Qolsuz yubiley
Çoxları Qlazqoda keçirilən "Seltik"- "Milan" matçında çox qol vurulacağını düşünmürdü. Bunun üçün səbəb çox idi. Şotlandlar tarixlərində ilk dəfə olaraq Çempionlar Liqasının pley-off mərhələsində iştirak hüququ qazanıblar. "Milan" isə ənənəvi olaraq qitənin ən nüfuzlu klub turnirində müdafiəyəmeylli oyun nümayiş etdirir. Həm də "rossonerilər" hələ də hücum xəttindəki problemləri aradan qaldırmayıblar. Bundan əlavə, Ronaldo turnirin qrup mərhələsində "Real"da çıxış etdiyindən Karlo Ançelotti braziliyalının xidmətindən məhrum idi.
Matçdan əvvəl "Milan"ın baş məşqçisi yaponiyalı Sunsuke Nakamuranı rəqibin ən təhlükəli oyunçusu adlandırmışdı. Və 9-cu dəqiqədə Nakamura italiyalı mütəxəssisin nəyə görə belə dediyini göstərdi. Yarımmüdafiəçi sağ cinahda təyin olunan cərimə zərbəsini yerinə yetirdi və top düz Venneqoor of Hesselinkə tərəf getdi. Lakin niderladlı forvard hadisələrin belə gedişini gözləmədiyindən qonaqların qapıçısı Æelko Kalaçın topa sahib çıxmasına mane olmadı. Bununla belə holland forvard "Milan"ın heyətində Çempionlar Liqasında 100-cü matçını keçirən kapitan Paolo Maldinini tez-tez narahat edirdi. Artıq 10-cu dəqiqədə mərkəz hücumçusunu yerə sərən veteran müdafiəçi sarı vərəqə ilə cəzalandırıldı. Ayden Makqedidən ötürmə alan Kenni Milner yerdən zərbə ilə Kalaçın sayıqlığını yoxladı. Zədəli Klarens Seedorfu əvəz edən Yohan Qurkuff Andrea Pirlonun asmasından sonra topa çatdı, amma zəif zərbə ilə "mərmi"ni Borusun əllərinə göndərdi. Milanlılar 26-cı dəqiqədə hesabı açmalı idilər. Kaka Cilardinonu zərbə mövqeyinə çıxardı. Hücumçu başını qaldıraraq sağ ayağı ilə topu uzaq küncə göndərmək istədi. Ancaq Borusun fantastik reaksiyasından sonra top dirəyə dəyərək, meydanı tərk etdi. "Qırmızı-qaralar" ərazi üstünlüyünü ələ keçirmişdilər. Massimo Abmrozini ilə Cilardinonun cərimə meydançasının kənarından vurduğu zərbələr dəqiq olmadı. Hissənin sonlarına yaxın Nakamura yenidən cərimə zərbəsi ilə Kalaçı narahat etdi. Lakin Avstraliya millisinin qolkiperi özünü itirmədi.
Fasilədən sonra meydan sahibləri daha fəal idilər. Lakin "rossonerilər"in hücumları daha təhlükəli alınırdı. 52-ci dəqiqədə "Reyncers"in keçmiş oyunçusu Cennaro Qattuzonun zərbəsi dirəyin yanından keçdi. Meydanın əks tərəfindən "Seltik"in sol cinah müdafiəçisi Li Neylor fərqlənə bilərdi. Amma onun zərbəsində azacıq dəqiqlik çatmadı. Matçın sonuna yarım saat qalmış Qordon Straçan forvard Milneri yarımmüdafiəçi Yaroşiklə əvəz etdi. Amma bu, demək olar ki, oyunun gedişini dəyişdirmədi. Qonaqlar əvvəlkitək qol vurmaq ümidi ilə hücumlarını davam etdirirdilər. Ancaq hakimin final fitinə qədər hesab açılmadı. Beləliklə, "Milan" cavab qarşılaşmasına fovarit qismində çıxacaq.
Qordon Straçan ("Seltik"in baş məşqçisi): "İntriqa hələ ki ölməyib. Buna görə də oyunçularıma minnətdarlığımı bildirirəm. Səfərdə vurulan bir qolun bizə əla şans verəcəyini bilirəm. Əgər özümüzə inansaq, yolumuza davam edə biləcəyik. Bu oyundan yaxşı dərs aldıq. Axı komandamız gəncdir. Bizim təcrübəmizlə "Milan"ın təcrübəsini müqayisə edəndə "Seltik"in çıxışından razı qalıram".
Karlo Ançelotti ("Milan"ın baş məşqçisi): "Zənnimcə, bu matçdan sonra növbəti mərhələyə çıxmaq şanslarımız yüksəldi. Öz meydanımızda qalib gəlməliyik. Amma "Seltik" səfərdə qol vurmağı bacarır və əminəm ki, vuracaq da. Oyunumuzdan razıyam. Şotlandlar standart vəziyyətlərdə çox təhlükəli olurlar. Bu matçda xüsusən də yarımmüdafiə xəttimiz çox yaxşı oynadı".
Səfərəli