
Səhər saatları idi. Hamılıqla, daha doğrusu, dəvət alanlarla birgə hava limanına yollanırdıq. Məqsədimiz şələ-şüləmizlə birgə səfərə çıxmaq idi. İstiqamət Avropada qaraşıların mərkəzi şəhəri kimi tanınan Buxarest idi. Hava limanından havalandıq və Rumınıya paytaxtına problemsiz yetişdikE
Bəli, yalnış duymadız, belə sərsəm söhbəti yalnız havalanmış insanlar edər. "Xəzər-Lənkəran"a hamılıqla təşəkkür etməliyik ki, havada olmasaq belə, hamımızı havalandırdı. Şarı şişirdib göyə buraxanda, çatısını qıranlar yerindən necə götürülürsə, "Xəzər-Lənkəran"ın sayəsində ağlımızı itirib bizlər də götürləndik.
Artıq "Xəzər-Lənkəran"ın adı belə insanın dəli olmasına yetir. Sağ olsunlar, xalqı ruhlandırdılar. Onlara diri ikən ölü olmağı öyrətdilər. Minnətdar olmalıyıq. Azı ona görə ki, bizə faciə janrında əsər yazmağın sirrini aşıladılar.
Oyun haqda danışmayacam. Danışılası bir şey yoxdu. Oyun görsəydimE "Xəzər-Lənkəran" möhtəşəm komandadı. Ona görə ki, yalnız bu komandada təxminən ard-arda 10 oyun qələbə üzü görməyən mütəxəssis çalışa bilərdi. Çalışdı da. Kamil insan ya işi tamamlar, ya da zibilini çıxarar. Ağasəlim Mircavadovun sayəsində kamilliyin pik nöqtəsini gördük.
İnsanlar adını tarixə həkk etdirmək üçün ya qəhrəmanlıq edər, döyüşdə 20-30 nəfəri, yaxud 2000-3000 nəfəri məhv edər, ya da kamikadzelik edib məscid, kilsə və ya sinaqoq partladar. Mircavadov superqəhrəmanlıq edərək, 8 milyonu "xoşbəxt" etdi. Etdi və "işdən çıxıram" deyib getdi. Bravo! Gedəndə də belə gedəsən. "Olimpiya" kimdi, nəçidi? Bilmirəm. Bildiyim bircə odu ki, təmsil etdiyi Beltinin əhalisini Mübariz bəyin ən balaca gəmisinə rahatca sığdırmaq olar. "Olimpiya"nı ən yaxşı halda Azərbaycanda heç nə ilə müqayisə etmək olar. Bəli, yanlış duymadız, Cənub təmsilçisi həmin o heç nəyə uduzdu. Uduzdu və Azərbaycan adlı ölkənin boynunu yerə soxdu. Artıq dəvəquşuna bənzəyirik, deyilmi?
"Olimpiya"dan sonra Buxarest "Dinamo"sunu bədbəxt etməli idik. Yaxşı ki, rumınlarla qarşılaşmadıq. Rəsmi Buxarestlə möhtəşəm əlaqələrimizi korlamaqdansa, kor qalmağımız daha məqsədəuyğun idi. Təşəkkürlər, "Xəzər-Lənkəran"! Təşəkkürlər, Ağasəlim Mircavadov!
Deyir, o vaxt çoban padşaha deyib ki, darıxma, səninlə mənim aramda 11 ay 29 gü vaxt qalıb. Ötən yay eyni şeyi mən də düşünürdüm. Düşünürdüm ki, Mircavadovla jurnalistlərin arasında uzağı bir ildən bir gün az vaxt qalıb. "Pirr mənimdi, fərasətinə bəlliyəm". Ağaya halaldı, imkan vermədi diaqnozum səhv çıxsın. Mənim səhv çıxmağımdansa, özünün işdən çıxmağını üstün tutdu. Tam əminliklə deyə bilərəm ki, "Xəzər-Lənkəran" Avroliqada birillik istirahətə çıxdı, Mircavadov isə karyerasında. İstisna etmirəm ki, Ağasəlim müəllimin istirahət müddəti ömürillik də ola bilər. Yoluna quzu kəsdiyim bütün yollarını kəsib. Bacarır da!
Yaxşı yadımdadı, Tuyqun Nadirov iddia etmişdi ki, "Xəzər-Lənkəran" Azərbaycanda Mircavadovdan güclü məşqçi tanımır. Əgər Mircavadov Cənub təmsilçisini yarıtmadısa, deməli, komandanın sükanı arxasında əcnəbi əyləşdirməyin məqamıdı. Əks təqdirdə, "Xəzər-Lənkəran" daha acınacaqlı duruma düşəcək.
Avropa Liqasının ilk təsnifat mərhələsində "Xəzər-Lənkəran"ın mübarizəni dayandırması rumınların sevincinə səbəb olub. Moldovanın "Olimpiya"sını kənarlaşdıra bilsəydilər, 18 dəfə Rumıniya çempionu, 12 dəfə ölkə kubokunun qalibi "Dinamo"nu ölkəmizə gətirəcəkdi. 1956-cı ildən Avrokuboklarda çıxış edən Buxarest təmsilçisi Çempionlar Kuboku (1983-1984-cü il mövsümü) və Kuboklar Kubokunun (1989-1990-cı il mövsümü) yarımfinalında oynayıb. Rumıniya mətbuatı "Dinamo"nun varlı klub "Xəzər-Lənkəran"la üzləşməyəcəyi xəbərini sevinclə qarşılayıb. Buxarets komandasının baş məşqçisi İoan Andone ilk təsnifat mərhələsinin oyunları ərəfəsində açıqlamasında Lənkəran təmsilçisindən çəkindiklərini bəyan etmişdi. Mütəxəssis Azərbaycanda hava şəraitinin isti olmasını, futbolumuza bələd olmadıqlarını bildirmişdi. "Dinamo" nümayəndələri "Olimpiya"nın "Xəzər"lə hər iki oyununu izləyib və rəqibinin zəif tərəflərini yaxşı bilir. İ.Andone Moldova səddini keçəcəklərini əmindir. Azərbaycan klubu ilə müqayisədə Rumıniya komandalarının texnikalı, ağıllı, sürətli oyun göstərdiyi, həmçinin topa nəzarət və taktika baxımından fərqləndiyi qeyd olunub. "Dinamo"nun əsas iki silahı var. Klaudiu Nikulesku Avrokuboklarda 46 oyunda 18, Marius Nikulae 22 qarşılaşmada 12 qol vurub. "Qırmızı köpəklər" ilk oyunu Moldovada keçirəcəklər və matça bir gün qalmış səfərə çıxacaqlar. 500 fanatla birgə.
"Olimpiya" ilə matçdan sonra istefaya gedən Ağasəlim Mircavadovun "Xəzər-Lənkəran"da yeri boş qalıb. Komanda istirahətdən bu həftəsonu geri qayıdacaq və onadək, yəqin ki, yeni baş məşqçinin kimliyi bəlli olmalıdır. Hazırda bir çox mütəxəssislər var ki, onların adı klubla yanaşı hallanır. Bir ay əvvəl "Simurq"la anlaşan Qyoko Hacıyevskini misal çəkə bilərik. "Karvan"ı tərk edən Yunis Hüseynovla "Bakılı"nın sabiq çalışdırıcısı Nadir Qasımovun da keçidindən söhbət açılır. Hələlik komanda qapıçılarla işləyən məşqçi Hafiz Əliyevə tapşırılıb. Vitse-prezident Tuyqun Nadirovun sözlərinə görə isə hələ ki, axtarışlar davam edir: "Baş məşqçinin istefası bizim üçün gözlənilməz oldu. Ona görə hələ heç bir namizəd yoxdu. Klub prezidenti səviyyəsində axtarışı davam etdiririk. Bu işdə tələsmək lazım deyil. Təcrübəli və səviyyəli məşqçi tapmaq firkimiz var. Tapacağımız məşqçi yerli də ola bilər, əcnəbi də. Amma hələ namizəd yoxdur. Biz konkret olaraq heç bir məşqçini hələ ki, nəzərdə tutmamışıq. Ona görə bunlar sadəcə şayiədir. Bu məsələ klub prezidenti səviyyəsində həll olunur". Tuyqun bəydən fəxri prezident Mübariz Mənsimovun "Olimpiya" məğlubiyyətinə münasibətini də öyrənmək istədik: "Mən onun münasibəti haqda heç nə deyə bilmərəm. Çünki o, fikrini komandanın prezidentinə bildirir. Amma onu deyə bilərəm ki, o da çox təəssüflənir. Çünki "Xəzər-Lənkəran" onun sevimli komandasıdır. Mən öz adımdan deyə bilərəm ki, biz hələ də şokdayıq. Belə bir nəticəni gözləmirdik. Bu, sadəcə biabırçılıqdır. Ağasəlim Mircavadov bizdən narazı qalmamalıdır. Rəhbərlik onun üçün istədiyi şəraiti yaratmışdı. Bircə futbolçunun adı çəkilə bilməz ki, onu komandaya baş məşqçinin xəbəri olmadan götürmüşük. İşlədiyi son günədək Ağasəlim müəllimin işinə qarışan olmayıb. O, tam sərbəst çalışıb. Almaniya toplanışı zamanı xeyli legioner baxışa gəlmişdi. Ancaq heç biri götürülmədi. Biz necə baş məşqçinin işinə qarışa bilərik ki, heyəti özü müəyyənləşdirirdi. "Olimpiya" Azərbaycanın ortabab klublarından belə zəif idi. Onları da udmayıb, kimi udacağıq? Yeni baş məşqçi kim olsa, onun qarşısına həmişəki tələblər qoyulacaq. Komanda ölkədaxili bütün titulları qazanmalıdır. Bundan sonra transferlərin olub-olmayacağını mən sizə deyə bilmərəm. Gələn məşqçi futbolçulara baxacaq, öz fikrini deyəcək. Bəlkə hamısını saxladı, bəlkə də kimlərisə çıxardı. "Xəzər-Lənkəran"ın imici var. Biz bütün hallarda elubun imicini qoruyacağıq".