
Avroliqanın II təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində "Buduçnost"a qarşı keçirilən oyundan sonra istirahətə buraxılan "Bakı"nın futbolçuları yenidən bir araya gəlib. XIX Premyer Liqanın ilk turu çərçivəsində öz meydanında AZAL ilə qarşılaşacaq Azərbaycan kubokunun sahibi dünəndən qarşıdakı matçın hazırlıqlarına start verib. Klubun bazasında baş tutan məşq prosesində Fabio Luis Ramim istisna olmaqla, bütün futbolçular iştirak ediblər. Qısa müddətə vətəninə dönən Ramim bu gün düşərgəyə qayıtmalıdır. Zədədən əziyyət çəkən Elvin Əilyev və Juninyo Osvaldo da artıq komanda ilə birgə çalışırlar. Yalnız Əziz Quliyevin yüngül zədəsi var. Bülənt Korkmazın gedişindən sonra əsas heyətdən uzaqlaşdırılan Adriano və son vaxtlar ölkəsində istirahət edən Venio Morales də kollektivə qoşulub. Adriano və Venio ilə anlaşmanın ötən ay bitdiyi deyilsə də, məlumat səhv çıxıb. Sən demə, hər ikisi klubla ilyarım müddətə müqavilə bağlayıb. Baş məşqçi Vinfred Şefer heç biri sərəncamında görmək istəməsə də, rəhbərliyin başqa əlacı yoxdur - onlarla ümumi dil tapmalıdır. Vitse-prezident Zeynal Məmmədovdan aldığımız məlumata görə, Adriano ilə artıq ortaq məxrəcə gəlib. Braziliyalı hücumçuya iyunun maaşı ödənildikdən sonra kontrakt qarşılıqlı formada ləğv olunacaq. Venio isə iki ayağını bir başmağa dirəyib ki, klubunu dəyişmək istəmir. Hətta Şeferin onu istəməməsi də vecinə deyil. Portuqaliyalı yarımmüdafiəçiyə yaxın günlərdə başqa komanda müştəri çıxmasa, işi qəlizləşəcək. "Neftçi" də Emin Cəfərquliyevə görə "Bakı"dan 50 min dollar kompensasiya istəyir. Zeynal bəyin dediyinə görə, "Neftçi"nin prezidenti Sadıq Sadıqovla bu barədə söhbəti olub: "Sadıq müəllim bildirdi ki, Eminin məsələsində problem yaranmayacaq. Problem bu gün-sabah həllini tapacaq. Hər halda Sadıq müəllim söz veribsə, elə də olar. Futbolçunun özü komandamızda qalmaq istəyir. Bizdən narazılığı da yoxdur". Juninyo Osvaldo ayyarımdır "Xəzər-Lənkəran"dan gəlsə də, hələ ki zədəsini sağaltmayıb. Deyəsən, özünə gəlməsi üçün ona minimum 6 ay lazımdır. Məmmədovun bildirdiyinə görə, onun məsələsi də Şeferdən asılıdır: "Gedib-qalacağını hələ biz də bilmirik. Baş məşqçi necə istəsə, məcburuq ki, elə də edək. Komandayla işləyən Şeferdir. Juninyonun zədəsinin tez sağalacağını gözləsək də, olmadı. Braziliyalını heç səfərə də apara bilmədik".