
Bu gün ölkəmizdə növbəti beynəlxalq turnirin startı veriləcək. V Bakı Beynəlxalq Futzal Turnirinin oyunları ardıcıl 3 gün keçiriləcək. Bakı İdman Sarayında baş tutacaq turnir milli komandamızın məsul oyunlar öncəsi son sınağı olacaq. Belə ki, braziliyalı Joze Alesio Da Silvanın baş məşqçisi olduğu yığmamız bu ayın 31-də Xorvatiyada başlayacaq Avropa çempionatının final mərhələsində iştirak edəcək. Orada ilk sınağımız fevralın 1-də qrupumuzun favoriti olan Portuqaliya yığması ilədir. Bundan 2 gün sonra isə Serbiya ilə oyunumuz həlledici olacaq. Belə ki, 1/4 finala çıxmaq üçün qrupda ilk 2 yeri tutmaq lazımdır. Millimizin adətən qalib olduğu Bakı turnirində təkcə nəticə qazanmaq yox, oyunçuları final mərhələsi öncəsi iş başında görmək vacib olacaq. Özü də bu dəfə əsasən çempionatımızda oynayan futzalçıların xidmətindən istifadə edə biləcəyik. Azərbaycandan kənarda çıxış edən milli üzvlərindən əsas qapıçımız Andrey Tveryakin Xorvatiyada bizə yardımçı olacaqsa, Biro Jade zədə üzündən cari mövsümdə meydana çıxa bilməyəcək. Onun Ukraynanın "Uraqan" klubunda birgə oynadığı Serjao gələn ayın əvvəlində Xorvatiyada keçiriləcək Avropa çempionatının final mərhələsində yığmamıza kömək edəcək. Əvəzində vətənində oynayan milliləşdirilən braziliyalı Alves De Souza Ediqleuson 2 illik fasilədən sonra yığmamıza qayıdıb. O, zədə üzündən 2010-cu ildə AÇ-nin final mərhələsində bizə kömək edə bilməmişdi.
Yığmanın kapitanı olmasına baxmayaraq, diqqət uzun müddətdir əsas heyətdə yer almayan Marat Salyanskiyə yönəlib. O, oyun təcrübəsinin azlığı baxımından müəyyən çətinliyin olacağını istisna etməyib: "Andrey Tveryankin Rusiya klubu ilə müqavilə bağladığı üçün Bakıdakı turnirə qatıla bilməyəcək. Ona görə də yığmanın qapısını Elnur Zamanovla mən qoruyacam. Kimin əsas heyətdə meydana çıxacağı hələ bilinmir. Çünki baş məşqçi hər zaman oyuna 30-40 dəqiqə qalmış heyəti açıqlayır. Ancaq şans verilsə, bundan maksimum yararlanmağa çalışacam. Oyun praktikası baxımından müəyyən problemlər var. Məşq başqa, oyun başqa. Futzalçı oyunda inkişaf edir, açılır. Son 1-2 ildə demək olar, oynamamışam. Bu, AÇ-2012 öncəsi son ciddi şansımızdır. Kim özünü yaxşı tərəfdən göstərsə, o da Xorvatiyaya yollanacaq. Bilmək olmaz, bəlkə qitə birinciliyində qapını mən qorudum. Baş məşqçi 5-6 futzalçını oynadır. Onların da oyunu alınır. Avropa çempionatında, UEFA kubokunda qazanılan nəticələr ortadadır. Qalib heyəti dəyişməzlər". Qapıçı millinin turnirdəki şansını da dəyərləndirib. O, əsas mübarizənin Ukrayna və Azərbaycan arasında gedəcəyini deyib: "Hamısı ilə oynamışıq. Özbəkistanla hətta onların meydanında da qarşılaşmışıq. Səviyyələri qalxıb. Braziliyalı baş məşqçi gətiriblər və irəliləyiş göz qabağındadır. Türkiyə isə hər gün artırır. Onlar yaxın vaxtlarda Avropa çempionatında sözünü deyəcəklər. Ukrayna isə dünyanın ən güclülərindən hesab edilir. Hamının şansları bərabər olsa da, fikrimcə, əsas mübarizə Ukrayna və Azərbaycan yığmaları arasında gedəcək".
Rəqiblərimizə gəlincə, onlardan Ukraynanın bizə daha çox tanış olduğunu desək, yanılmarıq. Axı çox görüşdüyümüz bu rəqib elə yaxında da Bakıya gəlmişdi. Bu, ötən ay paytaxtımızda keçirilən dünya çempionatının seçmə mərhələ oyunları zamanı idi. Onda məhz Ukrayna və Azərbaycan qrupda ilk 2 yeri tutaraq, pley-off mərhələsinə vəsiqə qazandı. Qrupun son oyununda ukraynalılara 4:2 hesabı ilə qalib gəlsək də, rəqib topların daha yaxşı fərqinə görə 1-ci, biz isə 2-ci olduq. Ukraynalılarla 2 il öncə Macarıstanda 4-cü olduğumuz Avropa çempionatının final mərhələsinin oyunları zamanı isə yolumuz 1/4 finalda kəsişmişdi. Onda matç sonrası penaltilər seriyası ilə qalib gələn millimiz yarımfinala çıxaraq, orada məhz Portuqaliyaya yenildi. Bu dəfə məhz Ukrayna ilə görüşümüzün nəticəsi Bakı turnirində yenə qalib gəlmək şansımıza aydınlıq gətirəcək. Turnirdə iştirak edəcək komandaların heyətləri açıqlanıb. Millimizin iştirak ərizəsində 13 futzalçı yer alıbsa, Türkiyə 14, Özbəkistanla Ukrayna 15 oyunçu ilə gəlir.
Azərbaycan: Marat Salyanski, Rizvan Fərzəliyev, Felipe Ribeyro dos Santos, Vitali Borisov, Elnur Zamanov, Rəcəb Fərəczadə, Rüfət Balakişiyev, Jadder Dantas, Mikel Lukas Serjio, Tyaqo Qabriel Rodriqes, İlkin Hacıyev, Namiq Məmmədkərimov, Alves De Souza Ediqleuson.
Baş məşqçi: Joze Alesio da Silva.
Türkiyə: Cem Keskin, Hüseyin Yıldız, Kahan Özcan, Mahmut Akbaş, Cihan Özcan, Yener Kılıç, Hüseyin Ateş, Altan Aksoy, Sami Büyüktopaç, Kenan Köseoğlu, Şaban Maral, Mustafa Huyuk, Yasin Erdal, Burak İşıkay.
Baş məşqçi: Ömer Kaner.
Ukrayna: Dmitro Litvinenko, Kirilo Tsipun, Dmitro Sorokin, Sergiy Zhurba, Mixaylo Romanov, Yevgen Roqaçov, Valeri Zamyatin, Maksim Pavlenko, Vitali Kiselyov, Stepan Struk, Dmitri Fyodorçenko, Artyom Ros, Mixaylo Volianyuk, Taras Kuz, Dmitri Kameko.
Baş məşqçi: Gennadi Lisençuk.
Özbəkistan: Rustəm Umarov, Nikolay Kravçenko, Nodır Elibayev, Dolşod İrsalıyev, Camaləddin Şaripov, Şöhrət Tojiboyev, Xurşid Tajıbayev, Konstantin Sviridov, Fərhad Abdumavlyanov, Dolşod Rahmatov, Maqsud Fayzullayev, Artur Yunusov, Ümid Holmatov, Oleq Holmuhammedov, Fəxrəddin Sameqov.
Baş məşqçi: Joze Maria Pazos Mendez.
14 yanvar
17:15. Ukrayna - Türkiyə
19:15. Azərbaycan - Özbəkistan
15 yanvar
17:15. Türkiyə - Azərbaycan
19:15. Ukrayna - Azərbaycan
16 yanvar
13:00. Özbəkistan - Ukrayna
15:00. Türkiyə - Azərbaycan
Azərbaycan - Özbəkistan qarşılaşması affatv.az saytında canlı yayımlanacaq. Görüşün fasiləsində Azərbaycan Prezidenti İlham Əliyevin Ağsu şəhər stadionu, Qəbələ şəhər stadionu və "Bakı"nın bazasının açılış mərasimində iştirakını əks etdirən videomaterial nümayiş olunacaq. Bundan başqa, videoçarxda Bakı Sərgi Mərkəzində keçirilmiş "BakuTel-2011" XVII Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransında FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin stendi, onlayn bilet satışı sistemi ilə tanış olması və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 17 yaşlı qadınlar arasında futbol üzrə dünya çempionatının start sayğacını işə salması da əks olunub.