Sxadadze Cəfərovu köməkçi götürəcək
"İnter"də ilk məşqçi istefası baş verib. baş məşqçi Kaxaber Sxadadze köməkçisi Elxan Abdullayevlə vidalaşmağa qərar verib. Vaxtilə yığmamızda braziliyalı Karlos Alberto Torres və almaniyalı Berti Foqtsun köməkçisi olan Abdullayev 2007-ci ildən "İnter"dədir. Əvvəlcə ukraynalı baş məşqçi Valentin Xodukinə yardım edən çalışdırıcı "bankilər"in heyətində hər iki dəfə çempionu olub. Gürcüstanlı çalışdırıcı bildirib ki, buna səbəb onun son günlərdə məşqə çıxmayaraq, işinə qeyri-peşəkar münasibətidir: "Bizim yollar ayrılır. Məsələ ondadır ki, bir neçə məşq buraxan Abdullayev bunu səbəbsiz edir. Hesab edirəm ki, bu, Çempionlar Liqasının təsnifat mərhələsində iştirak edən komandanın məşqçisi üçün yolverilməzdir. O, mənə hansısa maliyyə problemlərinin olduğunu dedi. Hərçənd fikrimcə, vəziyyətdən asılı olmayaraq insan işə çıxmalıdır. Üstəlik, avrokuboklarda vacib oyunlar öncəsi. Hesab edirəm ki, Abdullayev düzgün hərəkət etmədi və mən bunu onun üzünə dedim". Gürcü mütəxəssisin axtarışı uzun çəkməyib. O, kənara getməyərək, klub rəhbərliyinə əvəzedici komandanın baş məşqçisi Roman Cəfərovla çalışmaq istədiyini bildirib: "Klub prezidenti və direktoru ilə görüşüb boş qalmış məşqçi vəzifəsinə Roman Cəfərovun namizədliyini irəli sürdüm. Yaxın bir-iki günə bu məsələyə aydınlıq gələcək. Roman Cəfərov uzun müddətdir ki, bizimlə çalışır və o çox etibarlı işçidir. Əsas komandada məşqçi postunda işləməklə yanaşı R.Cəfərov eyni zamanda əvəzedici komandaya da rəhbərlik edə bilər. Hal-hazırda biz əvəzedici komandaya daha çox diqqət ayırmaq niyyətindəyik və o komandada olan istedadlı gəncləri əsas komandanın heyətinə cəlb etmək istəyirik". Artıq Roman Cəfərovu kimin əvəzləcəyi də müəyyənləşib. Əvəzedi komandaya Vadar Nuriyev başçılıq edəcək. İndiyədək "İnter"in əvəzedici komandasında məşqçi işləyən əvvəllər "Olimpik"in (indiki AZAL) 1990/91 təvəllüdlülərdən ibarət komandasının baş məşqçisi işləyib. Cəfərov isə deyib: "Hələlik ortada rəsmi heç nə yoxdur. Sabah və ya birisi gün dəqiqləşəcək. Sxadadze mənim köməkçi-məşqçi olmağımı istəyir. Bununla bağlı klub rəhbərliyinə müraciət edib. Onlar da mənimlə söhbət ediblər. Yəqin ki, əmr avqustun 1-də veriləcək. Köməkçi-məşqçi olsam da, əvəzedici komandadan ayrılmayacam. Bu komandaya 1993/94-cü il təvəllüdlü uşaqları toplamışam. Ən azı kurator kimi fəaliyyət göstərəcəyəm. Əvəzedici komandadan tamamilə ayrılmaq fikrim yoxdur".
Dünən isə klubun prezidenti Georgi Nikolov "İnter" azarkeş klubunun rəhbərliyi və üzvləriylə görüşüb. "İnter" kafesində keçirilən görüşdə azarkeşlərə göstərdikləri dəstəyə görə təşəkkür edən Nikolov yeni mövsümdə azarkeş klubuna uğurlar arzulayıb və fanatların istək və arzularını dinləməyə hazır olduğunu bildirib. Azarkeş klubunun rəhbərliyi klubun yeni iş planı barədə qısa məlumat verib və yeni mövsümdə də azarkeşlərin sevimli komandaları olan "İnter"i bundan sonra da dəstəkləməyə hazır olduqlarını vurğulayıb. "Bankirlər" iyulun 29-da "Simurq", avqustun 1-də isə "Bakı" ilə qarşılaşacaq. Oyun avqustun 1-də Zabrat qəsəbə stadionunda keçiriləcək və saat 19.00-da başlayacaq. Oyundan əvvəl isə "İnter"in 2010/2011 mövsümü üçün təqdimat mərasimi keçiriləcək.