
Azərbaycan - Sankt-Peterburq 2:1
5 yanvar. Sankt-Peterburq. Peterburqski İdman-Konsert Kompleksi
Hakimlər: Oleq Zlıqostyev, İqor Suxaryonok, Andrey Runov, İlya Qrişin (hamısı Rusiya)
Hakim-inspektor: Viktor Lebedev (Rusiya)
Sarı vərəqə: S.Yusifov 69, A.Abbasov 90 // İ.Terentyev 87
Qollar: S.Yusifov 45-pen, R.Nəsirli 62 // V.Yefimov 70
AZƏRBAYCAN: 12.Rəşad Əzizov, 2.Tural Hümbətov, 3.Azər Abbasov, 4.Elnur İsmayılov (17.Şamil Camaləddinov 68), 5.Samir Yusifov (k), 6.Fuad Bayramov, 7.Namiq Ələsgərov (20.Tural Məmmədli 90+1), 8.Ruslan Bədəlov (13.Samir Məsimov 75), 9.Məqsəd İsayev (16.Ruslan Nəsirli 56), 11.Orxan Əliyev (10.Elşən Abdullayev 82), 19.Azər Salahlı.
Ehtiyat oyunçular: 1.Emil Balayev, 18.Əli Əliyev.
Baş məşqçi: Vəli Qasımov
SANKT-PETERBURQ: 1.Anton Svetkov, 2.İvan Terentyev, 4.Dmitri Çistyakov (3.Vasili Pinçuk 80), 5.İlya Kriçmar, 13.Aleksandr Tundenkov, 6.Vitali İvanov (15.Sergey Mixaylov 68), 7.İqor Yelin (17.Artak Zaxaryan 79), 8.Pavel Lısenkov (12.Yevgeni Nedoluqa 68), 9.Pavel Kiriyenko, 10.Dmitri Kartaşov, 11.Vladislav Yefimov.
Ehtiyat oyunçular: 16.Ruslan Peletski, 14.Artyom Drojjin, 18.Nikita Smirnov.
Baş məşqçi: Vladimir Kazaçenok.
Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə II turun görüşləri keçirilib. B qrupunda yer alan 19 yaşadək futbolçulardan ibarət milli komandamız Sankt-Peterburq yığması ilə qarşılaşıb. İlk oyununda Finlandiyadan 0:7 hesablı məğlubiyyət alan komandamız qrup mərhələsini qələbə ilə başa vurmağı bacarıb. İlk yarının son dəqiqələrində Samir Yusiflinin penaltidən vurduğu qolla komandamız fasiləyə üstün yollanıb. Millimiz ikinci hissəyə də qolla başlayıb. Bu dəfə Ruslan Nəsirli fərqlənib. Ruslar bu qollardan birinin əvəzini çıxsalar da, məğlubiyyətdən yaxa qurtara bilməyiblər. Komandamız turnirə Emil Balayev, Orxan Əliyev, Ruslan Nəsirli, Samir Yusifov, Şamil Cəmalləddinov (hamısı - "Sumqayıt Şəhər"), Murad Musayev ("Qəbələ"), Rəşad Əzizov, Tural Məmmədli, Məqsəd İsayev, Elşən Abdullayev (hamısı - "Neftçi"), Fuad Bayramov, Azər Salahlı (hər ikisi - "İnter"), Azər Abbasov, Tural Hümbətov (hər ikisi - "Zenit", Rusiya), Əli Əliyev ("Zirka", Ukrayna), Tofiq Şəfiyev ("Sport Akademiya", Rusiya), Elnur İsmayılov ("Daçiya", Moldova), Ruslan Bədəlov ("Volqoqrad", Rusiya), Namiq Ələsgərov ("Bakı") və Samir Məsimov ("Lokomotiv", Moskva, Rusiya) ilə yollanıb. Komandamızın baş məşqçisi Vəli Qasımov həmkarlarını Rusiyada reklam edib. 44 yaşlı çalışdırıcı Sankt-Peterburqda azərbaycanlı məşqçiləri tərifləyib. Hər şey Qasımovun 2:1 hesabı ilə qalib gəldiyi Sankt-Peterburq yığmasının baş məşqçisi Vladimir Kazaçenoka verilən sualdan sonra başlayıb. Belə ki, rus həmkarımız həmin çalışdırıcıdan bu şəhərdəki futbol məktəbinin hollandlara verilməyindən sonra nəticənin olub-olmamağını soruşub. Kazaneçok bu suala, bir sözlə - "görünür" deyə, cavab verib. Ruslar "Zenit"in strukturunda işləyən bir şəxsdən başqa cavabın gözləməyin çətin olduğunu qeyd etməklə yanaşı, Qasımovun fikirlərinə yer verib: "Azərbaycanlı məşqçiləri dəvət edərdilər. Onda Rusiya futbolunda inkişaf dəqiq müşahidə olunardı". Rus həmkarlarımız Qasımovun zarafat etdiyini qeyd etsə də, hər halda, bunu yığmamızın çalışdırıcısının ürəkdən deyilən sözlər kimi qəbul etmək lazımdır: "Futbolçularımız cox əziyyət çəkdilər. Qol imkanımız çox olsa da, meydanda iki bərabər səviyyəli komanda vardı. Açıq oyun getdi. Rəqib qapısına zərbə endirmək üçün daha çox şansımız oldu. Fasilədən sonra futbolçulara xüsusi olaraq dedim ki, rəqibin qapısına tez-tez zərbə endirsinlər. Mən qələbəyə görə, futbolçularımı təbrik edirəm. Dalbadal iki gün oyun keçirmək çox ağırdı. İkinci hissədə bizim oyunçular bir qədər yoruldular. Buna görə ötən dəfə oynamış bəzi futbolçuları əvəzlədim. Süni meydançada oynamaq bizim üçün çox da çətin deyil. Çünki Azərbaycanda komandalarının bəziləri belə meydançalarda oynayır və məşq edir. Bizim komandada təkcə Azərbaycanda deyil, Ukrayna, Rusiya və Moldovada çıxış edən futbolçular da oynayır. Biz gənc futbolçularımıza yaxşı klublarda oynamağa yardım etməyə çalışırıq. Azərbaycan futbolunun səviyyəsi yüksək olmadığı üçün biz onları daha yaxşı çempionatlarda görmək istəyirik. Əlbəttə, bununla yanaşı, həmçinin MDB ölkələrində gənc futbolçular axtarırıq. Finlərə 0:7 hesabı məğlubiyyətdən sonra komandanın üzvləri ilə söhbətim oldu. Söhbətimiz yaxşı yox, daha çox sərt məcrada keçdi. Əgər bu gün qələbə qazanmışıqsa, deməli, bunun təsiri olub. Bu oyunda müsbət odur ki, iki qol vurduq. Bir qol buraxmağımız isə mənfu haldır". Vladimir Kazaçenok: "Əsl mübarizənin şahidi olduq. Təəssüf ki, komandalar bərabər səviyyədə deyildi. Elə alındı ki, daha çox səhvə yol verdik. Bizim 12 bərabər səviyyəli futbolçumuz var, ehtiyatda oturanlar isə onlara uduzur. Bununla belə, mən futbolçularımdan razıyam. Oyun ərzində eyni səviyyədə oynaya bilmədik. Gah yaxşı, gah da pis oynadıq. Amma bəzi məqamlarda həddindən artıq pis təsir bağışladıq. Oyunun xarakteri elə idi ki, daha çox səhvə yol verən məğlub olmalıydı. Biz rəqibmizlə müqayisədə 1 dəfə artıq səhv etdik. Ən böyük çatışmazlığımız tez-tez top itkisinə yol verməyimiz idi. Mən müxtəlif səviyyəli Finlandiya komandası görmüşəm. Onların hamısını yaxşı hazırlıq və meydandakı güclü nizam-intizam birləşdirib. Bu cür keyfiyyətlər nə bizdə, nə də bizim bugünkü rəqiblərimizdə var. Həmin oyunda yuxarıda qeyd etdiklərimlə yanaşı, hakimin ciddi səhvini də vurğulamalıyam. Azərbaycanlı futbolçu meydandan qovulmamalıydı. Belə oyunlara daha yüksək səviyyəli hakimlər dəvət etmək lazımdır".
D qrupu: Turkiyə - Latviya 7:0
S qrupu: Ukrayna - Yunanıstan 5:1
A qrupu: Belarus - Litva 1:0
Dünən iştirakçılar istirahət edib, bu gün isə aşağıdakı cütlər üz-üzə gələcək: Türkiyə - Çexiya (12:00), İtaliya - Yunanıstan (14:15). Finlandiya - Sankt-Peterburq (16:30). Rusiya - Belarus (19:00).