"Qaziantep B.B" Axtyamovu baxışa çağırıb
"Qaziantep Böyükşəhir Bələdiyyəspor" azərbaycanlı futbolçu ilə maraqlanır. Türkiyənin Bank Asiya I liqada çıxış edən klubun prezidenti Ünsal Göksən məşqçilər heyətinin istəyi əsasında bir-iki futbolçu üçün transfer çalışmalarını apardıqlarını bildirib. O bildirib ki, namizədlər arasında azərbaycanlı da var: "Məqsədimiz Bolu toplanışında biri hücumçu olmaqla, iki futbolçunu heyətimizə daxil etməkdir. Ancaq bunda tələsmirik. Vaxtımız var, alacaq futbolçuların həqiqətən də komandaya yararlı isimlər olmasını istəyirik. Bu arada adını açıqlamaq istəmədiyim azərbaycanlı bir futbolçunu da sınadıq. Əgər anlaşa bilsək, bu futbolunu heyətimizə qatacağıq". Göksen baxışdan keçən azərbaycanlı futbolçunun adını açıqlamasa da, artıq hədəfdə olan futbolçunun kimliyi məlum olub. Belə ki, "Qaziantep BB" Azərbaycanda son klubu "Simurq" olan millimizin sabiq üzvü, milliləşdirilmiş Daniel Axtyamovu heyətinə qatmaq istəyir. O dünən "Neftçi" ilə keçirilən yoldaşlıq görüşündə forma geyinən oyunçular arasında olub. Axtyamov 26 mart 1985-ci ildə Özbəkistanın Daşkənd şəhərində dünyaya gəlib. 1.88 m boyu olan forvard karyerasına Rusiyanın "Severstal" klubunda (Çerepovets, 2003, 7 oyun) başlayıb. 2004-cü ildə Podolsk "Vityaz"ının 8 oyunda formasını geyinən 25 yaşlı hücumçu 2004/2005 mövsümünü Bakı "İnter"ində keçirib. Paytaxt klubunda 17 oyunqda bir qol vuran Axtyamov 2005/2006 mövsümündə "Gəncə"nin formasını geyinib (13 oyun, 4 qol). 2006-cı ildə "Olimpik"də 8 oyun keçirdikdən sonra yenidən "İnter"ə dönüb və bu dəfə 21 oyuna çıxaraq, 4 qola imza atıb. 2008-ci ildə yenidən Rusiyaya dönən Daniel əvvəlcə "Torpedo"da (15 oyun, 2 qol), ardınca Çerepovets "Şeksna"ında forma geyinib (10 oyun, 2 qol). 2009-cu ildə Belarusun "Minsk" klubunda üç oyun keçirdikdən sonra "Simurq"a transfer olunsa da, sonradan Roman Pokora tərəfindən komandadan qovulub. Axtyamov 2009-cu ilin iyul ayında Türkiyənin Bank Asiya liqasında çıxış edən "Konyaspor"la müqavilə bağlsa da, sonradan müəmmalı şəkildə komandanın heyətindən kənarlaşdırılıb. O vaxtdan futbolsuz qalıb. 2004-2009-cu illərdə 12 dəfə Azərbaycan yığmasına dəvət alıb.