Erməni güləşçiləri Bakıya gəlməkdən çəkindilər
Məlum olduğu kimi, bu ilin sentyabrında Bakıda güləş üzrə növbəti dünya çempionatı təşkil olunacaq. Rusiya yığmasının erməni pəhləvanları Azərbaycana gəlməkdən imtina ediblər. Bu haqda həmin ölkənin federasiyasının prezidenti Mixail Mamiaşvili məlumat verib. Onun sözlərinə görə, milliyyəti erməni olan idmançılar Bakıya gəlməkdən boyun qaçırırlar: "Belələri bizim yığmada da vardır. Lakin bu problemin həlli metodunu çox yaxşı bilirik".
Güləşlə bağlı daha bir xəbəri nəzərinizə çatdıraq ki, Türkiyənin Antalya şəhərində keçiriləcək yunan-Roma güləşi üzrə mötəbər yarışda Rusiya yığmasının heyətində həmvətənimiz, dünya çempionu Heydər Məmmədəliyev çıxış etməyəcək. Heyətdə olimpiya çempionları Hasan Baroyev, Varteres Samurqaşev və Aleksey Mişin də yer almayıb. Baş məşqçi Qoqi Koquaşvili əsasən gənclərə üstünlük verildiyini bildirib: "Yığma komandada yeni adlar var. Zaur Kuraməhəmmədov, İslam-bəy Albiyev və Roman Marçenko yer alıb. Digərləri də gəncdir. Dünya Kuboku təcrübəni artırmaq baxımından yaxşı imkandır. Turnirdə Türkiyədən ikiqat olimpiya çempionu Həmzə Yerlikayanın, ABŞ, İran, Ukrayna və Gürcüstanın heyətində dünya çempinatının qalib və mükafatçıları yarışacaq. Bu turnirdə güləşçilərimiz xarakter nümayiş etdirməlidirlər. Ümid edirəm ki, gənclərimiz əllərindən gələni edəcəklər".