Maltanın əvəzinə Çernaqoriya "hə" dedi
Yığma bu ilin noyabrın 17-də Çernoqoriya ilə yoldaşlıq görüşü keçirə bilər. Həmin tarixdə oyunun keçirilməsi ilə bağlı AFFA və Çernoqoriya Futbol Federasiyası (ÇFF) arasında danışıqlar gedir. Əslində, noyabrın 17-də yığmamızın səfərdə Malta ilə yoldaşlıq görüşü keçirməsi nəzərdə tutulmuşdu. Ancaq həmin oyun təxirə salındığından yeni rəqib tapmaq gündəmə gəlib və bunda yığmamızın baş məşqçisi Berti Foqtsun da rolu ola bilər. Məsələ ondadır ki, Foqts "Bakı"nın Avroliqada "Buduçnost" klubu ilə cavab görüşünü izləmək üçün Çernoqoriyaya yollanmışdı. O, Podqoritsada keçirilən görüşü ÇFF-nin prezidenti, ötənlərin məşhur futbolçusu Deyan Saviçeviçlə birgə izləmişdi. Onu da nəzərə alaq ki, Çernoqoriya Maltadan güclü rəqibdir və bu, oyun təcrübəsinin artırılması məqsədilə yoldaşlıq görüşləri təşkil olunan yığmamıza faydalıdır. AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, noyabrın 17-də Azərbaycan yığması səfərdə Çernoqoriya ilə yoldaşlıq görüşü keçirəcək: "Daha əvvəl əldə olunmuş razılığa əsasən, bu il noyabrın 17-də millimiz səfərdə Malta ilə yoldaşlıq oyunu keçirməli idi. Lakin Malta yığmasının Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunların təqvimində UEFA tərəfindən dəyişiklik edilməsi, həmin yoldaşlıq görüşünün təxirə salınması ilə nəticələnib. Çünki noyabrın 17-də Malta səfərdə Xorvatiya ilə Avro-2012-nin seçmə oyununa çıxacaq". Məmmədovun sözlərinə görə, futbolçularımızın oyun təcrübəsinin artırılması baxımından yoldaşlıq görüşlərinin mütəmadi keçirilməsi vacibdir: "Sevindirici haldır ki, qısa müddət ərzində millimizin yoldaşlıq oyunu keçirməsi üçün rəqib tapa bildik. Futbolçuların oyun təcrübəsinin artırılması baxımından yoldaşlıq görüşlərinin mütəmadi keçirilməsi vacibdir".