Fazil Mürşüdov məşqçini CƏZALANDIRDI
AFFA Nizam-İntizam Komitəsinin (NİK) növbəti toplantısı keçirilib. İclasda təkcə elitanın yox, ümumilikdə birinci dəstədə yaşanan hadisələr də müzakirə predmetinə çevrilib. Komitə "Gənclərbirliyi" üzərindəki qələbəni "Simurq"un burnundan gətirib. Vitali Mazyarın 72-ci dəqiqədə vurduğu qola sevinən yerli azarkeşlər meydançaya kənar əşyalar atdığından, bu, klubu 1000 manat xərcə salıb. "Xəzər-Lənkəran" da eyni məbləğdə cərimələnib. Fərq bircə ondadır ki, komandaya ziyanı fanatlar deyil, futbolçular vurub. "Neftçi"ylə Bakıdakı görüşdə 5 sarı vərəqə alan cənublular cəzadan qaça bilməyib.
"Standard"ın baş məşqçisi Vladislav Qədirov da qara siyahı"ya adı düşənlər arasındadır. O, "ABN"lə Bərdədəki matçın gedişində etdiyi hərəkətin qurbanına çevrilib. Mənsur Məmmədovun 45+4-cü dəqiqədə fərqləndiyi epizodda qolun qaydalar çərçivəsindən kənar vurulduğunu iddia edən çalışdırıcı Fazil Mürşüdova "dişinin dibindən çıxanı" deyib. Nəticədə də qırmızı vərəqə alaraq texniki zonanı tribunaya dəyişib. Qədirov qarşıdakı 4 turda da komandaya buradan göstəriş verə bilməyəcək. Hakimin məşqçidən etiraz yazması "yeni bankirlər"i 400 manat "tərlədib". "Neftçi-2"nin 4 üzvü isə "Şahdağ"la görüşdə sarı vərəqə aldığından AFFA-ya 100 manat köçürməli olacaqlar. Rasim Hacıyev isə "Xəzər-Lənkəran-2"yə qarşı qəzəbini boğa bilməyib. Vaxtilə formasını geyindiyi komandasının qələbə qazanmasına dözməyən yarımmüdafiəçi hirsini hakimlərin üstünə töküb ki, bu da onun meydançadan qovulmasına gətirib çıxarıb. İki sarı vərəqə alan oyunçu növbəti 2 turu "məcburi istirahət"də keçirəcək. MOİK isə onun bağışlanması üçün AFFA-nın büdcəsinə 200 manat keçirməlidir. "Xocavənd" isə 400 manat cərimələnib. Birinci dəstənin debütantını xərcə salansa elə öz oyunçularıdır. Ramiz Ramazanov və Emil Rəhimli "Bakılı"yla matçdan sonra baş hakim Əli Əliyevi "söyüş yağmuru"na tutublar. Odur ki, NİK bu cütlüyü 2 oyunda meydançaya çıxmaq hüququndan məhrum edib. Hakimlərdən etiraz edən "Muğan"ın əli heç yerə çatmayıb. Məlumunuz olsun ki, Sabirabad təmsilçisi "Energetik"lə səfər matçının başa çatmasına imkan verməyib. Ofsayd olduğunu iddia edən qonaqlar qapısına üçüncü qol vurulandan sonra meydançanı tərk ediblər. Bu səbəbdən Nizam-İntizam Komitəsi "Muğan"a 0:3 hesablı texniki məğlubiyyət verib. Aranlılar federasiyanın xəzinəsinə cərimə ödəməklə bərabər, sonuncu xəbərdarlıqlarını alıblar. Əgər analoji hal təkrarlansa, klub birinci dəstədən çıxarılacaq.
Şahin