"Matrosvari" MİLLİMİZ
"İşlərin bəlası icraçıların acizliyidir".
İmam Əli (ə)
0:20... Nədənsə bunu unuda bilmirəm də...
Bu kabus taleyimizə yazılıb. Erməniləri deyirəm. Hara getsək, hara boylansaq, mütləq isti aşımıza soyuq su qatmalıdılar. Əlbəttə ki, isti aşımız varsa. Sentyabrda əsas millimizin düşmənlərimizlə iki görüşünün taleyini hələ həll etməmiş bu dəfə qızlarımız eyni problemlə üz-üzə qaldılar. Özü də kişilərdən fərqli olaraq, zərif cins nümayəndələrimiz ermənilərlə yalnız bir dəfə görüşməlidirlər. Əvvəlcədən qrup mərhələsinin Bakıda keçirilməsi nəzərdə tutulsa da, püşkatmadan sonra bunun mümkünsüzlüyü aydın oldu. İndi Azərbaycan komandası da səfərə yollanmalıdı. "Niyə son zamanlar ermənilərlə tez-tez eyni qrupa düşürük" sualı bir qədər yersizdir. Əlbəttə ki, püşkün kortəbiiliyi işini görür. Ancaq bunun qarşısını almaq üçün ən etibarlı üsul qonşularımızla eyni səbətdə yer almağımızdı ki, bunu da hələlik bacara bilmirik. Başqalarını deyə bilmərəm, amma püşkün bu seçimi məni çox pərt etdi. Gənc qızlarımızın həqiqətən də ermənilərlə başabaş mübarizə aparacaqlarına inam çox azdır. Bəlkə də "sıfıra" bərabərdi. Yəqin ki, daha danimarkalılarla görüşdə olduğu kimi 0:20 hesabı qeydə alınmayacaq. Hər halda buna ümidliyik. Ancaq istənilən halda həyəcan üçün kifayət qədər əsas var. Əvvəla, etiraf etməliyik ki, qadınlarla peşəkar səviyyədə çalışa biləcək bir mütəxəssisimiz yoxdur. Ömrü boyu kişiləri çalışdıran bir məşqçinin sonradan yönümünü dəyişməsi çətin ki, müsbət nəticə versin. Bu daha çox bolşeviklərin inqilabdan sonra bank rəhbərliyini matrosa həvalə etmələrinə bənzəyir. Amma bu hələ bir yana, naşı səviyyəsində görülən işlərdə də bir nizam yoxdur. Yəqin ki, Boris Tibilovun Bakıda keçirilən rəsmi turnir zamanı ilk məğlubiyyətdən sonra baş məşqçi postundan fərariliyini xatırlayırsız. Belə hadisə dünyanın hansı ölkəsində təkrarlana bilər? Məşqçi gəlir, yetirmələri uduzur, məşqçi gedir və...bir daha geri dönmür. İzahsız, filansız. İndi də qızları ermənilərin qarşısına Şamil Heydərov çıxaracaq. Maraqlı seçimdi, nə deyəsən. Qətiyyən ağsaqqal çalışdırıcının da Tibilov kimi ilk məğlubiyyətdən sonra qaçacağını demək istəmirəm. Allah uzaq etsin! Ancaq elə bu təyinat da "matrosvari" təyinatlardan biridi. Belə təyinat varsa, onda elə nəticə də "matrosvari" olacaq, komanda da ona uyğun. Ancaq prinsip də gün kimi aydındı: milli olmalıdı, pis-yaxşı bir təhər ordan-burdan 11 nəfər toplamışıq. Komanda varsa, məşqçisi də olmalıdı. Kim? Nə fərqi var, kim. Onsuz da bir nəticə hasil olmayacaq. Kim var siyahıda, bekar və ən əsası - rəhbər strukturlara loyal? Seçim məhduddu, amma axtaran tapar. Tapdılar...0:20...Unuda bilmirəm də bunu, qardaş. Zarafat deyil axı! Əşi, təki bu xatirə betəri ilə yenilənməsin...0:20...Unudammıram da!
P.S. Tibilovun millini qoyub qaçmağını hamı qınadı. Elə mən də. Amma niyə belə etdiyini anlamadım. Məğlubiyyətə görə də adam komandadan gedər? Özü də Azərbaycan komandasından! Nə vaxt udmuşduq ki? Bəlkə elə indi də başını aşağı salıb işini görürdü, məvacibini də alırdı.
P.P.S. Bu idman növündə kişilər bir şey əldə edə bilmirlər. Halbuki 1 əsirdi top qovurlar. Görəsən, qızlar hansı nəticəyə ümidlidi?