DÇ-nin maraqlı rekordları
İndiyədək bütün dünya çempionatlarında iştirak etmiş tək komanda Braziliya millisidir. 19 mundialın iştirakçısı olan Braziliya 5 dəfə çempion titulunu qazanıb ki, bu rekordu hansısa yığmanın təkrarlayacağı asan görünmür. 1958-ci il mundialında Fransa millisinin hücumçusu Jyust Fontenin rekordunu isə yəqin ki, heç vaxt təkrarlayan olmayacaq. O, Dünya Çempionatı tarixində bir mundialda 13 qol vuran yeganə futbolçudur. Təkrarlaması çətin görünən daha bir rekorda imza atan isə 1994-cü il çempionatında Rusiya millisinin heyətində 1 matçda 5 qol vurmuş Oleq Salankodur. Dünya futbolunun kralı adlandırılan Pele 3 qat dünya çempionudur. Bu da çoxları üçün əlçatmaz görünən nəticədir. 1930-cu ildə Argentina, 1934-cü ildə isə İtaliya millisinin oyunçusu kimi mundialda iştirak etmiş Luis Montinin bu göstəricisini heç kimin təkrarlamayacağı lap dəqiqdir. Çünki indi buna icazə yoxdur. Mundial tarixində heç kimin təkrarlamaq arzusunda olmadığı "rekord"lar da var. Məsələn, Niderlandlı Erni Brandts 1978-ci il çempionatında İtaliya ilə qarşılaşmada 2 qol vurub. Amma birini öz, digərini rəqib qapısına. İndiyədək DÇ tarixində ən az tamaşaçının izlədiyi matç Rumıniya ilə Peru arasında keçirilib. 1930-cu il mundialında baş tutmuş bu qarşılaşma zamanı stadionda cəmi 300 tamaşaçı olub. İndi hər hansı oyun zamanı meydanın kənarına düzülmüş polsilərin sayı belə, bundan artıqdır. 1950-ci ildə isə Brazilyanın məşhur "Marakana" stadionunda meydan sahibləri ilə Uruqvay arasında keçirilən qarşılaşmanı düz 199 850 min nəfər izləyib. Bu, mütləq rekord sayılır. Ən azı ona görə, ki, indi əfsanəvi "Marakana" cəmi 95 min tutumludur. 200 min tamaşaçı tutumlu stadion isə daha dünyanın heç bir ölkəsində yoxdur.