Bu gün. Avroliqa. "Visla" - "Qarabağ". Saat 23:00

Bu gün Avropa Liqasının III təsnifat mərhəlsində "Visla" ilə ilk oyununa çıxacaq "Qarabağ" srağagündən Polşadadır. Ağdam təmsilçisi saat 16:00-da çarter reysi ilə Krakov şəhərinə uçub. Tam heyətlə olmasa da. Üç futbolçu - müdafiəçi Ayxan Abbasov, yarımmüdafiəçi Rəşad Kərimov və hücumçu Tural İsgəndərov səfərə aparılmayıb. Onlardan Ayxan cəzalı olduğu üçün meydana çıxa bilməz. Rəşadla Turalın isə zədəsi var. Dünən son məşq Bakı vaxtı ilə saat 23:00-da olub. Qurban Qurbanovun 20 oyunçudan komandası məşhur 5 ulduzlu "Radisson" otelində məskunlaşıb. "Radisson" dünyada "Hilton" otellər şəbəkəsindən sonra ən bahalı otel hesab olunur. "Qarabağ" burada 4 gün qalacaq. Otelin təklif etdiyi paketdə bir gecənin qiyməti 549 zlot - təxminən 130 manat, iki nəfərlik otaqların qiyməti isə 610 zlotdur (144 manat).
Baş məşqçi Qurban Qurbanov "Futbol+Qol"a verdiyi müsahibədə komandanın son durumuna aydınlıq gətirdi.
- Polşaya hazırlıqsız getmək olmazdı. "Portadaun"la Bakıdakı oyundan sonra "Visla" barədə xeyli araşdırma aparmışam. İnternetdən topladığım informasiyalar mənə rəşib haqda ümumi fikir yaratdı. İnternetdə bəzi oyunlarını izlədim. Özüm üçün lazımı qeydləri götürmüşəm. Düzdür, rəqibin oyununa canlı baxanda, daha dəqiq hərəkət etmək olardı. Vaxt azlığına görə bunu edə bilmədik. "Visla" stabil komandadır. Dəyişməyən oyun uslubu var. Rəqibindən asılı olmayarq, sisteminə əl vurmur, Meydanda 90 dayanmadan hərəkət edirlər, pressinqdən sonadək əl çəkmirlər. Müdafiələrində boşluq tapmaq asan deyil, hücum zamanı arxa xətti qorumağı yaddan çıxarmırlar. Topla oynamaq "Visla"nın sevdiyi oyun tərzidir.
- Belə deyək, iki eyni oyun üslubuna malik rəqib üz-üzə gəlir...
- Bəli, bu baxımdan üslublarını bizə oxşatmaq olar.
- Bu cür komandaya qarşı oynamaq "Qarabağ" üçün ciddi təhlükə yarada bilərmi?
- Düşünürəm ki, çətin olacaq. "Visla" Azərbaycan Premyer Liqasından səviyyəcə üstün olan Polşa çempionatının ikincisidir. Onların üstünlüyü ondadır ki, bir çox futbolçuları Avrokuboklarda böyük təcrübə toplayıb. Ayrı-ayrılıqda götürsək, futbolçularının fərdi ustalıq səviyyəsi də yüksəkdir.
- Ehtiyatlanmaq üçün əsas görürsüz?
- İstənilən rəqibə qarşı oynamaq olar. Futbolçularım "Visla"dan çəkinmir. Necə mübarizə aparmalı olduğumuzu onlara başa salmışam.
- "Polşa sindromu" istər klublarımız, istərsə də millimiz üçün keçilməz səddir. Siz futbolçu karyeranız dövründə yığmanın kapitanı kimi Polşaya qarşı oynamış, 2005-ci ildə səfərdə 0:8 hesablı uduzduğumuz rəsmi matçda iştirak etmisiz. Rəqiblə bağlı sindrom futbolçularınızda psixoloji gərginlik yaratmır?
- Yox. Düşünmürəm ki, belə problem olsun. Bu, avrokubok oyunudur. Avroliqada az da olsa uğurla çıxış etmişik və futbolçularda özünəinam var. Bir də ki, futbol günü-gündən inkişaf edir, dəyişiklər olur. Həmin dövrlə indini müqayisə etmək düzgün olmazdı. İndiki futbol onu göstərir ki, hər bir rəqibə qarşı oynamaq, nəticə qazanmaq olar. Biz də "Visla"dan çəkinməyib, vətənə yaxşı nəticə ilə dönməyə çalışacağıq. "İnter"in səfərdə "Lex"lə oynaması, mənə elə gəlir ki, "Visla"nın da bizə münasibətini dəyişib. Yəqin ki, Azərbaycan klublarına daha zəif gözüylə baxmırlar. Rəqibin qarşıdakı oyuna ciddi hazırlaşdığını, komandamızı dərindən analiz etdiklərini bilirəm.
- "Visla"nın hücum xətti hündürboy futbolçulardan qurulub və cinah keçidlərinə xüsusi fikir verirlər. Onların qarşısını kəsməkdən ötrü xüsusi plan tərtib etmisiz?
- Hücum xəttində oynayan futbolçularını bir-bir analiz etmişik. Onlardan yalnız Maçey Juravskinin boyu 190 sm-dən yuxarıdır. Onun arxasında yer alan futbolçu da boyca hündürdür. "Visla" sürətli oynayır, əsas üstünlükləri budur. Müdafiədə top ələ düşəndən sonra irəlidə kimə pas verəcəklərini yaxşı bilirlər.
- "Metallurq" və "Portadaun"la 4 görüşdə komandanız eyni sayda qapısında qol gördü. Bu, sizdə narahatlıq yaradır?
- Oyundan-oyuna komandada "artımı" görürəm. Buraxılan səhvləri, çalışırıq ki, gələn dəfə təkrarlamayaq. İndiyədək dörd qola üzülsək də, fikir verin, rəqiblər qapımız ağzında o qədər də çox təhlükəli vəziyyət yarada bilməyiblər. Üç qol öz səhvimizdən olub. Polşada açıq futbola getməyəcəyik. Müdafiədə sıx oynayıb, kollektiv futbol göstərəcəyik. "Visla" arxada boşluq tapsa, qabağını almaq çətinləşəcək. Daha çox hücum edən komandadır.
- Yeni transferiniz Andrey Rubin də artıq bu oyunlar üçün sifariş olunub...
- Bəli, "Visla" ilə oyunlarda Rubinin xidmətindən istifadə etməyə çalışacağıq.
- Ancaq nəzərə alaq ki, Andrey mövsüm bitəndən sonra oyun praktikası sarıdan korluq çəkir. Ümumiyyətlə, onun hazırlıq səviyyəsində problem yoxdur?
- Rubinin hazırlığı qaydasındadır. Bütün məşqlərimizdə maksimum işləyir, özünü göstərməyə çalışır. Məncə, Rubinin oyun praktikası ilə bağlı bir o qədər problem olmamalıdır. Çünki Andrey təcrübəli futbolçudur və bu iki ayda oynamamağının problem yaradacağını düşünmürəm. Biz ona güvənirik və "Visla" ilə görüşlərdə yararlanmaq fikrindəyik.
- Maraqlıdır ki, Polşa klubunun məşqçisi də "Qarabağ"ın hücum etməyi sevən komanda kimi xarakterizə edib. Belə çıxır ki, iki hücum futbolu göstərən komandanın oyununu izləyəcəyik...
- İnşallah, hər şey istədiyimiz kimi olar. Biz güclü rəqibin hər bir hücumuna hazır olmalıyıq. "Visla" ilk dəqiqələrdən hücum futboluna üstünlük verəcək. Ancaq bu, o demək deyil ki, biz yalnız müdafiədə oturacağıq. Polşada nəticəyə oynayacağıq.
- Səfərdə hansı nəticəyə ümid edirsiz?
- Bu haqda dəqiq bir şey bilmərəm. Əlbəttə, ilk oyunu səfərdə keçirdiyimizi nəzərə alsaq, qol vurmağa, top buraxmamağa çalışacağıq. Polşada heç-heçə bizim üçün yaxşı nəticə olardı. Cavab görüşünü evdə keçirəcəyimizdən, minimal hesablı məğlubiyyət də bizə sərf edir. Oyun 90 dəqiqədən ibarətdir. Biz də 90 dəqiqə ərzində işimi görməliyik. Bu gün Azərbaycan klublarından yalnız "Qarabağ" mübarizəni davam etdirir. Qrup mərhələsindən danışmaq çox tezdir. "Qarabağ" böyüuk məsuliyyət altına girib. Ancaq bunun futbolçularımıza psixoloji təzyiq kimi başa düşməyin.
- Meydana buraxacağınız ilk "11-liy"i müəyyənləşdirmisiz?
- Demək olar ki, hə.
- Hansısa dəyişiklik gözlənilir?
- Ola bilər. Hansı xətdə olacağını açıqlamağım düzgün çıxmaz. Ancpq hansı futbolçum indidən necə oynayacağını, və neçə dəqiqə oynayacağını bilir. Bəzən kənardan deyirlər ki, "Qarabağ"da hücumçu problemi var. Mən o cür düşünmürəm. Bu gün büdcəmiz nəyə imkan verir, ona uyğun heyət qurmuşuq. Gənc hücumçuları day yetişdirməliyik.