
Dünən "İsmət İnönü" stadionunda izdeham yaşandı. "Beşikdaş" rəhbərliyi azarkeşlər qarşısında Quti ilə müqavilə bağladı. 15 il "Real"ın formasını geyinən futbolçu "Atatürk" hava limanına enəndə onu qarşılamağa gələn azarkeşləri görəndə gözlərinə inanmayıb.
Klub prezidenti Yıldırım Dəmirörən, Futbol Komitəsinin sədri Sərdar Adalı, Futbol Komitəsinin üzvü Çingiz Zülfüqaroğlu və menecer Əhməd Buludla İstanbula gələn ispaniyalı belə deyib: "Türkiyədə futbola marağın bu qədər olduğunu gözləmirdim. Bu qədər camaatın məni qarşılayacağına inanmırdım. Burada özümü sultan kimi hiss etdim".
Quti transfer məsələsində əvvəlki məşqçisi Bernd Şusterin önəmli rol oynadığını bildirib: "Onun işlədiyi komandada hər şeyin çox gözəl olacağına inanıram".
14 nömrəli "Beşiktaş" forması ilə İstanbula gələn futbolçu azarkeşlərə əl yelləyərək onlarla şəkil çəkdirib. Tibbi müayinədən keçəndən sonra ispaniyalı futbolçunun "İnönü" stadionunda təqdimat mərasimi keçirilib.
25 min nəfər azarkeşin önünə "14" nömrə formayla çıxan Quti tribunalara yaxınlaşıb "Beşikdaş" fanatları salamlayıb və onların qarşısında baş əyib. Tədbirə qatılan futbolçunun sevgilisi Noeliya Lopes Qutiyə də söz atıb: "İspaniyada "Real"la böyük uğurlar əldə etdin. Saysız hesabsız kuboklar qazandın. Amma heç vaxt belə qarşılanmadın. İstanbula gələn kimi səni çiyinlərinə aldılar. Türklər səni çox sevir".