"Prezident dedi ki..."
Komandanın yarımmüdafiə xəttinin lideri Aleksandr Soliç: "Bakı" səfərdə əla oyun nümayiş etdirdi. Təəssüflər olsun ki, biz üçüncü topu vura bilmədik. Bu qol bizə lazım idi. Lakin, ikinci hissədə bəxt rəqibimizin tərəfindəydi. Psixoloji cəhətdən də oyuna hazırlaşmaq çətin oldu. Şefer bildirdi ki, bizə inanır. Dedi ki, çıxın meydana və futbol oynayın. Şeferin karyerasında buna oxşar məqam olub: ilk oyunda komandası 1:3 hesabı ilə məğlub olub, lakin cavab görüşündə 7:0 hesablı qələbə qazanıb. Sözüm ondadır ki, bizim də şansımız var idi. Qonaq meydançasında 90 dəqiqə oynamaq asan deyil. Hərdən səhvlərə yol verirdik. Amma komandamız mənim xoşuma gəldi. Jaba və Saşa Kaykut öz vəziyyətlərindən tam istifadə edə bilsəydilər, hər şey başqa cür alına bilərdi. Hər iki oyunda ələbə qazandıq. Bundan artıq nə edə bilərdik? Oyundan əvvəl klub prezidenti Hafiz Məmmədov bizimlə görüşdü və dedi ki, qələbə qazanmaq lazımdır. Prezidentimiz qeyd etdi ki, texniki məğlubiyyətdə bizim günahımız yoxdur. Bizə dedi ki, qalib gəlin və yaxşı pul mükafatını tələb edin. Yaxşı mənada, mən hələ belə rəhbər görməmişəm. Bir çox ölkələrdə çıxış etmişəm, lakin belə səviyyəli klub prezidentini görməmişəm. Biz əla mövsüm keçirdik, bəxtimiz gətirmədi. Hiss edirdim ki, biz "Brondbü"nu uda biləcəyik. Danimarka komandası o qədər də güclü rəqib deyil. Hər şey əla idi. "Buduçnost"u keçə bilsəydik, "Brondbü" ilə görüşəcəkdik. Amma indi bu haqda danışmaq mənasızdır. Bizim sadəcə bəxtimiz gətirmədi. Əlbəttə, biz qrup mərhələsi haqqında düşünürdük. İndi biz hər şeyi yaddan çıxarmalıyıq. İrəlidə ölkə çempionatı var. Biz çempionluq uğrunda mübarizə aparacağıq".