Buna son qoyan tapılacaqmı?
"İnter", "Xəzər-Lənkəran", "MKT-Araz", "Karvan"... Bu klubları birləşdirən bir xüsusiyyət var. Onlar hamısı 2004/2005-ci il mövsümündə Azərbaycanın futbol məkanında meydana gəldilər. Amma "sıfırdan" başlayan son 3 kollektivdən fərqli olaraq, "İnter" "Xəzər Universiteti"nin sələfi idi. Təhsil ocağını son dəfə çempionatda təmsil edərkən klub finişə 4-cü çatmışdı. Məhz bu amil də daha samballı sponsorun himayəsinə keçən komandanın gələcəkdə bir qədər də irəliləyəcəyinə ümid yaradırdı. Bəs reallıq necə oldu?
Puç olan arzular
"İnter" rəhbərliyinin ilk addımlarından biri baş məşqçini yola salmaqdan ibarət oldu. Böyükağa Ağayevi Anatoli Konkov əvəzlədi. Kollektivi turnir cədvəlində 4-cü pilləyə yüksəldən, İntertoto kubokunda pis-yaxşı mərhələ adlayan mütəxəssisin istefaya göndərilməsinə bəzi iradlar bildirilsə də, ümumiyyətlə, "bankçıların" seçimi daha yüksək zirvələr fəth etmək şövqü ilə izah edildi. Konkova ölkəmiz, futbolumuz, xalqımız, mentalitetimiz haqqında hansı xəbərləri çatdırmışdılar - bilmirik. Amma Anatoli Dmitriyeviç bura cəngəllikdə impressionistlərin sərgisini keçirməyə məhkum edilmiş zavallı rəssam qismində təşrif buyurdu. Özünü göyün 7-ci qatına qaldıran ukraynalıdan klub rəsmilərinə şikayət edəndə isə bəlli oldu ki, Konkov elə onlardan ilham alır. Bu macəralar çox davam etdi. Ta o vaxta qədər ki, məşqçinin "bağ belə, bostan belə" planı iflasa uğradı. Yalnız ondan sonra Konkov anladı ki, Azərbaycandakı uğursuzluqlarına bir don geyindirmək lazımdı. Belədə yalnız mətbuatın yardımından istifadə edə bilərdi. Axı ukraynalı postunu itirmək istəmirdi. Niyə də istəsin axı? Heç bir nəticə əldə etməyən qonağa əla şərait yaradılmışdı. Konkov hətta klubun operatorunu da Ukraynadan "ixrac" etmişdi. Daha mən çoxsaylı legionerləri demirəm! Bir sözlə, onun "kəsdiyi başa sorğu-sual yox idi". Ən əsası o idi ki, əcnəbi futbolçu klubla müqavilə bağlasın, "N" qədər para qapazlasın. Bu paraların hansı prinsiplərə əsaslanaraq bölünməsi isə daha tam başqa bir mövzunun söhbətidi. Sonra isə...böyük təm-təraqla gətirilən legioner birbaşa yollanırdı ehtiyat oyunçular skamyasına. Bəzən heç bu şərəfə də nail olmurdu. Mövsümün nəticələri də acınacaqlı oldu. "İnter" nə qədər Avropa turnirlərinin birinə vəsiqə əldə etmək istəsə də, bunu bacarmadı. Yeri gəlmişkən, bu arzu hələ də arzu olaraq qalmaqdadır. Çempionatda "bankçılar" 7-ci yeri tutdular. "Qızıl oyun"da münasibətlərinə aydınlıq gətirən "Xəzər-Lənkəran"la "Neftçi"dən Konkovun komandası nə az, nə çox - düz 12 (!) xal geri qaldı. Görəsən, o zaman Böyükağa Ağayevin daha məhdud maddi durum və daha aşağı səviyyəli oyunçularla finişə 4-cü çatmasını xatırlayan oldu? Kubokda da heç nə alınmadı. Final qarşılaşmasında əlavə olunan vaxtda Andre Ladaqanın qüvvətli zərbəsi "İnter"in bir il ərzində sərf etdiyi əməyin havaya sovrulduğunu rəsmiləşdirdi.
Yağışdan çıxıb yağmura düşənlər
Bəlkə də başqa bir ölkədə, yaxud da ki Azərbaycanın digər klubunda Konkovu dərhal istefaya göndərərdilər. Amma gözlənilənlərin əksi olaraq, bu baş vermədi. Ukraynalı "möhtəşəm" fəaliyyətini davam etdirdi. Yenə anlaşılmaz transferlər, heyətə düşməyən legionerlər, parlaq gələcək haqqında nağıllar. Amma hər şeyin sonu olduğu kimi, Konkovun "xəlifəliyinə" də xitam verildi. Düzdür, o "1 saatlıq xəlifə olmadı". Azərbaycanda istədiyini etdi, ağlına gətirmədiyi paraları qazandı. Ölkə kubokunun final mərhələsində isə, yəqin ki, Konkov da anladı - bu məmləkətdə də futboldan anlayışı olanlar var. "Karvan" "İnter"i 4:1 hesabı ilə darmadağın edəndən sonra belə bir sual meydana gəlməyə bilməzdi: "Natamam 2 il məşqçilik edən Hüseynovun dağlar başına qaldırılan Konkovu bir qəpiklik etməsi sonuncunun heç də "dahi" olmadığına dəlalət etmirmi?". Bu sualın klub rəhbərliyi tərəfindən necə cavablandırıldığını demək çətindir. Hər halda, nəhayət ki, ukraynalını baş məşqçi postundan kənarlaşdırdılar (vitse-prezident etdilər - ?). Amma ötən müddət ərzində baş verənlər heç də ibrət olmadı. Bu dəfə Konkovu yerlisi Oleq Smolyaninov əvəzlədi. Son illər ərzində ikinci belə ağlasığmaz təyinat yada salmaq çətindi. "Avanqard" ideyaları ilə komandada narazılıq yaratdıqdan sonra onu da yola saldılar. Hə, bəlkə bu dəfə... Ancaq yenə yox! "İnter"in üçüncü çalışdırıcısı da ukraynalı oldu - Valentin Xodukin. Bundan nə alınacağını zaman göstərəcək. Hələlik "bankçılar" 4-cüdülər. Fikir verin, yenə Avropa turnirlərinə vəsiqə verən yerdən aralı. Finişə çox var, hər şey ola bilər. Lakin nəzər saldığımız 2 mövsümün təcrübəsi nədənsə bədbin fikirlərə qərq edir. Axı demək olar ki, heç nə dəyişməyib. Yenə də "İnter"in düşərgəsi əsl legioner təcavüzünə məruz qalıb. Milli Federasiya tərəfindən legioner limiti 3 futbolçu ilə müəyyənləşən bir çempionatda iştirak edən komandanın sıralarında 8 (!) əcnəbi var: Oleq Ostapenko (Ukrayna), Nikola Yoloviç (Serbiya), Milan Zaqorats (Serbiya), Marius Suleap (Rumıniya), Əliyar İsmayılov (Rusiya), Toni Aleqbe (Nigeriya), Sergey Konovalov (Ukrayna), Valdas Trakis (Litva). Əlbəttə ki, onların hamısının paralarını klub rəhbərliyi ödəyir. Təki, həmişə böyük imkanlara sahib olsunlar, nə deyirik? Amma yenə də müəyyən suallar ətrafında düşünməyə bilmirik. Məsələn, görəsən, Oleq Ostapenkonu "bankçılar" hansı hədəflər üçün saxlayırlar? Ukraynalıdı, ona görə? Axı başqa bir dəyərli izah tapmaq mümkün deyil. Bir halda ki, komandanın əsas qolkiperi Fərhad Vəliyevdir (elə millimizin də), onun əvəzləyicisi isə vaxtı ilə gənclərdən ibarət yığmamızın şərəfini qorumuş, elita klublarında çıxışları ilə böyük təcrübə toplamış Elşən Poladovdur, 3-cü əlcək sahibinə ehtiyac varmı? Yenə bu 3-cü gənc azərbaycanlı olsaydı, klubun futbolumuzun gələcəyi haqqında düşündüyünü ehtitmal etmək olardı. Belədə isə...
Bəs deyil?
"İnter" Avropada da, dünyada da tanınan əfsanəvi klublardan biridir. Əlbəttə ki, söhbət İtaliya "İnter"indən gedir. Azərbaycan "İnter"inə isə belə bir imic qazanmaq üçün (söhbət Azərbaycan miqyasından gedir) hələ çox çalışmaq lazımdı. Əslində çalışanlar çoxdur. Lakin hər çalışanın da uğur qazanağına heç bir təminat yoxdur. Çünki ən əsası səylərin düzgün istiqamətə yönəlməsidir. Heç bir klubun daxili işinə müdaxilə etmək istəməzdik. Amma sonda belə bir ritorik sualı da verməyə bilmirik: ukraynalı məşqçilər kifayət etmədimi? Bəlkə Ağasəlim Mircavadovu, Yunis Hüseynovu, Böyükağa Ağayevi, Vaqif Sadıxovu olan Azərbaycana da nəzər salmağın, "göylərdən" yerə enməyin, futbola peşəkarcasına yanaşmağın zamanı yetişib?
Vüsal
P.S. Hə, yeri gəlmişkən. Sərlövhəyə qayıdaraq, intermediya - dram tamaşasının iki pərdəsi arasında oynanılan kiçik komik əsərdi.