püşkün gülərüzünü korladı.
Bu hakimlə
nə etmək olmazdı?
Bunyanın nə deməsindən asılı olmayaraq, "Olimpiya" udulmaq üçün hazır "material"ıydı. Müdafiədə inanılmaz mövqe səhvlərinə yol verən rəqibə 1 qola bənd idi ki, qapılarından birini buraxandan sonra "açılacaqdılar". Hakimliyə gəlincə, Vitali Senvastyanik "Xəzər"in bütün futbolçularından komandaya daha çox can yandırırdı. Belaruslu referi və köməkçiləri meydan sahiblərinin qələbəsi üçün nə etməliydi? "Olimpiya"nın iki hücumu "oyundankənar vəziyyətə" salındı, hərçənd həmin epizodlarda ofsayddan söhbət getmirdi. "Xəzər"in hücumçuları cərimə meydançasında özünü yerə atsaydı, əminəm ki, Vitali istənilən halda penalti təyin edəcəkdi. 90 dəqiqə boyu qapıya bir düzgün zərbə vurmayan (Amidin epizodunu hesaba almasaq), mərkəzdən müdafiə xəttini yara bilməyən, rəqibin cinahları boş olmasına baxmayaraq, "qanadlar"dan ardıcıl və kəsərli hücumlar qurmağa çalışmayan "X-L"nın futbol adına yaraşmayan oyununa hakimlər qarışa bilməzdilər. Aydın idi ki, belaruslulardan ibarət briqadanın simpatiyası ev sahiblərinəydi, sadəcə, Mircavadov meydandakı "əlavə güc"ün köməyini boşa verdi.