
Millimizin sabiq futbolçusu Vaqif Cavadov çıxış etdiyi Rusiya "Volqa"sından ayrılıb. 23 yaşlı hücumçu Türkiyəyə yollanan Nijni-Novqorod təmsilçisinin düşərgəsində deyil. Komandası Antalyada hazırlıq keçdiyi vaxtda Cavadov hazırda Bakıdadır. O, bir neçə yerli klubla danışıq aparır. Bunlardan biri hələ ötən yay Toni Adamsın rəhbərlik etdiyi vaxt Vaqiflə maraqlanan "Qəbələ"dir. "Volqa"nın baş məşqçisi Dmitri Çerışev bu yaxınlarda verdiyi açıqlamada cinah yarımmüdafiəçiləri axtardıqlarını bildirmişdi. Onun Cavadovu sol cinah yarımmüdafiəçisi kimi oynatdığını nəzərə alsaq, mövqeyinə başqa oyunçunun axtarıldığını söyləmək olar. Bu isə o deməkdir ki, Vaqifə özünə yeni klub tapmaq tövsiyə olunub.
Klubun mətbuat xidmətinin rəhbəri Sergey Kozunovun sözlərinə görə, 23 yaşlı hücumçu ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Rəsmi qərar yaxın vaxtlarda açıqlanacaq. Lakin Kozunov bu qərarın nədən qaynaqlandığını açıqlamayıb: "Səbəbini baş məşqçimiz Dmitri Çerışev və futbolçunun özündən soruşsaz, yaxşı olar. Yəqin ki, Çerışev Cavadovla bu barədə söhbət aparıb. Hər halda Vaqif hazırda Türkiyədə təlim-məşq toplantısında olan komandamızla birgə deyil". Cavadov "Volqa"ya 2011-ci ilin yayında transfer olunub. Ötən yay məhz Çerışevin vaxtında transfer edilən Cavadov klubla müqaviləsini qarşılıqlı razılıqla pozub. Hazırda Nijni-Novqorod komandası 16 komandadan ibarət Rusiya Premyer Liqasında 14-cü yeri tutur. Ötən il oktyabrın 19-da isə Cavadov Azərbaycan milli komandasından da 1 il müddətinə kənarlaşdırılıb. Səbəb kimi onun Avstriya ilə oktyabrın 7-də keçirilmiş 2012-ci il Avropa çempionatının seçmə qrup matçından sonra millimizin düşərgəsini özbaşına tərk etməsi göstərilib. Həmin qərarda bildirilir ki, Cavadov Azərbaycan Premyer Liqasında çıxış edəcəyi təqdirdə, AFFA-nın İntizam qaydalarına uyğun olaraq, 5 təqvim oyununu buraxacaq, klub isə 5000 manat cərimə olunacaq. "Volqa"nın baş məşqçisi Dmitri Çerışev yarım il rəhbərliyi altında oynadığı azərbaycanlı futbolçu haqda danışmaq istəmir. Hər halda, hər bir komandada heyəti məhz baş məşqçi müəyyənləşdirir. Üstəlik, Çerışev yaxın günlərdə cinah yarımmüdafiəçilərinə ehtiyaclarının olmağı ilə bağlı açıqlama vermişdi ki, bu da yarımmüdafiənin sol cinahında oynatdığı Vaqifin əvəzinə futbolçu axtarmaları demək idi: "Gəlin, bu məsələ haqda danışmayaq. Vaqiflə hansı səbəbdən yollarımızı ayırdığımızı demək istəmirəm. İndi bu haqda danışmağa ehtiyac görmürəm".
Vaqif Bakıya görüşmələr üçün gəlib. Onun "Qəbələ" ilə də danışıqlar apardığı deyilsə də, "Qəbələ"nin baş meneceri Zaur Əzizov bunun doğru olmadığını söyləyib: "Biz Vaqif Cavadovla danışıq aparmırıq. Onun adı heç transfer siyahımızda yoxdur. Qış fasiləsində 1 transfer etmişik ki, bu da fransalı Yannik Kamanandır. Bizə Serje Cehuanın gedişindən sonra hücumçu lazım idi. Onu da Kamananı transfer etməklə reallaşdırdıq. Bu mənada bizim hücumçuya ehtiyacımız yoxdur". Ancaq onu da nəzərə alaq ki, Vaqif yarımmüdafiənin sol cinahında da oynaya bilər. Üstəlik, "Qəbələ"nin türkiyəli baş məşqçisi Fatih Kavlak "Qarabağ"da işlədiyi zamanı Cavadovla birgə çalışdığından, onun xidmətində maraqlı ola bilər. Ancaq baş menecer Kavlakın bu futbolçunun transferi ilə bağlı onlara müraciət etmədiyini söyləyib: "Komandamızda yarımmüdafiənin sol cinahında Dodo oynayır. Braziliyalı legioner cari mövsümdə bombardirimizdir. Ola bilər ki, Kavlakla sərbəst olan yerli futbolçuların transferi ilə bağlı danışdım. Bizə hansı mövqeyə futbolçu lazım olacaqsa, buna baş məşqçimiz qərar verəcək".