"Qarabağ", heç kimin bacarmadığını sən et!
Avropa Liqasının üçüncü təsnifat mərhələsində artıq yeganə təmsilçimiz olan "Qarabağ"a azarkeşlik etməli olacağıq. Ötən il olduğu kimi, bu il də bizə daha çox qələbə sevinci yaşadan Ağdam klubunun növbəti mərhələdəki rəqibi isə Polşa "Visla"sıdır. Krakov şəhərini təmsil edən komanda 1906-cı ildə yaradılıb. İlk ildən etibarən "Visla İdman Cəmiyyəti" adı altında çıxış edib. İkinci dünya müharibəsinin başa çatmasından sonra "Visla Krakov" adlanmağa başladı. Təxminən 34.000 tamaşaçı tutumuna malik olan klubun stadionuna 2008-ci ildən Henrik Reymanın adı verilib. Qeyd edək ki, bu arena həm də Polşada Avro-2012-nin oyunlarını qəbul edəcək stadionlardan biridir. İlk uğurları 1927-1928-ci illərə təsadüf edir. Məhz həmin illərdə Polşa çempionluğuna sahib çıxan "Visla", bu titula ümumilikdə 12 dəfə yiyələnib. Maraqlıdır ki, bu çempionluğun yeddisi 1999-cu ildən bəri qazanılıb. Yəni "Visla" 1999-cu ildən başlayaraq 2001, 2003, 2004, 2005, 2008 və son olaraq 2009-cu ildə ölkə çempionluğuna sahib çıxıb. Bununla yanaşı, 13 dəfə çempionatın gümüş medallarına, 10 dəfə isə bürünc medallara yiyələnib. Uğurları bununla bitmir - tarixi ərzində 4 dəfə ölkə kubokunu (1926, 1967, 2002, 2003) və bir dəfə isə Polşa superkubokunu (2001) başı üzərinə qaldıran "Visla" Avropa turnirlərində də uğurlu çıxış edib. Avropa Çempionlar Liqasının yarımfinalına 1979-cu ildə vəsiqə qazanan klub mübarizəni elə bu mərhələdə dayandırmalı olub. Üç dəfə - 1969, 1970 və 1973-cü illərdə İntertoto kubokunu qazanmağa nail olub. Rəsmi forması ağ-qırmızı olan klubun prezidenti Marek Viltsek, baş məşqçisi isə Henrik Kaspertsakdır. Avropa Liqasına ikinci təsnifat mərhələsindən qoşulan polyaklar Litva "Şaulyay"ını mübarizədən kənarlaşdırıb. Səfərdə 2:0 hesabıyla qələbə qazanan polşalılar cavab oyununda da 5:0 hesablı darmadağına imza atıblar. Göründüyü kimi, hücum xəttində məhsuldar oyunuyla seçilən Krakov klubu həm də müdafiəsinin etibarlılığı ilə öyünə bilər. Lakin ümid edək ki, "Qarabağ" polşalıların hücum xəttini zərərsizləşdirməklə yanaşı, onların müdafiə xəttini yarmaq vəzifəsinin də öhdəsindən gəlməklə bizə növbəti qələbə sevinclərini yaşada və Avroliqanın dördüncü təsnifat mərhələsinə yüksəlməyi bacaracaq.
Qurbanov tələdən
xəbər tutdu
Avropa Liqasındakı yeganə təmsilçimiz artıq "Visla"nın qurduğu tələdən xəbər tutub. Ev sahibləri oyundan əvvəl meydançanı suladaraq, futbolçularımıza çətinlik yaratmaq niyyətindədir. Ölkə çempionatında bu metoddan istifadə edən "Visla" eyni çətinliyi təmsilçimizə də yaşatmaq istəyir. Bundan xəbər tutan "Qarabağ"ın məşqçilər heyəti lazımı tədbirlər alıblar. Belə ki, Ağdam klubunun dünən Tofiq Bəhramov adına Respublika stadionunda sonuncu məşqindən əvvəl baş məşqçi Qurban Qurbanov meydançanın sulanması tapşırığını verib. Respublika stadionunun qazonu tam sulandıqdan sonra futbolçular məşqə çıxıblar. Gənc çalışdırıcı fikrini bu cür izah edib: "Hələ mən futbol oynayarkən beynəlxalq oyunlarda bu cür hallarla rastlaşmışam. Biz burada quru meydançada məşq edirdik, ancaq gedib sulu qazonda futbol oynayırdıq. Avropada futbolun sürətini bir qədər də artırmaq üçün oyundan əvvəl meydançanı sulayırlar. Belə olan halda, top yerə düşərkən daha da sürət alır və azarkeşlər sürətli, baxımlı oyunun şahidi olurlar".
Arzuolunmaz ölkəyə səfər
"Qarabağ" Azərbaycan üçün arzuolunmaz ölkənin təmsilçisi ilə görüşəcək. 1994-cü ildən avrokuboklara qatılan komandalarımız daim Polşa klublarına uduzublar. Bizə qarşı həmişə amansız olan "pan"lar avrokubok tariximizə qara hərflərlə düşüb. Təsadüfi deyil ki, komandalarımız heç vaxt onları mübarizədən kənarlaşdıra bilməyib. Ən əsası, avrokuboklarda ən böyük hesablı məğlubiyyəti məhz polşalılardan almışıq. Özü də bu, "Qarabağ"ın oynayacağı Krakov şəhərində baş verib. Həmin vaxt, 1996-cı ildə çempionatımızın gümüş medalçısı olan Buzovnanın "Xəzri" klubu "Qutnik" tərəfindən 9 cavabsız qol "yeyib". Tale elə gətirdi ki, Çempionlar Liqasında debütümüz də Polşa təmsilçisi ilə olub və yenə səfərdən ağır məğlubiyyətlə qayıtmışıq - 0:8. "Vidzev" "Neftçi"nin qapısına iki oyuna 10, "Qutnik" "Xəzri"yə 11 qol vurmuşdu. Polşalılarla keçirdiyimiz 16 oyunda 13 dəfə uduzmuş, 2-də heç-heçə etmiş, yalnız 1-də qalib gəlmişik. Həmin qələbəni cari mövsümdə qazanan "İnter" Polşa sindromunu qırmağa çox yaxın idi. Ancaq oyun sonrası penalti zərbələrində daha dəqiq olan "Lex" sensassiyaya imkan vermədi. Yeri gəlmişkən, qitə miqyasında ən çox görüşdüyümüz klub olan "Lex" üç müxtəlif təmsilçimizə qalib gəlib. Polşalıların 13 qələbəsindən 5-i böyük hesablı, 3-cü 1:0 hesablı olub (topların fərqi - 46-8).
Azərbaycan və Polşa klublarının avrokuboklarda görüşü
1996/97 mövsümü. UEFA kuboku, I təsnifat mərhələsi
Krakov. "Qutnik" - "Xəzri" 9:0
Bakı. "Xəzri" - "Qutnik" 2:2
1997/98 mövsümü. Çempionlar Liqası, I təsnifat mərhələsi
Bakı. "Neftçi"- "Vidzev" 0:2
Lodz. "Vidzev" - "Neftçi" 8:0
1998/99 mövsümü. Çempionlar Liqası, I təsnifat mərhələsi
Lodz. LKS - "Kəpəz" 4:1
Gəncə. "Kəpəz" - LKS 1:3
2000/01 mövsümü. İntertoto kuboku, I mərhələ
Vidzev. "Zaqlembe" - "Viləş" 4:0
Bakı. "Viləş" - "Zaqlembe" 1:3
2005/06 mövsümü. İntertoto kuboku, I mərhələ
Bakı. "Karvan"- "Lex" 1:2
Poznan. "Lex" - "Karvan" 2:0
2007/08 mövsümü. UEFA kuboku, I təsnifat mərhələsi
Bakı. "MKT-Araz"- "Qrotslin" 0:0
Qrodzisk. "Qrotslin" - "MKT-Araz" 1:0
2008/09 mövsümü
Bakı. "Xəzər-Lənkəran" - "Lex" 0:1
Poznan. "Lex" - "Xəzər-Lənkəran" 4:1
2010/11 mövsümü
Bakı. "İnter" - "Lex" 0:1
Poznan. "Lex" - "İnter" - 0:1 (oyun sonrası penaltilərlə - 9:8)
"Visla" nə qədər
güclənsə də...
"Visla" heyətini gücləndirməkdə davam edir. Transfer dövründə 24 yaşlı yarımmüdafiəçi Cezari Vilk ilə 4 illik müqavilə imzalayan Krakov təmsilçisi uzun müddətdir danışıqlar apardığı argentinalı hücumçu Andres Riosin keçidini də rəsmiləşdirib. Polşalılar 21 yaşlı futbolçunu "River Pleyt"dən icarəyə götürüb. Klub yeni transfer Cezari Vilk də daxil olmaqla, Andres Riosu ictimaiyyətə təqdim edib. Rios 21, Vilk isə 28 nömrəli futbolkanı geyinəcəklər. Kristofer Maczinskilə yolları isə ayırıb- 23 yaşlı futbolçunu "LKS Lodz" a icarəyə veriblər. Maczinski seçmə mərhələdə Litva təmsilçisi "Şaulyay" komandası ilə oyunlarda "18-likdə" yer alsa da, baş məşqçi Henrik Kasperczak ona şans verməyib. İlk oyunlarda komandasına kömək edən Krakov təmsilçisinin braziliyalı müdafiəçisi Kleber məşqdə zədələnib. O, yenidən komanda ilə hazırlıqda iştirak etmək istəsə də, meydanı vaxtından əvvəl tərk etməli olub. Futbolçunun bizimkilərə qarşı forma geyinib-geyinməyəcəyi axşam keçiriləcək müayinədən sonra bilinəcək.
Kaspeçak ehtiyatlı danışdı
"Şaulyay" üzərində qələbədən sonra güclü Avropa klublarına başağrısı olmuş "Qarabağ"la qarşılaşırıq. Biz azərilərlə oyunda qələbə qazanmaq istəyirik". Bu sözləri dünən Krakovda mətbuat konfransı keçirən "Visla"nın baş məşqçisi Henrik Kaspeçak deyib. Polşalı mütəxəssis komandasında itkilərin olduğunu bildirib: "Komandam sabahkı oyunda meydana qələbə üçün çıxacaq. Heyətdə problemlərimiz var. Mərkəzi müdafiəçisi Kleber vacib oyunda meydana çıxa bilməyəcək. Eyni zamaqda Draqan Paljiç və Vilkin də oynaması sual altındadır. Heyətimizdə yeni oyunçular var. Onların komandaya uyğunlaşması üçün zaman lazımdır". "Qarabağ" güclü komanda olduğunu deyən Kaspeçak təmsilçimizin ötən ilki uğurlarından danışıb: "Biz "Qarabağ"ın ötən ilki nəticələrini analiz etmişik. Bu komanda "Rusenbor"u turnirdən kənarlaşdırıb və "Tvente" ilə qrup məprhələsinə vəsiqə uğrunda mübarizə aparıb. Dediyim kimi, hər şeyə rəğmən, qələbə qazanmağa çalışacağıq. Heyətimizdə daim qələbə qazanmağa çalış istəkli oyunçular yer alıb. Oyuna məsuliyyətlə yanaşırıq".
Cavab oyunu türk hakimlərdən asılıdır
Artıq "Qarabağ"ın cavab oyununu idarə edəcək hakimlər briqadası da müəyyənləşib. Avqustun 5-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda startı veriləcək görüşdə türkiyəli baş hakim Bülənt Yıldırıma həmyerliləri Mustafa Əmrə Əyisoy, Cem Satman və Hakan Ceylan yardımçı olacaq. Onların işinə qiymət verəcək hakim-inspektor Volfqanq Sova Avstriyanı təmsil edir. Oyunun UEFA nümayəndəsi isə norveçli Zvi Rosen təyin olunub.
Kontorlar rəqibə inanır
Bukmeker kontorları matça proqnozlarını açıqlayıblar: Ağdam klubunun qələbə qazanmasına möcüzə kimi baxırlar. Polyakların qalib gələcəyinə 1.21 əmsal verən kontorlar həmyerlilərimizin uğurunu 14.00 əmsalla qiymətləndiriblər. Onların proqnozuna görə, oyunun heç-heçə başa çatacağına inananlar isə qoyduqları pulu 5.70 dəfə artırmaq şansı qazanacaqlar.
Onun ayağı
düşərli olacaqmı?
Millinin baş məşqçisi Berti Foqts da matçı izləyəcək. Almaniyalı mütəxəssis yığmanın üzvlərini canlı olaraq iş başında görmək niyyətindədir. Artıq bununla bağlı "Qarabağ" a məlumat verilib. Foqts Ağdam klubunun rəhbərliyindən Polşada məskunlaşmaq və nəqliyyat məsələsini həll etməyi xahiş edib. O, daha əvvəl avrokuboklardakı təmsilçimiz "İnter"in Polşada "Lex"lə və "Bakı"nın Çernoqoriyada "Buduçnost"la oyunlarını stadiondan izləyib. Hər iki görüş bizimkilər üçün uğursuz nəticələnib. Ayağı düşərli olmayan qoca kaş bu dəfə bədlik gətirməsin. Polşa mətbuatı Foqtsun oyunu izləməyə gələcəyindən xəbər tutub. Həmkarlarımız 64 yaşlı alman mütəxəssisi "Hutnik" stadionunda görəcəklərini qeyd ediblər. Berti haqda məlumat verən polşalılar onun 1974-cü ildə futbolçu kimi dünya çempionu olmasını, 8 il (1990-98-ci illər) baş məşqçisi olduğu yığması ilə Avropa çempionluğu qazanmasını qeyd edib. Foqtsun son iki ildə çalışdırdığı Azərbaycan yığmasına gələnə kimi Küveyt, Şotlandiya, Nigeriya millilərinə rəhbərlik etdiyini yazan həmkarlarımız bir yanlışlığa yol verib. Belə ki, onlar klub məşqçisi kimi Foqtsun Münhen "Bavariya"sını çalışdırdığını göstərib. Əslində, millimizin baş məşqçisi Leverkuzen "Bayer"ində işləyib. Foqtsun getdiyi qarşılaşma Azərbaycanda canlı yayımlanacaq.
"İdman Azərbaycan"dan canlı yayım
Polşa mətbuatının yaydığı xəbərə görə, "İdman Azərbaycan" kanalı Krakovda və Bakıda baş tutacaq matçların qarşılıqlı olaraq pulsuz yayımlanması üçün etdiyi müraciətə "Visla" müsbət cavab verib. stadim.az saytı da izləyicilərini narahatlıqdan qurtaracaq. Müstəqil idman saytı onlayn-reportaj təqdim edəcək. "Qarabağ"ın rəqibi isə jurnalistlərə öz tələblərini çatdırıb. Vitse-çempion komandamızla avqustun 5-də Bakıda keçiriləcək cavab görüşünə getmək istəyən polşalı həmkarlarımızı aparmağa hazırdır. Ancaq bunu təmənnasız etməyən "Visla" sifariş etdiyi çarter reysində yer almaq istəyən mətbuat nümayəndələrinə şərtlərini açıqlayıb. Belə ki, səfərin qiyməti 2000 zlota yaxındır ki, bu da 500 manat deməkdir. Həmin qiymətə gediş-gəlişlə yanaşı, dörd ulduzlu oteldə qalmaq da daxildir. Jurnalistlər konsulluqla bağlı 60 avro xərci özləri çəkməlidir.
Rəşad