Bebi Azərbaycanda oynayacaq!
Azərbaycanı "Çelenc Cup"da təmsil edəcək "Azərreyl" üçün yeni idman kompleksi tikilir. Dərnəgül şosesində inşa edilən kompleksin tikintisini italiyalı memarlar həyata keçirir. Burada istifadə olunan bütün voleybol avadanlıqları isə ən qabaqcıl şirkətlərdən gətirilib. Yeni Voleybol İdman Kompleksinin növbəti mövsümün açılışında istifadəyə verilməsi gözlənilir. Azərbaycan Super Liqasında mübarizə aparan "Lokomotiv" və "İqtisadçı"nın bazası var. "Rabitə"nin isə tezliklə onlara qoşulacağı gözlənilir. Son mövsümü "Əczaçıbaşı" klubunda keçirən Türkiyə yığmasının sabiq üzvü Natalya Hanıkoğlu da karyerasını Azərbaycanda davam etdirəcək. Qardaş ölkənin milliləşdirilmiş voleybolçusu "Azərreyl"lə 1 illik müqavilə imzalayıb. "Bebi" ləqəbli Hanıkoğlu Türkiyə ilə yanaşı, Rusiya yığmasının da şərəfini qoruyub. 1975-ci il təvəllüdlü Natalya 190 sm boya malikdir. Dəfələrlə Azərbaycan millisinə qarşı oynamış Hanıkoğlu voleybola 8 yaşında başlayıb. Rusiyada MOİK və "Odinçova", İtaliyada "Ankona", Türkiyədə "Kocelispor" və "Əczaçıbaşı" klublarının şərəfini qoruyub. Türkiyə gələnədək Rusiya millisində qüvvəsini sınasa da, Hakan Hanıkoğlu ilə ailə qurduqdan sonra "ay-ulduzlu" yığmanın uğurları üçün çalışıb. "Azərreyl" Natalya Hanıkoğludan öncə Polina Rəhimova, Valeriya Korotenko, Aynur Kərimova və Şəfəq Kərimova ilə də müqavilə imzalayıb. Son mövsümdə türkiyəli mütəxəssis Adnan Kistakın çalışdırdığı komanda "Çağırış kuboku"nda Maltanın PAOLA Hibs klubu ilə qarşılaşacaq.