
Artıq millimizin bu il üçün hələ ki 3 sparrinqi dəqiqləşib. Berti Foqtsun komandası əvvəlcə Dubaydakı təlim-məşq toplanışı çərçivəsində fevralın 29-da Fələstinlə yoldaşlıq görüşü keçirəcək. Tarixində ilk dəfə Fələstinlə görüşəcək komandamızın rəqibi ilk rəsmi matçı 59 il əvvələ təsadüf edir. 1953-cü ildən beynəlxalq arenaya çıxan asiyalılar 59 il ərzində həm dünya, həm də qitədə ən zəiflər arasında olub. Bunun nəticəsidir ki, Fələstin millisi hazırda FİFA reytinqində 158-ci pillədə qərarlaşıb. Tarixi ərzində 115-ci yerdən yüksəyə qalxa bilməyən ərəblərin 191-ci pilləyə qədər yuvarlandığı vaxt da olub. Cəmi 3 ay əvvəl İrana 0:7 hesabı ilə uduzan fələstinlilər tarixinin ilk oyununu da belə uduzmuşdu. Həmin vaxt Misir futbolçuları 8:1 hesabına sevinmişdi. Azərbaycan yığmasından fərqli 0:10, 0:8 uduzmayan rəqibimizin bəxti onda gətirib ki, Avropa nəhəngləri ilə üz-üzə gəlmir. Məhz bunun nəticəsidir ki, Quam adaları kimi zəif rəqiblə oynamaq imkanı əldə edən Fələstin hətta 11:0-a da sevinib. 4 dəfə dünya, eyni sayda Asiya çempionatının seçmə mərhələsinə qatılan rəqibimiz heç vaxt bu səddi adlaya bilməyib. Bundan başqa Ərəb Oyunları, Qərbi Asiya çempionatı, Çelenc kuboku yarışlarında da iştirak edən Fələstinin cəmi 1 uğuru var. Bu da 1999-cu ildə Ərəb oyunlarında qazanılan bürünc medallardır. 2 aydır ki, iordaniyalı Camal Mahmudun çalışdırdığı heyətdə əsasən yerli klubların futbolçuları çıxış edir. İran, Misir və Səudiyyə Ərəbistanının hərəsində cəmi 1 legioneri var.
Belarus bu il keçirəcəyi bütün yoldaşlıq görüşlərini müəyyənləşdirib. Georgi Kondratyevin baş məşqçisi olduğu yığma yayda həm Azərbaycan, həm də Ermənistanla qüvvəsini sınayacaq. Millimizi iyunun 5-də Minskdə qəbul edəcək belaruslular avqustun 15-də İrəvanda bədnam qonşularımızla görüşə çıxacaq. Bunlar FİFA-nın təqvimində nəzərdə tutulan, növbəti seçmə mərhələ öncəsi son sınaq oyunlarıdı. "Ağ ruslar" fevralın 28-də Moldova ilə üz-üzə gələcək. Türkiyənin Antalya şəhərində. Rəqib kimi postsovet məkanı təmsilçilərini seçən belaruslular öz meydanında yalnız bizimlə oynayacaq. Azərbaycan adıçəkilən rəqiblərlə seçmə mərhələdə görüşməyib. Ərəblər Asiya Futbol Konfederasiyasının üzvüdüsə, belaruslular bizim kimi UEFA bayrağı altında keçirilən yarışda iştirak edir. Sadəcə, onunla 1994-cü ildən bu yana nə dünya, nə də Avropa seçmə mərhələsində bir qrupa düşmüşük. Ancaq buna baxmayaraq, Belarus millimizin 20 illik tarixində rəqibi olub. Həmin yeganə oyun də Belarusda yoldaşlıq görüşü çərçivəsində idi. Söhbət 1996-cı ilin mayın 27-də Molodeçno şəhərində 2:2 hesabı ilə nəticələnən matçdan gedir. Onda yığmamızı Kazbek Tuayev, rəqibi Sergey Borovski çalışdırırdı.
Göründüyü kimi, millimiz 16 il sonra yenə eyni ölkədə, sadəcə, bu dəfə fərqli şəhərdə meydana çıxacaq. Belarus komandası ev oyunlarını Minskdə 34020 azarkeş tutumu olan "Dinamo" stadionunda keçirir. "Minsk"in rəqiblərini qəbul etdiyi həmin arenaya ötən ilin iyulunda AZAL ayaq basıb. Avroliqanın I təsnifat mərhələsinin cavab görüşündə. 2:1 hesabı ilə qalib gələn minsklilər komandamızı mübarizədən kənarlaşırdı. Belarus FİFA-nın reytinqində bizi xeyli qabaqlayır. Cari ilin ilk reytinqdə 65-ci pillədə qərarlaşıblarsa, yığmamız 111-ci yerdə gedir. Halbuki onlar 2011-ci ilin fevralında 36-cı pilləyə kimi yüksələ biliblər. Ümumiyyətlə, bu ölkənin futbol federasiyasının yaranmağı, FİFA və UEFA-ya üzvlüyü də bizdən qabaqda olub. Belə ki, Belarus Futbol Federasiyasının (BFF) əsası 1989-cu ilin dekabrın 22-də qoyulubsa, AFFA-nın yaranma tarixi 1992-ci ilin martın 26-dır. AFFA 1994-cü ildən FİFA və UEFA-nın üzvü olduqdan sonra millimiz seçmə mərhələlərdə iştirak etməyə başladı. Belarus yığması da həmin vaxtdan rəsmi oyunlarda iştirak etsə də, BFF 1992-ci ildə FİFA-nın, 1 il sonra UEFA-nın üzvü olub. Seçmə mərhələlərdə çıxışdan söhbət gedirsə, taleyimiz demək olar oxşardı. Yəni hər ikimiz arxada qalan 18 ildə nəinki final mərhələsində, heç pley-off oyunlarının iştirakçısı olmayıb. Düzdü, millimizdən fərqli, bir dəfə buna çox yaxınlaşıblar. Belə ki, DÇ-2002-nin seçmə mərhələsinin son turunda Uelsə məğlubiyyəti britaniyalıları qrupda 2-ci, özlərini isə 3-cü edib. Əksər mövsümlərdə qrupda sonuncu, ondan əvvəlki pilləni tutan belaruslular tarixində 2 dəfə Hollandiya kimi güclü komandaya rəsmi oyunda qalib gəlməyi ilə öyünə bilər. Tarixində ən uğurlu çıxışı isə ötən seçmə mərhələyə təsadüf edib. 13 xalla qrupda 4-cü yer tutublar ki, burda əsas diqqəti çəkən məqam lider kimi final mərhələsinə çıxan Fransanın onlara qalib gələ bilməməsidi. Dünya və Avropa çempionundan 4 xal götürməyi bacarıblar. Komandaların elə startda - 2010-cu ulun sentyabrın 3-də Parisdə məşhur "Stad de Frans"da oyununun nəticəsi (1:0) Avropada əsl sensasiyaya səbəb olub. 86-cı dəqiqədə vurduqları qələbə topu ilə bütün Fransa susub. 2011-ci ilin iyunun 3-də Minskdə görüş isə 1:1 hesabı ilə yekunlaşıb. Ancaq belə üstünlükdən yararlana bilməyən Belarus digər qarşılaşmalarda lazımı nəticə qazana bilməməsinə üzülüb. Onlar yığmaya 2007-ci ilin iyulun 30-dan rəhbərlik edən almaniyalı Benrd Ştanqe ilə yolları ayırdı. Ötən ilin dekabrında isə yeni təyinat reallaşdı. 21 yaşlılardan ibarət yığmanı ötən il Avropa çempionatının bürünc mükafatını qazandıran Georgi Kondratyev əsas komandaya gətirildi. Minsk "Dinamo"sunda çıxışı ilə tanınan ötənlərin məşhur hücumçusu final mərhələsində U-21-mizlə bir qrupda mübarizə apararaq, həm Bakıda (3:2), həm də Minskdə (2:1) qalib gələrək, növbəti etapa çıxdı. Rəqibimizin kapitanı "Zenit"in ehtiyat qapıçısı Yuri Jevnov, ən çox oyun keçirəni isə 98 matçda meydana çıxan Aleksandr Kulçidi. Onun oyunlarından biri millimizlə yeganə görüşlərinə təsadüf edir. 39 yaşlı yarımmüdafiəçi hazırda da yığmaya çağırılırsa, 20 qolla bombardir olan Maksim Romaşenko daha dəvət almır. Yığmanın tarixində 5-ci bombardiri olan Valentin Belkeviç isə futbolçu karyerasını məhz ölkəmizdə bitirib. 2008/09 mövsümünün ilk yarısında "İnter"də çıxışından sonra vətəninə dönərək, yaşıl meydanda çıxışını başa vuran, hazırda Kiyev "Dinamo"sunda məşqçi çalışan 39 yaşlı veteran futbolçu 10 qol vurub. Ən məşhur sima isə 2 il əvvəl "Barselona"nın heyətində keçirdiyi 1 mövsümdə xeyli titullar qazanan, hazırda isə özünə klub tapmaqda çətinlik çəkən 31 yaşlı yarımmüdafiəçi Aleksandr Qlebdi.
Dünən millimizin yoldaşlıq oyunundakı daha bir rəqibi müəyyənləşib. Berti Foqtsun yetirmələri Andorra ilə qarşılaşacaq. Komandalar mayın 30-da, Almaniyanın Frankfurt şəhərində qarşılaşacaqlar. Tarixdə 3-cü dəfə görüşəcəklər. Millimiz indiyə kimi heç vaxt seçmə mərhələlərdə bir qrupda yer almadığı "cırtdan ölkə"sinin təmsilçisi ilə yalnız yoxlama oyunlarında üzləşib. İlk belə görüş 1998-ci ilin iyunun 24-də Tallində olub. Həmin vaxt Estoniya, Andorra, Litva milliləri ilə beynəlxalq turnirdə iştirak edən Vaqif Sadıqovun baş məşqçisi olduğu yığma indiki rəqibi ilə qolsuz bərabərliyə qalmışdı. Andorralılarla 2-ci oyunumuz də iyuna təsadüf etdi. Bu dəfə artıq yığmamızın baş məşqçisi postunda almaniyalı Berti Foqts idi. Andorra yığması ilə 2008-ci ilin iyunun 4-də yoldaşlıq görüşü həmin ölkənin paytaxtı Andorra-la-Vellada oldu. Yığmamız "Kommunal" stadionunda keçirilən matçda rəqibi 2:1 hesabı ilə məğlub etdi və bu, Foqtsun millimizdə ilk qələbəsi kimi tarixə düşdü. Komandamız artıq fasiləyə kimi oyunun taleyini həll etmişdi. Belə ki, milliləşdirilən futbolçularımız - 17-ci dəqiqədə braziliyalı yarımmüdafiəçi Fabio Luis Ramim, 43-cü dəqiqədə serbiyalı hücumçu Branimir Subaşiç rəqib qapısına yol tapdı. Meydan sahibləri Toni Limanın 52-ci dəqiqədə vurduğu qolla hesab arasındakı fərqi minimuma endirsə də, bundan artığına gücü çatmadı. Portuqaliyalı Duarte Pereyra Qomesin idarə etdiyi oyunda yeganə sarı vərəqə 45+2-ci dəqiqədə futbolçumuz Mahir Şükürova göstərilib.